
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı Ordunun xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək qiymətləndirildiyini vurğulayan nazir, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Orduda keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağını bildirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq vəzifəli şəxslərə göstərişlər verilib.
Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırılıb.
Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib