SON DƏQİQƏ
» » Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?

Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?

Tarix:

31-03-2018, 10:30

/ 11 509 dəfə oxundu.
Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?

Martın 29-da Bakıda keçirilən Azərbaycan- İran biznes forumunda iki ölkə arasında avtomobil istehsalı üzrə yeni şirkətin yaradılması barədə müqavilə imzalanıb və dövlət başçılarının iştirakı ilə ildə 10 min maşın istehsal etmək gücündə olan birgə zavodun açılışı baş tutub.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində inşa olunan “Xəzər” zavodu “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə müəssisəsidir. Şirkətdə 75% pay Azərbaycana, 25% pay isə İrana (“Xodro” şirkətinə) məxsusdur.

Birgə avtomobil zavodunda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206", ”Peugeot-207", “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunacaq. Zavodun ümumi investisiya dəyəri 15 milyon dollardır və müəssisədə 300 nəfərin işlə təmin olunması planlaşdırılıb.

Xatırladaq ki, daha öncə də iki ölkənin əməkdaşlığı ilə 2005-ci ildə Şamaxıda “Azsamand” zavodu avtomobil istehsal etməyə başlamışdı. Lakin bu avtomobillər daxili bazarda özünə yer tuta bilmədiyindən zavodun fəaliyyəti dayanmışdı.

Bəs görəsən, bu dəfə Neftçaladakı “Xəzər” avtomobil zavodu uğur qazana biləcəkmi? Bu müəssisənin fəaliyyətə başlamasının Azərbaycan iqtisadiyyatı üçün hansı əhəmiyyəti olacaq?Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Beynəlxalq İqtisadiyat Məktəbinin direktoru, iqtisadçı ekspert Anar Rzayev bildirdi ki, Neftçalada yeni avtomobil zavodunun açılmasının iqtisadiyyatımız üçün əhəmiyyəti böyükdür: “Birincisi, bu, yeni iş yerlərinin açılması deməkdir. İkincisi, İran kimi böyük bir qonşu ölkə ilə iqtisadi əlaqələrimiz genişlənir. Digər tərəfdən iqtisadiyyatımıza yeni sərmayə qoyulur, istehsal müəssisəsi yaradılır. Bu avtomobil zavodunun istehsala başlaması müəyyən qədər idxalın əvəz edilməsinə şərait yaradacaq. Həmçinin ölkəmizdə avtomobil istehsalının artması gələcəkdə ixrac potensialının da yaranmasına gətirib çıxara bilər. Bütün bu faktorlar birlikdə zavodun iqtisadi səmərəsini artırır".

A.Rzayevin sözlərinə görə, bu zavodun məhz Neftçalada fəaliyyət göstərməsi regionun inkişafına da müsbət təsir göstərəcək: “Digər bir nüans odur ki, bu müəssisə Bakıda yox, regionda yaradılır. Regionda yaradılması isə o deməkdir ki, bu regionların inkişafına çox müsbət təsir göstərəcək. Neftçala avtomobil zavodunda istehsal olunan avtomobillər zamanla xarici bazarda da özünə yer tapacaq. Çünki tanınmış avtomobil şirkətləri sıfırdan başlayarkən tam rəqabət qabiliyyətli olmayıblar, tədricən istehsalı genişləndiriblər, öncə idxalın əvəzolunmasına nail olublar. Məhz bundan sonra regional bazara çıxa biliblər. Ola bilər ki, bundan sonra da dünya bazarına çıxsınlar. Əgər hər hansı bir zavodun istehsal etdiyi məhsul regional bazarda yer tutmağa kifayət edirsə, bu artıq çox böyük hadisədir”.

Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?İqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, yeni  avtomobil zavodundan ciddi nəticələr gözləmək doğru deyil:“Yenə də oxşar səhvlərə yol verilir. Azərbaycana, özəlliklə də zəif inkişaf etmiş istehsal sahələrinə, avtomobil sənayesinə xarici investisiyanın cəlb edilməsi əhəmiyyətli məsələlərdən biridir. Ancaq digər bir parametr də təcrübə və məhsulun ixrac edilməsi məsələsidir. Əgər biz keyfiyyətli  və xarici bazarda rəqabətə cavab verən məhsul istehsalını təmin edib, bu məhsulların gələcəkdə dünya bazarında yer tutmasını istəyiriksə, bu zaman daha böyük imkanları olan və daha böyük bazara malik olan  şirkətləri hədəfləməliyik. Bizim hədəf qruplarımız bu gün dünya bazarında özünə yer tutmuş şirkətlər olmalıdır. Ancaq onların istehsal etdikləri məhsullar Azərbaycanda əlavə dəyər yaradılmasını təmin edə bilər. Ölkəmizdə avtomobil istehsalı ilə bağlı bir neçə təcrübə var. Bunlardan biri də Şamaxı avtomobil zavodu idi ki, İranla birgə yaradılmışdı. Tələbat az olduğundan bu zavodun fəaliyyəti dayandı. Burada istehsal olunan avtomobillərin qiymətinin aşağı olmasına baxmayaraq, insanlar onu almağa üstünlük vermirdilər. Çünki bu avtomobillər keyfiyyət baxımından xaricdə istehsal olunan alternativlərindən çox geridə qalırdı. İnsanlar Almaniyada istehsal olunan və 20 il istismar olunmuş avtomobili almağa üstünlük verirlər, bunun üçün müəyyən vəsaitdən də keçməyə razıdırlar, nəinki Şamaxıda istehsal olunan avtomobilin alınmasında. Nəticədə zavod fəaliyyətini dayandırdı”.

İqtisadçının sözlərinə görə, oxşar təcrübə Naxçıvanda da müşahidə olundu: “Naxçıvan avtomobil zavodunun Çinlə əməkdaşlıq sayəsində istehsal etdiyi maşınlar bu şəhərdə taksi fəaliyyəti ilə məşğul olanlara məcburi şəkildə satılırdı. Bundan əlavə, dövlət sifarişi əsasında, özəlliklə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin avtomobillə təmin edilməsi proqramı çərçivəsində verdiyi sifariş əsasında satılırdı. Ancaq biz fərdi insanların Naxçıvan avtomobil zavodunun istehsal etdiyi avtomobilləri almasını müşahidə etmirik. Nəticədə dövlət sifarişi azalan kimi bu zavod da fəaliyyətini dayandırmalı oldu. Bu gün də bu zavod demək olar ki, işləmir. Biz bu təcrübələri yaşamışıqsa, yenidən oxşar addımların atılması təəssüfdoğuran məqamdır. Təbii ki, bu gün məşhur bir avtomobil şirkətinin Azərbaycana gətirilməsi o qədər də asan məsələ deyil. Burada çox ciddi islahatların həyata keçirilməsinə ehtiyac var. Bu şirkətlərin Azərbaycan iqtisadiyyatı ilə bağlı fikirləri dəyişməlidir. Ancaq bundan sonra Azərbaycana gələ bilərlər”.

R.Həsənov hesab edir ki, Neftçala istehsalı olan avtomobillərə yerli bazarda tələbat o qədər də güclü olmayacaq: “Bu gün Neftçalada İranla birgə avtomobil zavodu istehsala başladı. Ancaq ölkəmizdə bu avtomobillərə tələbat aşağı olacaq. İranda və Çində istehsal olunan maşınlara Azərbaycanda tələbat aşağıdır. Bu isə o deməkdir ki, daxili bazarda ciddi yer tutmaq şansı yoxdur. Xarici bazarda bu hansı ölkələrə satıla bilər. İkinci, üçüncü dərəcəli avtomobillər Rusiya özü yetərincə istehsal edir, İranda da avtomobil istehsalı var. Bu ölkələrdə Azərbaycan avtomobillərinə orada nə üçün tələbat olsun? Xarici bazarda Neftçala Avtomobil zavodu problemlərlə qarşılaşacaq. Bu haqda düşünməyə ehtiyac var. Yeni brendin yaradılması, müasir tələblərə uyğun keyfiyyət standartlarının tətbiq edilməsi və qiymət siyasətinin ilkin mərhələdə bazarın genişləndirilməsinə hədəfləmək yolu ilə bu avtomobil zavodunun dayanıqlı istehsal imkanlarını təmin etmək olar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ