Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatı start götürüb.
GunAz.az-ın xəbərinə görə, üçtəkanla tullanma yarışında təsnifat mərhələsi keçirilib.
Bu yarışda Azərbaycanı iki atlet – Nazim Babayevlə Aleksis Kopelyo təmsil edib. Lakin idmançılarımızdan biri final mərhələsinə vəsiqə qazana bilib.
Belə ki, Nazim Babayevin üç cəhdindən ən yaxşısı 16.65 olub və o bu nəticə ilə XIX yeri tutub. Bu nəticə ilə Nazim final mərhələsinə çıxa bilməyib.
Kubalı legionerimiz Aleksis Kopelyo isə 16.95 nəticə göstərərək VI yeri tutub və final mərhələsinə vəsiqə qazanıb.
Çəkicatma yarışlarında Azərbaycanı təmsil edən ukraynalı legionerimiz Anna Skidan da finala yüksələ bilib. O, yarışdığı B qrupunda çəkici 73.32 metrə atmaqla III yeri tutub. Skidanın bu nəticəsi ona bu gün keçiriləcək final mərhələsində iştirak etmək hüququ verib. İdmançımız bu gün final mərhələsində IX sırada çıxacaq.
Qeyd edək ki, atletika üzrə dünya çempionatında Azərbaycanı dörd idmançı təmsil edir.
N.SAFURA