SON DƏQİQƏ
» » Azərbaycan bir gündə nə qədər medal qazandı?

Azərbaycan bir gündə nə qədər medal qazandı?

Tarix:

29-06-2019, 23:42

/ 606 dəfə oxundu.
Azərbaycan bir gündə nə qədər medal qazandı?

İyunun 29-da - “Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

GunAz.az xəbər verir ki, qızıl medalları ölkəmizin aktivinə boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.

İkinci Avropa Oyunlarının doqquzuncu günündə atletlərimiz dörd növ – yunan-Roma güləşi, boks, karate və bədii gimnastika yarışlarında mübarizə aparıblar.

Boks yarışlarında 81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Loren Alfonso Domingez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb. O, qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittakerə 3:2 hesabı ilə qalib gəlib.

“Minsk 2019”da Azərbaycanın beşinci qızıl medalını karateçi Asiman Qurbanlı (+84 kq) qazanıb. Karateçimiz həlledici qarşılaşmada xorvatiyalı Andcela Kvesiç üzərində 5:0 hesablı qələbə qazanıb. Kumite yarışlarında qadınların mübarizəsində 68 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Zaretska yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Kata yarışlarında çıxış edən Roman Heydərov isə üçüncü yeri tutub.

İkinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarının ikinci günündə üç idmançımız mübarizəyə qoşulub. Güləşçilərimizdən İslam Abbasov (87 kq) yarımfinala vəsiqəni təmin edib. Bundan başqa, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti dörddəbir finalda uduzsa da təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Oyunlarda 97 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev isə ilk görüşdə uduzaraq mübarizəni səkkizdəbir finalda dayandırıb.

Beləliklə, “Minsk 2019”un doqquzuncu günündə Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Hazırda milli komandamız 5 qızıl, 7 gümüş və 12 bürünc medalla doqquzuncu sırada qərarlaşıb.

Hazırda ikinci Avropa Oyunlarında medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 91 (39-18-34) medal var. İkinci yerdə Belarus (22-14-25), üçüncü pillədə isə İtaliya (11-13-10) yığmaları qərarlaşıblar.

скачать dle 12.1

Şərhlər