
20 nömrəli məktəb-liseyin həyətində bu dəfə səslər adi gündəlik ritmi pozaraq, duyğularla yoğrulmuş bir mərasimin başlanğıcını müjdələdi. Hər baxışda iz buraxan xatirələr, hər addımda keçmişə uzanan duyğular vardı. Son zəng mərasimi bir təqvim hadisəsindən daha çox məktəbin mənəvi yaddaşının canlı təcəssümünə çevrilmişdi.
Bu mənzərəni daha da mənalı edən, məhz şagirdlərin yürüş anı idi. Əllərində dalğalanan üçrəngli bayraqlarla, üzlərində həyəcanla parlayan təbəssümlərlə meydana daxil olan məzunlara sinif rəhbərləri yol yoldaşı olurdu. Onlar sanki illərin zəhmətini, qayğısını bu addımlara sığdıraraq övladlarını həyata yola salırdılar. Gözlərində sevinc, qürur və bir parça hüzün vardı. Hər çıxış bir xatirəni dilə gətirir, hər baxış illərin bağını pıçıldayırdı. Bu duyğusal gedişi müşayiət edən səhnə çıxışları isə mərasimin ruhuna yeni bir nəfəs verirdi. Səslənən musiqilər, xalq rəqslərinin ritmində döyünən ayaqlar və vətənə ithaf olunmuş sözlər təhsil ocağının elmlə yanaşı həm də milli-mənəvi dəyərləri necə böyük məsuliyyətlə aşıladığını nümayiş etdirirdi. Şagirdlərin təqdimatlarında texniki dəqiqlikdən çox, qəlbdən gələn səmimiyyət, milli kimliyə sədaqət hiss olunurdu.
Bu ruhun, bu səviyyəli mənzərənin yaranması isə əlbəttə ki, təsadüfi deyildi. Tədbirin yüksək təşkili ilk növbədə məktəbin direktoru Esmira Ağayevanın və bir birindən dəyərli müəllim kollektivinin illərlə göstərdiyi fədakarlığın, zəhmətinin və peşəkarlığının təzahürüdür. Onlar yalnız bilik verməyiblər öyrətdikləri hər dərsin içində həyatın özü, vətənə bağlılıq, insana hörmət vardı. Sinif rəhbərlərinin məzunların önündə addımlaması isə bu illərin səssiz, lakin dərin bir təşəkkürünün simvoluna çevrilmişdi.Bu təşəkkürə sanki mərasimin özü cavab verirdi. Tədbirin hər anında gələcəyə inam duyulurdu. Səslənən nəğmələr, səhnəyə atılan qətiyyətli addımlar hər biri bu torpaqla olan mənəvi bağın, milli kimliyə sədaqətin səsli ifadəsi idi. Bu mənzərə bir vidadan daha çox gələcəyə uzanan ümid yolunun başlanğıcı idi.
Və nəhayət, mərasimin son notu kimi eşidilən vida zəngi geridə qoyulan illərin, qazanılan biliklərin, qurulan dostluqların sədası kimi səsləndi. O səs, bir qapanışdan çox, yeni bir dövrün ilk dəqiqəsini müjdələyirdi. Gözlər dolsa da, qəlblər inamla döyünürdü.
Səda çəkildi, lakin içimizdə bir ruh oyandı… 20 nömrəli məktəb bu gün bir nəslin yoluna işıq saldı, sabah üçünsə yeni üfüqlər yandırdı.
İlahə Allahverdiyeva
Jurnalist



