SON DƏQİQƏ

ROBER OSSEYN VƏ ŞARL AZNAVUR

Tarix:

25-09-2018, 21:28

/ 10 981 dəfə oxundu.
ROBER OSSEYN VƏ ŞARL AZNAVUR

Aqil ABBAS

Yayda mətbuatda oxudum ki, Fransanın məşhur rejissoru və aktyoru Rober Osseyn hardasa çıxışında deyib ki, mən azərbaycanlıyam. Və təbii ki, azərbaycanlıdı. Gənclik illərimizdə onun çəkildiyi filmlərə baxmaq üçün «Nizami» kinoteatrının qabağına «Məhsul» stadionundakı mitinqlərdən çox adam yığılardı. Adı titrdə görünəndə də, ekranda ilk görünüşündə də zalı alqış sədaları bürüyərdi. Onunla bir qürur duyardıq, küçələrdə bir hind aktyorlarının, bir də onun şəkilləri satılardı.

Sağlığına qismət , çox imkanlı adamdı, milyarderdi. Özünün teatr truppası, kinoteatrları, studiyaları və sair və ilaxır.

Osseynin atası cılxa azərbaycanlıdı , anası da urusdu. Yəni haqqı çatır desin ki, mən azərbaycanlıyam.

Amma doğrudanmı o, azərbaycanlıdı?

Türk sultanlarının yeddinci babası türk olduğu kimi, Şarl Aznavurun da yeddinci babası ermənidi. O da Fransada yaşayır, onun da geniş imkanları var. Amma onun nə imkanları, nə də şöhrəti Rober Osseynə çatmaz.

Qarabağ savaşı başlayandan Şarl Aznavur həm Qarabağda, həm Ermənistanda, eləcə də Fransada və dünyanın böyük-böyük ölkələrində meydandaydı. «Qarabağ» bağıra-bağıra dünyanın diqqətini Ermənistanın işğalçı siyasətinə yönəldirdi. Dünyanın böyük şəhərlərinin böyük konsert salonlarında konsertlər verir, qazandığı pulları Ermənistana və Qarabağa göndərirdi. Amerikanın ortasında Qarabağa yardım kampaniyası aparırdı. Harda bir kol dibi vardı, Şarl Aznavur ordaydı. Hətta ermənilər onu səfir də təyin elədilər ki – Avropanın hansısa ölkəsinə yadımda deyil – həm toxunulmazlıq hüququ alsın, həm də səsi daha möhkəm çıxsın. İndi də öz missiyasını yerinə yetirir.

Düz 30 ildi bir müsibətin içindəyik , 20 min şəhid vermişik , iki o qədər qazimiz var, torpağımızın 20 faizi işğal altındadı, abidələrimizi yerlə-yeksan edirlər, məscidlərimizdə donuz saxlayırlar, Rober Osseynin bir səsini eşitmisiniz? Bəlkə , çox yox, bircə Kamaz qaçqınlara yardım göndərib? Yardım göndərməyi cəhənnəm, bəlkə Azərbaycanın xeyirinə hansısa tribunadan ikicə kəlmə xoş söz deyib? Fransanın hansısa qəzetində xeyirimizə bir müsahibə verib? Mən görməmişəm və eşitməmişəm. Görənlər, eşidənlər varsa desinlər, bu yazım üçün üzr istəyim.

1993-cü ildə bir qrup jurnalist ABŞ-da səfərdəydik. Nyu-Yorkda yaşayan bir azərbaycanlı milyarder eşidir ki, azərbaycanlı jurnalistlər gəlib, bizi qonaq dəvət elədi. Çox böyük şirkətləri vardı, hətta öyrəndik ki, Amerikada beşinci aviakompaniya da ona məxsusdu. Bizi Bakıdakı keçmiş Dzerjinski bağı boyda olan bir bağa gətirdilər . Məlum oldu ki, bağ da həmin milyarderindi. Bağın həyətinə maşın buraxılmırdı, dedilər hətta prezidentin maşını da buraxılmır, faytonlar işləyirdi. Amma bizə xüsusi bir hörmət edib avtobusumuzu düz restoranın önünə sürdülər. Bağda bir neçə restoran və bir neçə kazino vardı. Nə isə…

Milyarder xanımı ilə başda oturmuşdu. Hörmətli Həsən Həsənov da yerlibazlıq edib (xanımı tərəfdən) məni başda, milyarderin yanında oturtdu. 50-55 yaşlarında, yaraşıqlı bir kişi idi. Stolun üstündə quş südü. Sağlıq sağlığın dalınca. Mən içmirdim, Mehman Cavadoğlu yaxınlaşıb soruşdu ki, niyə içmirsən? Dedim ki, ürəyimdə söz var, onu deyəcəm, sonra elə bilərlər içib danışıram.

 

Üzümü milyarderə tutub, soruşdum ki, doğrudanmı bu mülklər, bu şirkətlər sizindi? Dedi, bəli. Soruşdum, siz doğrudan azərbaycanlısınız? Dedi, anlamadım. Dedim, burda anlaya bilməyəcək nə var ki, soruşuram siz doğrudan azərbaycanlısınız? Dedi, əlbəttə. Dedim, inanmıram. Həsən müəllim də qılçıma qəşəng bir təpik ilişdirdi. Amma çox xoş təpik idi.

- Nəyiniz var, sağlığınıza qismət. Üç ildi Azərbaycanda müharibə gedir, kəndlərimiz, şəhərlərimiz yandırılır, minlərlə insan həlak olur, yüz minlərlə də qaçqınımız var. Siz azərbaycanlı olsaydınız indiyədək o təyyarələrinizin birinə bir az dava-dərmandan yükləyib göndərərdiz yaralılarımıza. Və mən bu badəni qaldırıram Azərbaycanın və azərbaycanlıların sağlığına.

İndi Rober Osseyn də o Nyu-Yorkdakı azərbaycanlı kimi azərbaycanlıdı. Get kinonu çək.

Əsl azərbaycanlı Rober Osseyn deyil, Qarabağda qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman, yəhudi Albert Araqunovdu.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ