“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Hüseyn Ağayev Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə ardıcıl iki erməni güləşçini məğlub edərək turnirin qalibi olub.
Gunaz.az xəbər verir ki, İki gün davam edən yarışda 4 lənkəranlı idmançı iştirak edib. Onlardan 3-ü turnirin medallarına sahib çıxıb.
Lənkəranlı güləşçilərdən Yusif Mirzəyev 22, Ramazan Hüseynov 29, Hüseyn Ağayev 32 və Alişan Verdiyev 35 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Onlardan ikisi birinci, ikisi isə üçüncü yeri tutub.
Turnirdə Hüseyn Ağayevin çıxışı daha yaddaqalan olub. Yarımfinalda erməni rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksələn lənkəranlı idmançı bu uğuru final görüşündə də təkrarlayıb. O, erməni rəqibini cəmi 50 saniyəyə məğlub edib.