SON DƏQİQƏ

Gülümsə ki, buludlar dağılsın

Tarix:

28-10-2018, 09:00

/ 10 626 dəfə oxundu.
Gülümsə ki, buludlar dağılsın

Türkan TURAN

Solmuş çöhrələr, bir-birinə kilidlənmiş dodaqlar, çatılmış qaşlar, gərilmiş sifətlər, sıxılmış çənələr, qıcırdayan dişlər: təbəssümün qarşısını bu cür hərəkətlərlə alırıq. 

Bu az deyilmiş kimi, ən dəhşətli hadisəni xatırlayırıq gələn gülüş geri qayıtsın deyə, yumruğumuzu divara, ayaqlarımızı yerə necə basırıqsa, elə bil, dünyanı bir addım kənara itələmək üçün güc toplayırıq. Gülümsəməmək üçün hər ağılasığmazlıqları edirik, yetər ki, dodağımızın kənarı qaçmasın. Tanımadıqlarımıza göstərmirik, qarşılaşdıqlarımızdan gizlədirik, vacib olmadıqca gün üzünə çıxartmırıq. “Yerli-yersiz təbəssüm etmə, ucadan gülmə, hər adama gülümsəmə” deyirlər! Heç kim istəmir ki, ürəkdən gülək. Gülüş səsi eşidən kimi qonşu tələsik divarı döyür: “Səs eləməyin!”

Adama hərdən elə gəlir ki, melanxolik çərçivə yaradıb, bizi içərisinə yerləşdiriblər! Özümüzü bax, o qədər tənha, məyus, qəmgin, hüznlü hiss edir, gülməklə aramıza geniş sədd çəkirik. Sanki dodağımızın kənarını aşağı çəkiblər, gülmək istəyəndə tonlarla yük çəkirmiş kimi zorla qaçır. Ciddiyyətimizin pozulmaması üçün bütün tədbirləri görürük. “Ağır olun, az gülün daha çox sayğı görərsiniz, hörmət edilərsiniz” sözlərini qulağımızda sırğa edərək böyüyürük. Şüuraltımızda gülməyi utanca çeviririk. Gülərkən əlimizi ağzımıza, ovcumuzu üzümüzə sıxırıq. Özümüz özümüzü şübhə altına alırıq. Sanki qəbahətimizin üstünü beş barmaqla ört-basdır etməyə çalışırıq. Bizə belə öyrədiblər, bu cür aşılayıblar. Vaxt ötdükcə gülüşü lələ, cəvahirə çeviririk. Bir az ailəmizə, bir az yaxınlarımıza, bir az uşaqlarımıza göstərib, tez başımızın altına qoyuruq, lazım olduqca oradan çıxardıb xımır-xımır istifadə edirik. O qədər qıtdır ki, səpələnib gedər deyə təlaşdan ürəyimiz ağzımıza gəlir.

Təbəssüm deyəndə italiyalı yazıçı Umberto Ekonun 1980-ci ildə çap edilmiş “Qızılgülün adı” romanı yada düşür. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 35 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mərkəzindədi.

Əsər orta əsrlər və xristianlıq dünyasından bəhs edir. Romanın ümumi məzmunu Rahib Vilhelmin İtaliyanın şimalında yerləşən monastıra gəlməsi və baş rahibin istəyiylə burada baş verən cinayəti araşdırması üzərinə qurulub. Vilhelm hadisələri tədqiq etmək üçün monastırın hər yerinə giriş izni istəyir. Kitabxanadan başqa bütün yerlərə icazə verilir. Kitabxananın qadağan olması ilk gündən Vilhelmin diqqətini çəkir və cinayətin bura ilə əlaqəli olduğunu başa düşür. Ardı-ardına baş verən cinayətlər zəncirini araşdırdıqca o, monastırda heç də hər şeyin düzgün olmadığını başa düşür. Bütün izlər onu kitabxanaya aparır. Qətllərin səbəbinin bir neçə kitabla yanaşı, həm də Aristotelin gülüş haqqında yazdığı böyük elmi əsər olan “Poetika”nın itmiş ikinci hissəsi ilə bağlı olduğunu anlayır. Rahib Xorxe ilə dialoqları zamanı Vilhelm bu kitabı oxumasa da, onun məzmununa bələd olur.

“Poetika”nın ikinci hissəsində dram və komediyadan danışılır. Burada həmdə gülüş haqqında fikirlər öz əksini tapır. Xorxenin fikrincə, gülüş xristianlar üçün qadağan olunmalıdır. O, İsa Məsihin heç bir vaxt gülmədiyini sübut etməyə çalışır. Gülüşün günah, imana zidd, şübhəyə yol açdığı üçün təhlükəli olduğunu deyir. Elə buna görə, “Poetika”nın da tanrı tərəfindən lənətləndiyini söyləyir. Xorxe israrla “Gülmək bədənin gücsüzlüyüdür, yozlaşması, bəsitliyidir. Kəndli əyləncəsi, sərxoş azadlığıdır” deyir, Aristotelin kıtabında isə gülmək sənət səviyyəsinə qaldırılır. Gülüş fəsəfəsinin dərinliyindən bəhs edilir.

Adama elə gəlir ki, Xorxe təkcə “Poetikan”ı yox, bütün gülüşləri yığıb gizlədib. Bütün axtarışlar isə hələ də nəticəsiz qalıb!

Araşdırmalara görə, 50 il öncə bir insanın günlük gülmək müddəti 18 dəqiqə idisə, günümüzdə bu rəqəm 6 dəqiqədən yuxarı qalxmır. Düşünəndə ki, bir neçə ildən sonra şaqraq gülüşlər, qəhqəhə atan səslər robotlaşmış sifətlərin altında it-bata düşəcək, adam az qalır ağlını itirsin!

Gülüş insan münasibətlərinin ən qədim və ən dərin qatlarından süzülüb gəlir. Milyon illərdir gülür, bununla da, “təhlükə yoxdur, məndən sənə zərər gəlməz” mesajını verir. Bütün dillərdə ünsiyyətin ortaq dili gülümsəməkdir. Gülümsəmək bədən və beyin üçün dərmandır. Stress, ağrı, anlaşılmazlığa çarə axtaranların əlacı üzündədir. Bu hərəkət bir neçə saniyə içində beyini dəyişdirə biləcək gücə malikdir. Gülümsəmək yükü xəfiflədir, ümidləri cücərdir, özünü bərpa etməyə, təzədən ayaqda durmağa yardım edir. İmnuteti gücləndirir, acını azaldır, ürəyi xəstəliklərdən qoruyur. Elə bilirsiniz ki, təkcə bununla kifayətlənir? Yox! Beyini rahatladır, qorxunu yatışdırır, ruh halını yüksəldir! Buz kəsmiş üzlərdə günəş kimi şəfəq saçır, gərgin münasibətləri bərpa edir.

Bəzən insan çox qəzəbli olur, bulud kimi dolur, göy kimi guruldayır, şimşək kimi çaxır, gurultusundan qulaq batır, bircə təbəssüm ilə üzündəki mövsüm dəyişir. Gülüşün gözəlləşdirmədiyi insan yoxdur! Gülən insan həm özü yaxşı hiss edir, həm də ətrafa pozitiv enerji saçır.

Hə, ən yaxşısı məşhur mahnıdakı kimi edək, gülümsəyək, çoxlu gülümsəyək ki, buludlar dağılsın!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ