SON DƏQİQƏ

DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN

Tarix:

19-11-2018, 09:24

/ 10 888 dəfə oxundu.
DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN

Aqil ABBAS

(Çat verən dostlara)

Bu misranı düz 500 il əvvəl poeziyanın peyğəmbəri Füzuli yazıb. 500 il əvvəl. Görün dostlarının etibarsızlığı Füzulini nə təhər yandırıb-tökübsə, necə qəlbini sındırıbsa , şair bu mövzuya şeir həsr edib. Füzulidən 500 il sonra da Vaqif Bayatlı Odər (Cəbrayılzadə) də bu mövzuya qayıdıb:

 

Ax, zalım dostlar,

zalım qardaşlar

fələyin zülmünə düşəndən bəri

kimin nə vecinə ki,

anamın əziziyəm,

kimin nə vecinə ki,

anam yalvarır göyə.

O qarasaç Allahım,

o gödəkboy Allahım

susub,

qorumur məni.

Bir də baxıb

görürsən ki,

bir boynuyoğun,

bir yekəqarın

üzündə bir şillə yeri

durub gözləyir səni.

Amma

bir boynuyoğun,

bir yekəqarını

döymək

mənə bir az çətindi

bir şilləlik canım var.

Ax, zalım dostlar,

zalım qardaşlar.

 

Dostun və ya dostların etibarsızlığı kürəyə sancılmız xəncər kimidi. Düzdür, bu xəncər adamı öldürmür, amma bütün ömür boyu ürəyində onun ağrı-acısı qalır, başqalarına da inamını itirir.

Bu yazını hansısa incidiyim bir dosta görə qələmə almıram, incidilmiş dostlar və dostum olmayan incidilmiş insanlar üçün yazıram. Şükürlər olsun ki, məni tanıyanlar çox gözəl bilir ki, nə heç bir dostuma etibarsızlıq etmişəm, nə də heç bir dostumdan etibarsızlıq görmüşəm. Amma bir-birinə dost deyərək, hətta qardaş deyərək hər gün bir yerdə çörək yeyən, bir-birinin şəninə nəinki ayaq üstə, hətta təpəsi üstə sağlıq deyən insanların bircə günün içində Vaqif Bayatlının təbirincə desək, çat verdiklərinin tez-tez şahidi oluruq.

 

Evimizin divarındakı çatlar,

Çat verən dostları

Sıranıza düzə-düzə

Nə qədər günahları vardı

Bağışladım sizə.

 

Şair deyir ki, əgər daş çatlayırsa, heç insanları qınamağa dəyməz. Şair ürəyi kövrək olduğuna görə çat verən dostlarını bağışlayır. Amma nə qədər bağışlasa da, onun ağrı-acısını elə yaşayıb ki, belə şeir də yazıb.

Dostluğun rəmzi sayılan şair Zakir Fəxri də yanğı ilə yazır:

 

Ərk etdiyim dostlar da

üzümə durdular

Sevdiyim qızlar da

sevgimi üzümə vurdular

Körpə-körpə umudlarım

Bu yollarda əldən salıb

Məni yaman yordular

Ömrün cırhacırında

Qaldım üşüyə-üşüyə

Qaytar ana,

Qaytar məni beşiyə!

 

Üç cür dostluğu əbədi görmüşəm: orta məktəb dostluğu, əsgərlik dostluğu, bir də komsomol dostluğu. Ömürlərinin sonuna qədər o adamlar bir-birini axtarar, tapar, bir-birinə həyan olar. Kökündə nə dayanır? Çünki bu dostluqda heç bir təmənna olmur. Mən bir ara komsomolda baş girələmişəm. Böyük bir məktəb idi, çox səmimi bir təşkilat idi. Çünki həm də təmiz təşkilat idi. Və o təşkilatda çalışanlar əsgər dostları kimi, məktəb dostları kimi ömürlərinin axırına qədər bir-birini taparlar, bir-birilərinə həyan olarlar, bir-birilərini darda qoymazlar. Birinin əlinə bir balaca imkan düşən kimi hardasa işsiz və ya imkansız komsomol dostunu tapacaq, ona bir gün ağlamağa çalışacaq. Dəxli yoxdu onların biri Ağdamda işləyib, ya Ağcabədidə və ya Lənkəranda. İclaslarda görüşüblər, konfranslarda, qurultaylarda görüşüblər, tədbirlərdə bir yerdə təmiz komsomol çörəyi yeyiblər. Komsomol 27 ildi ləğv olub. Amma bir balaca araşdırma aparsanız, görərsiniz ki, 27 il, 30-35 il əvvəl bir yerdə təmiz komsomol çörəyi yeyənlər yenə bir yerdədilər, dostdurlar.

Əzrayılla bağlı qəribə rəvayətlər var. Bu rəvayətləri yazmaq fikrim yoxdu. Adətən belədi ki, Əzrayıl yol keçərkən ağacın altında süfrə açıb nahar edən bir yolçu onu yeməyə dəvət edir, bir qismət çörək kəsirlər. Əzrayıl qalxanda kimliyini bildirir və həmin o çörəyi kəsdiyi adama hansısa bir imtiyaz tanıyır. Təbii ki, Əzrayıl mələkdi, çörək yemir. Bu rəvayətləri yaradanlar hətta Əzrayılın bir tikə çörəkdən keçmədiyini vurğulamaqla insanlara nəyisə aşılamağa çalışırlar.

Amma baxırsan ki, bir nəfər kiminsə bir tikə yox ey, bir ton çörəyini yeyib və günlərin birində Əzrayıldan fərqli olaraq o bir ton çörəyi tapdalayır. Və bir ton çörəyini yediyi kişini kürəyindən xəncərləyir.

 

Çörəyi dizinin üstə olandan

Kişilik gözləmə, mərdlik gözləmə.

 

Çörəyi dizinin üstə olmağı cəhənnəm ey, heç demə çörəyi ayağının altına alıbmış!

Bu da əsasən məmur "dostluğunda" baş verir. Bir də görürsən ki, hansısa bir yüksək vəzifəli məmurun işləri dolaşığa düşür. Dünənəcən süfrəsində oturan, şəninə sağlıqlar deyən "dostlar" aradan çıxdılar. Heç telefonlarına da cavab vermədilər. Xeyirdə-şərdə rastlaşanda özlərini görməməzliyə qoydular.

Məmməd Araz deyir:

 

Qəfil düşdüm bəd taleyin kəməndinə mən,

Axır dönüb bu halımla barışan oldum.

Daha tənqid biçinində az itilənən,

Daha tərif xırmanında az daşan oldum.

Dib bucaqda beli bükük,

Lüləsi donuq, -

Hörümçəyə bağışladım ov tüfəngimi.

Günün çoxu yuxuludur ev telefonu,

Günün çoxu diksinməyir qapı zəngimiz.

Yox, ürəyim, daş qulazla ötəri dərdə,

Qəm üstünə sevincini hörməyi bacar.

Ön cərgədən son cərgəyə adlayıb hərdən

Görünməyən məqamları görməyi bacar.

Öz vaxtında ayırmadın şahini sardan,

Az qoşmadın boş xarallar şəninə dastan.

Qaranquşa, sığırçına meylimi sallam,

Ürəyimdə yuva qurmaz köçəri dostlar.

Bir də üzməm yalan vədlər cəzirəsinə,

Köpüklərə ip atmağın faydası nəymiş?

Bir vəzifə kürsüsünün cazibəsi nə,

Bir telefon dəstəyinin ədası nəymiş!

Mən bu hala gülə bildim,

Ağlaya bildim:

Əhd-ilqar da "baxarıq"lı, "görək"li imiş;

Mən ömrümün aşrımında anlaya bildim:

Nəçiliyim kimliyimdən gərəkli imiş...

 

Yəni həmin ayağı büdrəyən dostun vəzifəsi, nəçiliyi çat verən dostlar üçün onun insanlığından gərəkli imiş. Sevgi, o sağlıqlar, o təriflər onun özünə deyilmiş, kreslosuna, vəzifəsinəymiş.

Və dostlarını yarı yolda qoyub qaçan çat verənlər unudurlar ki, belə bir tale onları da gözləyir. Özləri çat verdikləri kimi günlərin bir günü böyür-başlarındakı da çat verib aradan çıxacaqlar.

Biz niyə beləyik, görəsən?

Doğrudanmı 500 il əvvəl də belə olub, bu gün də belədi?! Çox pis!

Füzulinin məlum şeirinin ikinci misrası lap müdhişdi:

 

Dərdi çox, həmdərdi yox,

düşmən qəvi tale zəbun.

 

P.S. Universitetdə oxuyanda görkəmli yazıçımız Mövlud Süleymanlı məni dəvət eləmişdi "Bulaq verilişinə, tez-tez bu veriliş üçün yazılar hazırlayırdım. Hər ay həmin verilişə bəlkə yüzlərlə məktub gəlirdi: nağıllar, rəvayətlər, hədislər, bayatılar, atalar sözləri və sair və ilaxır. Boş vaxtlarımda həmin məktubları oxuyardım. Orda dostluq haqqında qəribə bir rəvayət qarşıma çıxdı. Çox ibrətamiz rəvayət idi. Vaxt tapıb 48 il əvvəl oxuduğum həmin rəvayəti yazacam, qırdı-qaçdı dostlar üçün bir ibrət olsun.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ