SON DƏQİQƏ

Ana, kəndimizə getmişdim dünən

Tarix:

14-09-2024, 21:33

/ 3 538 dəfə oxundu.
Ana, kəndimizə getmişdim dünən

Habil Vəliyev 
Həkim-şair

Naxçıvan respublikaısnın Babək rayonunun Güznüt kəndində doğulub. 
Hazırda Yevlax rayonunda Əlilləri Bərpa Mərkəzinin direktorudur.
 

Ana, kəndimizə getmişdim dünən

Ana, kəndimizə getmişdim dünən,
Bir azca sıxıldım, bir az darıxdım.
Kəndin kənarında susub, dayanıb,
Bir zaman keçdiyim yollara baxdım.

Kim idi bir zaman bu yoldan keçən,
Yadıma gəlməyir, o, mən deyiləm.
Ana, bu yollarla çıxıb gedən mən,
İndi iz axtaran həmən deyiləm.

Düşdüm izlərimə keçdiyim yolda,
Bir vaxt itirdiyim məni axtardım.
Səndən soruşardım, itiyim hanı,
Məni soruşmağa səni axtardım.

Ana, kəndimizə getmişdim dünən,
Döydüm qapımızı, açan olmadı.
Gözlədim, soruşum keçən yolçudan,
Ana, qapımızdan keçən olmadı.

Səslədim atamı, çağırdım səni,
Niyə hay vermədiz, nə atam, nə sən.
Baxdım qapımıza, dəstəyi tozlu,
Çoxdan əl dəyməyib ona deyəsən.

Boylandım divardan, bu ev xatirə,
Danışdı dünənim, susdum, ağladım.
Qapını açmadın, incidim səndən,
Elə atamdan da küsdüm, ağladım.

Boylandım son kərə, döndüm geriyə,
Arxamca su səpdi buludlar mənim.
Sən yola salmışdın bir vaxt, əl edib
Dünən yola saldı söyüdlər məni.

Fələk saydığını...

Nə vaxtsa sevgimi pənah biləndə,
Sevdasız anları günah biləndə,
Uca zirvələri sabah biləndə,
Məni heç olmasa çən saymışdınmı?

Bir gün təpələrə düşəndə duman,
Səni ötənlərə çəkəndə güman,
Gözlərin yol çəkib dolduğu zaman,
Hər qapı döyəni mən saymışdınmı?

Dilinin altından dişin çıxırdı,
Baharın gəlmişdi, qışın çıxırdı,
Hesabdan, kitabdan başın çıxırdı,
Fələk saydığını sən saymışdınmı?

Ömür deyərkən...

Kölgəmdə gizlənib toz-torpaq basan,
Ötən günlərimi vərəqləyərkən,
Cavabsız bir sual çıxdı qarşıma,
Mən nəyi düşünüm “ömür” deyərkən?

Solğun vərəqlərdə köhnə xatirə,
Yorğun sətirləri kədər, qəm dolu.
Kəsişə bilməyib bu günə qədər,
Mənim istəyimlə qismətin yolu.

Necə yanlışlar var, yersiz inadlar,
Pozan tapılmır ki, yaddaşdan silim.
Bir kitab ömürdə neçə sətir var,
“Yaşamışam”, deyib öyünə bilim?

Məndə olmayıbdi heç ixtiyar da,
Bəxtim qapı döyüb, tale iz seçib.
Mən “keçid dövrü”ndə cığır gəzəndə,
Gənclik saymazyana yanımdan keçib.

Bircə uşaqlığım, bir neçə kəlmə,
Cümlələr içində gözümə dəyib.
“ Ömür”söylədiyin sayılı günlər,
“Dünya üçgünlükmüş” deyən düz deyib...

Sən adlı məhəbbət

Sən ey kitabıma düşməyən cümləm,
Günahsız günahkar, xoş gördük səni.
Yenə axşam- axşam kəsib qarşımı,
Xatirə dünənə qaytardı məni.

Hərdən o yerlərdən keçib gedirəm,
Məkan həminkidi, vaxt başqa vaxtdı.
Niyə qarşılaşdıq deyə bilmərəm,
Bu da bir qismətdi, bu da bir baxtdı.

Ömrün bahar çağı könül bağçama,
Qəfil qonaq gələn dumandın, qardın.
Nə bilim, bir kəlmə xoş söz desəydin,
Bəlkə də ömürlük unudulardın.

Bəlkə yaxşı edib ümid vermədin,
Sevginin sirrini bilə bilərdim.
Ya dəli olardım sevindiyimdən,
Ya da ki dərdindən ölə bilərdim.

Eşqin zirvəsinə çata bilmədik,
Qaldığım yamac da səadətimdir.
Bir də düzün deyim, unudulmayan,
Sən deyil, sən adlı məhəbbətimdir.

Zərrələr qovuşanda

Sən mənə dünənimdən köçüb gəlmisən qadın,
Necə süzülüb keçdin tozlu xatirələrdən?
O zərif ayaqların necə gətirib səni,
Cığırların ot basan gizli xatirələrdən.

Dünəndən gətirmisən ürəyimin odunu,
Qışımı bahar etdin o ilıq baxışınla.
Göz yaşımı qurutsa günəşının istisi,
Dərdimi də yuyarsan içimdən yağışınla.

Təsadüflər insana zərurəti gətirər,
Demə belə olurmuş  hədiyyəsi Allahın.
Dünənin gileyiymiş bu gün arzuya dönüb,
Xəbərini gətirirmiş açılacaq sabahın.

Qaranlıqdan doğulan işığın zərrəsiyik,
Duyğulardan yaranan görünməz yollar varmış.
Hardasa oxumuşdum, dəqiq yadımda deyil,
Zərrələr qovuşanda dünyalar yaranarmış.

Gərək deyiləm

Yağmısan ömrümə, hələ torpağa-
Düşməmış əriyən qar dənələri tək...
Payız doğulanlar yağışdan qorxmaz,
Çoxdan öyrəşmışəm, sığalını çək.

Bu qədər yaxınsan,  o qədər uzaq,
Qorxuram toxunsam əlim boş qalar.
Bahara zülümlə gəlib çıxmışdım,
Toxunnam. .. ömürlük fəslim qış qalar.

Bu necə istəkdi, bu necə sevgi?
Eşqi Yaradan da baş aça bilmir.
Ha qanad taxıram arzularıma,
Özün də görürsən, yox uça bilmir.

Yəqin ki, görübsən yaşıl qayalar,
Bağrım daşdan soyuq, ürək deyiləm.
Sənə mən demişdim, mənə baxıram,
Mən indi özümə gərək deyiləm.

Niyə gedirdim

Mənim şeirlərim  danışan dilim,
Adam adam olsa suala gəlməz.
Eşq deyib yaşayan insan oğlunun,
Gözləri gülsə də ürəyi gülməz.

Görən bu qədərmi çətin biriyəm?
Bəlkə anlamaza nağıldım, sirdim.
Getmişəm deyiblər yerin görünür,
Yer mənim olsaydı niyə gedirdim?

Bu dəfə dünyanı düşünüm dedim,
Nə etdim Tanrıdan qopa bilmədim.
Sadə bir cavabı var bu sualın,
Mən məni burda da tapa bilmədim....скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ