SON DƏQİQƏ
» » “ShamkirChess 2019”un püşkü atıldı: Rəcəbov Karlsenə qarşı

“ShamkirChess 2019”un püşkü atıldı: Rəcəbov Karlsenə qarşı

Tarix:

30-03-2019, 20:50

/ 10 331 dəfə oxundu.
“ShamkirChess 2019”un püşkü atıldı: Rəcəbov Karlsenə qarşı

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” şahmat turnirinin açılış mərasimi keçirilib. 

GunAz.az xəbər verir ki, Şəmkirdə Heydər Əliyev Mərkəzində altıncı dəfə təşkil olunan yarışın açılış mərasimində əvvəlcə V.Həşimova həsr olunmuş videosüjet nümayiş etdirilib.

Rayonun icra başçısı Alimpaşa Məmmədov bildirib ki, ildən-ilə bu tədbirin yüksək səviyyədə təşkili dünya şahmat ictimaiyyətinin marağına səbəb olub. O, turnirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib. İcra başçısı Şəmkirin dünya şahmatının Linaresinə çevrildiyini vurğulayıb. Sonda A.Məmmədov yarış iştirakçılarına uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov məşhur şahmatçıların “ShamkirChess”ə qatılmasını Azərbaycanda idmana, xüsusən şahmata verilən dəstəyin nümunəsi adlandırıb: 

“Çox şadıq ki, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmişik. Ölkəmizdə hələ Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə yetmişədək şahmat məktəbi tikilib. Ümidvaram ki, bu turnir Azərbaycanda xüsusən uşaqların şahmata cəlb olunmasına böyük dəstək olacaq. Yarışa dəstək olan bütün qurumlara minnətdarlığımı bildirirəm. Şahmatçılara isə uğurlar arzulayıram”.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şirkətin prezidenti Rövnəq Abdullayev adından yarış iştirakçılarını salamlayıb. O, “ShamkirChess”in altıncı dəfə təşkilini ölkədə şahmata göstərilən diqqətin nümunəsi adlandırıb.

Vüqar Həşimovun atası Qasım Həşimov artıq bu turnirin ənənəvi təşkili üçün heç bir tərəddüdlərin qalmadığını vurğulayıb. O, belə mötəbər yarışın keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Q.Həşimov bunu Azərbaycan xalqının öz oğluna sahib çıxmasının bariz nümunəsi adlandırıb və bütün təşkilatçılara təşəkkürünü çatdırıb: 

“Vüqar haqda qısa filmə baxandan və burda toplaşanları görəndən sonra mənə danışmaq çətin olur. Burada dünyanın ən məşhur şahmatçılarının iştirakı oğlumun dünyada qazandığı hörmətin göstəricisidir. Demirəm ki, bu turnir ənənəvi olsun. Çünki artıq ənənəvidir”.

“ShamkirChess”in Təşkilat Komitəsinin sədri, Azərbaycan və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yenə turnirə ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırıb və bunu sevindirici hal adlandırıb: 

“Azərbaycanda şahmata münasibət tam fərqlidir. Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız üç dəfə Avropa çempionu oldu. Buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdaram”.

M.Məmmədov turnirdə FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin də iştirakının gözlənildiyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov “ShamkirChess”də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırıb. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğulayıb. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz “ShamkirChess”də topladığını açıqlayıb.

Daha sonra yarışın püşkü atılıb. İlk turun püşkü belə nəticələnib:

Aniş Qiri (Niderland) – Veselin Topalov (Bolqarıstan)

Vişvanatan Anand (Hindistan) – David Navara (Çexiya)

Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin)

Aleksandr Qrişuk (Rusiya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN)

Teymur Rəcəbov (AZƏRBAYCAN) – Maqnus Karlsen (Norveç)

Qeyd edək ki, ilk turun görüşləri saat 15:00-da başlayacaq.

скачать dle 12.1

Şərhlər