SON DƏQİQƏ
» » Heydər Əliyev-100: Dünya Azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Heydər Əliyev-100: Dünya Azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Tarix:

29-12-2023, 12:35

/ 7 154 dəfə oxundu.
Heydər Əliyev-100: Dünya  Azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Heydər Əliyev-100: Dünya  Azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində Ümummilli Liderin rolu

Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olmaq üzrədir. Dahi rəhbərin Vətən,  xalq və dövlət qarşısında xüsusi xidmətlərindən biri də Dünya azərbaycanlılarının həmrəylik və birlik gününün rəsmiləşdirməsi, daha doğrusu ona dövlət bayramı günü statusu qazandırması olmuşdur. 1989-cu ilin dekabrında  başlanan və 1990-cı ildən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilən Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə Heydər Əliyev əsl dövlət statusu qazandırdı.
Çünki Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına 1989-90-cı illərdə imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr  qara yaxmağa başlamışdılar. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu:
31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.
Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.
Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.
Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər.
Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.[1]
Beləliklə də, tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmış azərbaycanlıların əsl həmrəylik günü kimi 31 dekabr Günü təsis edildi.  
Umummilli lider Heydər Əliyev Azərbaycan respublikasının xarici siyasətinin əsas vəzifəsini belə müyyən etmişdir: ”Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı,səriştəli xarici siyasətin yürüdülməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Bunun üçün dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmalı və inkişaf etdirməliyik, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməliyik”.
Ulu öndər tərəfindən müəyyən edilmiş bu vəzifələrin və xarici siyasətimizin həyata keçirilməsində və milli maraqlarımızın dünya miqyasında təmin olnmasında xaricdə yaşayan azərbaycanlıların və diasporumuzun üzərinə də mühüm vəzifələr düşür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlətçilik fəaliyyətində diaspor işinə daim diqqət yetirmiş, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycan dövlətinin nüfuzunu yüksəltmiş, Azərbaycan xalqının şərəf və ləyaqətini qorumuş, azərbaycanlıları uca tutmağa, onların mənəvi və fiziki qabiliyyətlərini aşkara çıxarmağa, onlara inam və etimad göstərməyə çalışmış, başqalarını da buna təşviq etmişdir.Heydər Əliyev diaspor işini dövlət siyasətinin ən vacib sahələrindən biri olduğunu nəzərə alaraq demişdir:”Azərbaycan dövlətinin vəzifəsi bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərmək, onların həyatı ilə maraqlanmaq və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir”.(Bax:3, Azərbaycan diasporuna dövlət qayğısı. Heydər Əliyevin çıxışları. –Bakı, “Çaşıoğlu”,-203,301 s.). O, hakimiyyətdə olduğu dövrlərdə çox cəsarətlə və qürur hissləri ilə “Azərbaycan dövləti”, “Azərbaycan xalqı”, ”Azərbaycan milləti”, “Azərbaycan dili”,”Türk dünyasının birliyi”, “Bir millət-iki dövlət”,”İslam həmrəyliyi” və s. kimi fikir, ideya, söz və ifadələrini uca kürsülərdən söyləmişdir. Heydər Əliyev Azərbaycan xalqının qədim və qəhrəmanlıqlarla dolu tarixini, zəngin mədəniyyətini, ecazkar təbiətini, çox rəngarənk və ləzzətli mətbəxini, həzin,ürəkləri lərzəyə gətirən musiqisini, ədəbi-fəlsəfi fikirlərlə dolu olan ədəbiyyatını və.s dünyaya nümayiş etdirməyə çalışmışdır. Ulu öndər Dünya azərbaycanlılarının I qurultayında demişdir: ” Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaygan Respublikasının paytaxtı Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların bir çoxu uzun illərdən bəri Sovet İttifaqının tərkibində olan Azərbaycanı görməmiş və onların bəziləri Vətən, xalq, millət anlayışlarına yadırğamaqda idi. Soydaşlarımızın bir qismi yaşadıqları ölkədə kosmopolit insanın, yerli mədəniyyətin, dinin və dilin daşıyıcısına çevrilirdi və onlar öz ana dilində danışmağı belə unutmaqda idilər. Belə bir zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı.Ulu öndər azərbaycanlıların milli şüuruna yenidən işıq saçmaqla onların milli kimliyini, milli mənsubiyyətini, milli tarixi kökünü bir daha müzakirə mövzusu edərək və bu məsələlərdə diaspor işinə xüsusi önəm verərək, dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları doğma Vətənə - Azərbaycana topladı. Ulu öndər Heydər Əliyevin qurultaydakı çıxışında söylədiyi fikirlər soydaşlarımızın milli şüurunu və tarixi yaddaşını yenidən silkələdi, onların milli hisslərini coşdurdu və işıqlandırdı. Dünya azərbaycanlılarının birinci qurultayının belə geniş tərkibdə və miqyasda Bakıda keçirilməsi, orada möhtəşəm qərarların qəbul edilməsi yalnız və yalnız ümummilli lider Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin sayəsində mümkün ola və belə təntənəli və tarixi əhəmiyyət daşıya bilərdi. Yalnız və yalnız ulu öndər Heydər Əliyevin dünya şöhrəti, müdrikliyi, bacarığı, səriştəsi, dəmir məntiqli nitqi sayəsində müxtəlif ölkələrdə yaşayan və müxtəlif dünyagörüşə malik olan dünya azərbaycanlıları bir araya gəldilər və milli məqsədlər naminə yumruq kimi birləşmək qərana gəldilər. Dünya azərbaycanlılarının möhkəm milli birliyinin yaranması istiqamətində atılan addım kimi bu tarixi qurultayın çağırılması ümummilli lidir Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, tarixi, xalqı və dünya azərbaycanlıları qarşısında ən böyük xidmətlərindən biri idi.
Ümummilli lider Heydər Əliyev öz nitqində dünya azərbaycanlılarının yeganə dövləti olan Azərbaycan Respublikasını özlərinə doğma vətən kimi qəbul edərək Bakıya gəldiklərinə görə bütün nümayəndələrə təşəkkür etdi. O, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı müstəqil Azərbaycan Respublikasını göz bəbəyi kimi qorumağa, buranı dünya azərbaycanlılarının doğma Vətəni, özlərini isə bu Vətənin ayrılmaz bir hissəsi hesab etməyə, onun üçrəngli bayrağına, paytaxt Bakıya, Azərbaycanın gerbinə, Azərbaycan dilinə, latın qrafikalı Azərbaycan əlifbasına və s. kimi milli-mənəvi dəyərlərimizə hörmərlə yanaşmağa çağırdı. Məlumdur ki, həmin vaxta qədər dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimiz bir çox ümummilli əhəmiyyətli məsələlərdə mübahisələr edir, Azərbaycan dövlətinin rəsmi mövqeyi ilə razılaşmaq istəmirdilər.
Ulu öndər Heydər Əliyev bu və digər məsələlərin mahiyyəti ilə bağlı o qədər məzmunlu, elmi-fəlsəfi və siyasi cəhətdən dolğun və əsaslandırılmış tarixi tezislərlə çıxış etdi ki, qurultay iştirakçıları onun çıxışını dəfələrlə ayaq üstündə alqışlarla qarşıladılar. O, 1991-ci ildə Sovetlər İttifaqının dağılmasını,15 müttəfiq respublikanın öz müstəqilliyini yenidən bəyan etməsini və 1920-ci ildən sonra itirilmiş müstəqilliyin bərpasını dünyada gedən obyektiv tarixi proseslərin məntiqi nəticəsi kimi xarakterizə etdi və bu proseslərin nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinin yaranması ücün əlverişli şəraitin yarandığını bildirdi. Heydər Əliyev öz nitqində bu məsələlərə toxunaraq dedi: ” ...biz hələ müstəqilliyimizin ilk aylarında,1991-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”. Ümummilli lider öz nitqində qeyd etdi ki, bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.
Həmin qurultayda etdiyi çıxışında ümummilli lider dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımıza xitabən belə bir fikri xüsusi vurğuladı: ” ... azərbaycanlıların dünyaya səpələnməsi təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. İndi Azərbaycan müstəqil dövlət olandan sonra bəzi müxalifət dairələri bizi tənqid edirlər ki, Azərbaycan əhalisinin xeyli hissəsi kənarda yaşayır. Ancaq mən heç də bunu mənfi bir hadisə kimi qəbul edə bilmərəm. Çünki hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Dünyada miqrasiya prosesləri bütün ölkələrə və xalqlara aiddir. Əgər azərbaycanlılar bu proses nəticəsində dünyanın bir çox ölkələrində məskunlaşıblarsa, orada özləri üçün həyat qurublarsa, özlərinin həyat şəraitini təmin ediblərsə - bunlar hamısı dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir”.
Ümummilli lider bir daha vurğulamışdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. O, əlavə etmişdir ki, eyni zamanda indi azərbaycanlıların bir müstəqil dövləti olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Heydər Əliyev demişdir: ”Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunların hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin və həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir”.(Bax:”Dünya azərbaycanlıları” kitabı, Bakı, ”Azərbaycan” nəşriyyatı, 2006-cı il, səh. 21.).
Ümummilli lider qurultay nümayəndələrinə muraciət edərək dedi:” Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı olaraq istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli - mənəvi dəyərlərimizdir, mlli mədəniyyətimizdir, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza məxsus olan adət-ənənələrdir”. (Yenə orada,səh.22).
Ümummilli lider öz nitqində xüsusi vurğuladı:” insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar-mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orda özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli – mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır”.(Yenə orada,səh.22)
Dünya azərbaycanlılarının Bakıda I qurultayının keçirilməsinin əsas əhəmiyyətindən biri də bundan ibarət olmuşdur ki, qurultayda iştirak edən insanlar, dünyanın bir-çox üzaq ölkələrindən gəlmiş soydaşlarımız Azərbaycanda qurultay ərəfəsində bir-biri ilə daha da ünsiyyətdə olmuş, bir-birini anlamağa çalışmış, müxtəlif ölkələrdə fəaliyyət göstərən icmaların vahid diaspor halında birləşməsində böyük rol oynamışlar.
I Qurultayda ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olduğunu bəyan etdi. Ümummilli lider dedi: ”Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Dünya azərbaycanlılarının I qurultayında ulu öndər yüksək tribunadan bir daha bəyan etdi: ” müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq , öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq”. Daha sonra milli lider vurğuladı ki, Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradırıq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”. (Bax:Yenə orada,səh.23.).
Azərbaycan dövlətinin dünyəvi, hüquqi və demokratik dövlət olduğunu, bu yolla getdiyini və bundan sonra da bu yol ilə gedəcəyini bəyan edən milli lider qurultay iştirakçılarını əmin etdi: ”Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xöşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah halı çox yaxşılaşacaqdır. Azərbaycanda hər kəs sərbəst, azad yaşayacaqdır. Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, mətbuat azadlığı- bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunacaqdır.Yəni siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı burada, doğma vətənində rahat,özü istədiyi kimi yaşayacaqdır”.
Azərbaycanın ən böyük problemi olan Azərbaycan - Ermənistan Dağlıq Qarabağ probleminə toxunan Heydər Əliyev münaqişənin həlli ilə bağlı görülən işlərdən danışdı və əmin olduğunu bildirdi ki, bu münaqişə də aradan götürüləcək, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqın və köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.”Təbiidir ki, bu məsələdə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var.”-deyə o bildirib. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın.
Ulu öndər çıxışını belə arzularla başa vurdu: Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin! Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!
Ümummilli lider Heydər Əliyev Azərbaycan diasporunu gücləndirmək məqsədi ilə türk və islam dünyasının birlik və həmrəyliyinin də vacib olduğunu bəyan etmiş və bu istiqamətdə də zəruri addımlar atmışdır.

QAFAR ƏLİYEV - YAP QARADAĞ RAYON TƏŞKİLATININ SƏDRİ,
SİYASİ ELMLƏR ÜZRƏ FƏLSƏFƏ DOKTORU
29 dekabr 2023-cü il

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ