
“Müsəlmanlar arasında Ramazan bayramı fərqli tarixlərdə qeyd olunur. Biz artıq neçə ildir ki, bu halı müşahidə edirik. Belə ki, bəziləri ayın görünmədiyini əsas gətirərək bayramı bir gün sonraya ertlələyirlər. Bir çox insanlar isə QMİ-nin fətvası ilə hərəkət edirlər. Cəmiyyət tərəfindən bu, təəccüblə qarşılanır. Bəs görəsən, bayram niyə eyni tarixdə qeyd olunmur?
Mövzunu ilahiyyatçı Fazil Əhməd şərh edib.
Hansısa texnologiya vasitəsi dinin möhtəviyyatına dəymirsə, onu istifadə etmək olar” — İlahiyyatçı
“Öncə qeyd edim ki, Azərbaycan cəmiyyəti bu mövzuda tolerantdır. Hətta elə ailələr var ki, orada bir qardaş fitr bayramını dünən, digəri isə bugün qeyd edir. Belə halla da qarşılaşırıq. Bu, əslində fərqli fikirlərin olmasının göstəricisidir. Deməli, bayramların müxtəlif tarixlərdə keçirilməsinin əsas səbəbi dini materiallara fərqli baxışların olmasından irəli gəlir. Bir qrup müsəlman ölkələri var ki, heç bir müşahidə aparmadan bayramı qeyd edirlər. Onlar düşünürlər ki, həmin tarixi astronomik qaydada müəyyən etmək olur. 1 il əvvəlcədən bayramın hansı tarixə düşəcəyini bilirlər. İkinci qrup müsəlman ölkələri isə ayın görünməsini əsas götürürlər. Düşünürlər ki, əvvəlcədən ayın görünməsini müəyyən etmək olmaz. Bildirirlər ki, mütləq şəkildə ay görünməlidir.“
İlahiyyatçı qeyd edir ki, bəzən bayramın vaxtını İslam alimləri ilə əlaqələndirirlər. Bu, bir qədər sərt mövqedir.
“İran, İraq və Ərəbistanda İslam alimləri üçün müəyyən şərait yaradılıb. Onların öhdəsinə müəyyən texniki aparatlar, helikopterlər verilib ki, ayın görünməsini müşahidə edə bilsilər. Amma bu, bütün islam ölkələrinə aid deyil. Həmin alimlər özləri də bildirir ki, iki adil şəxs ayın görünməsini elan etsə, Ramazan bayramı bitmiş hesab olunur.“