SON DƏQİQƏ
» » Günün əsas oyunu: Braziliya komanda deyil, Neymar isə...

Günün əsas oyunu: Braziliya komanda deyil, Neymar isə...

Tarix:

22-06-2018, 10:42

/ 10 411 dəfə oxundu.
Günün əsas oyunu: Braziliya komanda deyil, Neymar isə...

Bu gün dünya çempionatında E və D qruplarında ikinci turun oyunlarına yekun vurulacaq. Saat 16:00-da  Braziliya - Kosta-Rika (E qrupu) milliləri üz-üzə gələcək.

Saat 19:00-da D qrupunun iki komandası-Nigeriya və  İslandiya matçı başlayacaq. 22:00-da Serbiya - İsveçrə (E qrupu) oyununun startı veriləcək. 

Neymarın saçı və oyunu...

Braziliya ilk turda İsveçrə ilə qarşılaşıb və oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Hələ bu oyun ərəfəsi yazmışdıq ki, dünya çempionluğuna əsas iddialı komandalardan olan Braziliyanın hazırlıq səviyyəsi haqda  bəzi narahatlıqlar var.

Braziliya təsnifat mərhələsində yaxşı nəticə göstərib, 10 görüşdə qalib gəlib, 2 oyunda heç-heçə edərək mundiala 21-ci dəfə vəsiqəni təmin edib. Amma Braziliya ev sahibi olduğu ötən mundialda da istənilən səviyyədə çıxış etmədi və nəticədə çempionluq  arzusu ürəyində qaldı. Həm Pele, həm Maradona vaxtilə oynadıqları milli komandalar haqda tənqidi danışanda ağız büzənlər çox olur. “Qərəzlidirlər”, “paxıldırlar”, hətta “dəlidirlər” deyirlər. Pele son olaraq Braziliyalının komanda oyununu itirdiyini demişdi, səhvmi demişdi bu qara kişi? 

 

Hanı 1982-ci il İspaniya çempionatının Braziliyası? Məni qınamayın, o vaxt ulduz futbolçuların belə bir kişiyana ağırlığı, zəhmi, futbolçu görünüşü vardı. İndi bu dünyanın üç ən bahalı futbolçularından biri olan Neymar İsveçrə ilə oyunda vermişelə oxşayan saçını göstərməyə çıxmışdı, yoxsa oynamağa? Mən oynaya bildiyini görmədim, yəni Braziliya milisinə yaraşan, PSJ-nin verdiyi 222 milyon avroya dəyən oyun yox idi. Azərbaycanda buna “bir qəpiklik oynamadı” deyirlər...  

Braziliya haqda “oyunçuları hər biri ayrılıqda ustadırlar, amma komanda oyunu yoxdur” deyən Peleyə niyə qərəzli deyək?  Paulinyo, Koutinyo (yeganə qolu o vurdu), Villian və Fernandinyo... Daha kimlər var bu dünyanın ən çox çempion olan komandasında. Daha kim lazımdır bunlara ki, baxımlı  oyun göstərsinlər? 

İsveçrə Braziliya ilə oyunda öz gücündə oynadı və son hesab ədalətlidir.

Braziliya bu gün ilk turda Serbiyaya minimal hesabla uduzan Kosta-Rikanın da güclü müqaviməti ilə üzləşəcək. Doğrudur, ötən mundialda xeyli-səs küy yaratmış Kosta-Rika millisi ilk oyunda gözlənilən kimi güclü hücum  futbolu göstərmədi. Kosta-Rika millisinin əsas silahının qapıçı Keylor Navas olduğu Serbiya ilə oyunda təsdiqləndi.  Əgər o, qapıda olmasaydı, hesab fərqli ola bilərdi.   

Bu iki milli bir-birilərinin oyununa yaxşı bələddirlər. İndiyədək bu komandalar 11 dəfə üz-üzə gəliblər. İlk oyun 1956-cı ildə Panamerika Oyunlarına təsadüf edib. Həmin qarşılaşmada Braziliya 7:1 qalib gəlib. İndiyədək keçirilən görüşlərdə 10 oyunda Kosta-Rika məğlub olub. Yalnız bir dəfə qələbəni Kosta-Rika bayram edib. Sonuncu dəfə isə millilər 2015-ci ildə yoldaşlıq görüşündə güclərini sınayıblar. Kosta-Rika həmin qarşılaşmada minimal hesabla məğlub olub.

FİFA reytinqində Kosta-Rika 23-cü, Braziliya isə 2-ci yerdə  qərarlaşıb. Bukmeykerlər Braziliyanın qələbəsinə stavka edir. Braziliyanın zatən qələbədən başqa çarəsi də yoxdur...

 

Nigeriya “ölüm qrupu”nu tərk edə bilər

Nigeriya və  İslandiya matçı da “ölüm qrupu”nda vəziyyətə aydınlıq gətirməlidir. İslandiya ilk oyunda Argentinaya ciddi müqavimət göstərdi və haqq etdikləri 1 xalı qazandılar. Nigeriya isə Xorvatiya qarşısında çox aciz göründü və 0:2 məğlub oldu. İslandiya bu turda qalib gəlməyə çalışacaq, çünki heç-heçə onların işini zora soxa bilər. Nigeriya isə məlum, onlar da qələbəyə oynamalıdırlar. Qeyd edək ki, bu komandalar yalnız bir dəfə -1980-ci ildə yoldaşlıq görüşündə qarşılaşıblar. Həmin oyunda İslandiya 3:0 hesabı ilə qalib gəlib. 

Mundialda ilk dəfə iştirak etməklərinə baxmayaraq, son Avropa çempionatındakı təcrübələri İslandiyanın xeyrinə işləyib. İslandiya seçmə mərhələdə son turda rəqibləri olacaq Xorvatiyanı da üstələyib. Qrupda 10 oyunun 7-də qələbə qazanan İslandiya millisi baş məşqçisi Heymir Hadlqrimssonun rəhbərliyi ilə inkişafdadır. Braziliya ilə ədalətli bərabərlik nəticəsi hər şeyi deyir.  Oyunçularının adı “son”la qurtaran bu milli komandanın mundialda çox komandanın sonunu gətirə biləcəyi barədə ötən yazılarımızda “xəbərdarlıq” etmişdik...  

Seçmə mərhələdə Nigeriya Afrika qitəsindən Rusiyaya ilk vəsiqəni qazanan komanda olsa da, ilk oyunda heç nə ilə yadda qalmadı. Nigeriya belə komandadır, gah güclənir, gah zəifləyir. Belə ki, 1994 və 1998 mundiallarında baxımlı oyun göstərən Afrika təmsilçiləri böyük idman arenasına bir də 2014-də qayıda bildilər... Buna baxmayaraq soyuq və isti ölkə təmsilçilərin qarşılaşması bizə maraqlı oyun vəd edir.

Günün əsas oyunu: Braziliya komanda deyil, Neymar isə...

 

Serbiyaya heç-heçə də sərf edir, İsveçrə isə...  

Saat 22:00-da başlayacaq Serbiya - İsveçrə qarşılaşması da maraqlı olmalıdır. Serblər ilk oyunda minimal hesabla qalib gələrək “pley-off”a ümidləniblər. İsveçrə də Braziliyadan qopardığı xaldan çox ümidlənib. Yada salaq ki, bu, komandaların ilk qarşılaşmasıdır. 

Serbiya ilk dəfə mundialda iştirakçı olsa da, seçmə mərhələdə uğurlu çıxış edib. Keçirdiyi 10 oyunun 6-da qalib gələn Serbiya millisi cəmi bir oyunda məğlub oldu. Son nəticədə 21 xal toplayaraq qrup lideri oldu.

Mladen Krstaiçin yetirmələrinin ilk oyunda qələbə qazanmaları artıq onlar üçün uğur deməkdir, amma davamını gətirmək də istəyəcəklər. Bu gecə onlara heç-heçə də qane edir. Serbiyanın heyətində də Nemanya Matiç (“Mançester Yunayted”), Aleksandr Mitroviç (“Fulhem”), Aleksandr Priyoviç (PAOK), Luka Yoviç (“Ayntraxt”) kimi hücumçular var.

İsveçrə millisi komandanın baş məşqçisi Vladimir Petkoviçin sayəsində 2016-cı il Avropa çempionatından sonra mundiala da vəsiqəni təmin edib. Bosniyalı baş məşqçi bu çempionatda da xüsusilə müdafiə xəttini gücləndirməsi sayəsində daha yaxşı nəticə göstərməyi qarşısına məqsəd qoyub ki, bu da ilk oyunda nəzərə çarpdı. Görüş gərgin mübarizə vəd edir və hər iki komandanın qalib gəlmək şansı var.

Nazim SABİROĞLU,
“Yeni Müsavat”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ