SON DƏQİQƏ

Gözlənilməz GÖRÜŞ ...

Tarix:

5-01-2024, 15:44

/ 3 032 dəfə oxundu.
Gözlənilməz  GÖRÜŞ ...

AĞALARİDRİSOĞLU
                        
                               (Hekayə)
Tərlan Mahmudlu metronun “Nizami” stansiyasından içəri girdi. O, həmin stansiyanın rəisinin yanına gedirdi. Məqsədi onların gördüyü son  işlərlə tanış olmaq, problemlərini öyrənib onların həllinə kömək etmək idi. Əvvəlcədən də rəisə xəbər vermişdi ki, ora gələcək. Tərlan Mahmudlu Respublika Metrostansiyalarının baş direktorunun birinci müavini idi. Baş direktor yaşlı adam olduğuna görə söhbət vardı ki, onu çıxarıb, yerinə Tərlanı qoysunlar. Ona görə də axır vaxtlar öz işinə daha çox can yandırır və yüksək rütbəli məmurların inamını qazanmaqçün dəridən-qabıqdan çıxırdı...
Günün günorta vaxtı idi. Həmin vaxtı da metroda adamlar az olur. Həm də qatarlar hələ ki, gəlmədiyindən metroda tam seyrəklik idi.
Bu vaxt Tərlan foyenin ortasındakı mazaikaların yanında, “Leyli və Məcnun”un mazaikası olan yerdə, uzaqdan çox yaraşıqlı bir xanım gördü. O, foyedə narahat gəzirdi. Bu vaxt xanım da onu gördü və tərəddüdlə  olsa da Tərlana sarı gəlməyə başladı. Özü də gülümsünürdü. Xanımın ala gözləri, uzun kiprikləri, uzun, xurmayı saçları Tərlana kimi isə xatırladırdı. Özü də çox doğma bir adamı. Qadın həm də çox zövqlə geyinmişdi. Əynindəki mavi rəngli kastyum ona çox yaraşır və onu bir az da gözəl, yaraşıqlı göstərirdi. Bu vaxt qadın artıq ona yaxınlaşdı və Tərlanla görüşmək üçün sağ əlini qabağa uzatdı.
-Salam Tərlan müəllim.
Bu vaxt elə bil ki, Tərlanı ildırım vurdu. Bu ki, Məleykədir. Bir vaxtlar bu gözlər, bu qaşlar, bu uzun saç , yaraşıqlı bədən və həzin, melodik səs, Tərlanı əsir eləmiş, Məcnun kimi çöllərə salmışdı... Hətta həmin vaxtlar Tərlan onun adının əvvəlinə bu sözləri də əlavə eləyib, ona “ Ulu Tanrının mənimçün  qanadlarını kəsib, göydən göndərdiyi Mələyim” adlandırdığı bu xanım, düz  iyirmi beş ildən sonra yenə də onun qarşısında dayanıb, həmin mehribanlıqla ona baxırdı. Tərlan, hələ də gözlərinə inana bilmirdi. Bir vaxtlar hətta bu xanıma görə Tərlan özünə intihar da etmək istəmişdi... O, əvvəlki şakəri, xasiyyəti kimi Məleykənin düz gözlərinin içinə baxıb, dedi:
-Salam, Məleykə xanım. Nə xoş təsədüf? Siz hara, bura hara?
-Təsadüf deyil. Mən sizi yarım saatdır ki, gözləyirəm. Dedilər bura gələcəksiz.
-Elədi. On beş dəqiqə bundan qabaq burada olmalıydım. Metronun üstündə məşhur aktyor Sahib Oruclu ilə rastlaşdım.
-Ay nə yaxşı. O, mənim ən sevdiyim aktyordur.
-Biz onunla neçə illərdir ki, dostluq edirik. İstəsəniz mən sizi onunla yaxından tanış edərəm. İndi məşqə getdi. Dörd saatdan sonra görüşüb, bir yerdə çörək yeyəcəyik. İstəsəniz sizi də dəvət edərəm.
-Çox məmnun olaram.
-Bu iyirmi beş ildə siz heç dəyişməyibsiniz. Həmin gözəllik, həmin saç düzümü. Həmin səs. Amma bir az kökəlibsiz.
-Siz isə çox dəyişibsiz. İyirmi beş il bundan qabaq Yunan atletləri kimi bədəniniz, boy-buxununuz, İtalyan aktyorları kimi uzun, qara saçlarınız, nazik bığınız, qara gözləriniz ağ sifətinizə böyük yaraşıq verirdi. İndi isə saçlarınız tökülüb. Bığınız sapsarıdır və həm də çox qalındır. Sifətiniz qırışıb. Bədəniniz də çox şişmandır. Yaşınız 51 olsa da ən azından sizə 60 yaş vermək olar. Niyə belə tez  qocalıbsız?
-On beş ildir metro sistemində işlədiyim vaxt belə qocalmışam. Gecəmiz, gündüzümüz yoxdur. Hər anımız böyük gərginlikdir. Baş direktorumuz da yaşlı adamdır. Bütün işlər birinci müavin kimi mənim boynumdadır. Çox vaxt axşamlar heç evə də gedə bilmirəm. Elə kabinetdə yatıram. Yuxarıda oturan məmurların da ağzından bir avaz gəlir... Yaxşı. Burada niyə durmuşuq. Keçək rəisin otağına.
-Nə deyirəm ki.
Onlar rəisin otağına doğru getdilər. Rəis Mustafazadə Tərlanı eləgiriş qapısının yanında dayanıb gözləyirdi. Mustafazadə Tərlanıvə Məleykə xanımı  görən kimi onlara  yaxınlaşdı.
-Salam Tərlan müəllim. Məleykə xanım bayaqdan sizi gözləyirdi. Dedi ki, sizinlə tələbə yoldaşı olub,- deyə Mustafazadə suçlu adam kimi Tərlana baxdı. 
-Elədi.
-Mən də dedim ki, siz indi bura gələcəksiniz.
-Yaxşı eləmisən Mustafazadə,- deyə Tərlan da gülümsündü. Yaxşı çayınız varmı?
-Bəli. Siz istədiyiniz çaydandır.
-Biz sənin otağına keçirik. Qızlara de, bizə çay versinlər.
-Baş üstə.
Tərlan və Məleykə Mustafazadənin otağına keçdilər. Bu kabinetbalaca olsa da, amma çox səliqəli idi. Divardan ölkə başçısının  böyük portreti və metronun sxemi asılmışdı. Otaqda vazanın içində, təzə-tər gül dəstəsi vardı. Tərlan, Məleykəyə əyləşmək üçün yer göstərdi və özü də onunla qarşı- qarşıya əyləşdi. Tərlan, mexanika-riyaziyyat fakültəsinə daxil olanda, artıq ordu sıralarından qayıtmışdı və 21 yaşı vardı. Məleykə isə orta məktəbi yenicə bitirmişdi və 17 yaşı vardı. Həmin vaxtı qruplarında oxuyan on qızın hamısı Tərlanı həm boy-buxununa, həm yaraşığına və həm də çox savadlı olmasına görə çox sevirdi. Amma Tərlan bu qızlardan yalnız Məleykəni sevirdi. Məleykə də dərslərini yaxşı oxuyurdu. Hər ikisi əlaçı idi. Məleykənin indi 47 yaşı olmasına baxmayaraq, yaşından çox cavan görünürdü. Ona heç 40 yaş vermək olmazdı.
-Doğrudan ay Məleykə xanım. Siz hara, bura hara? Tələbə yoldaşlarımız deyirlər ki, bu 25 ildə siz heç vaxt Bakıya gəlməyibsiz.
-Düz deyirlər. Amma mən artıq bir aydır ki, Bakıda yaşayıram.
-Necə? Bakıda? Siz Bakıya köçübsüz?
-Mən özüm tək  bura köçmüşəm. Bir həftə bundan qabaq, bir neçə tələbə yoldaşlarımızla “Leyli” restoranında  görüşdük. Sizə zəng vurdular ki, siz də gələsiz. Dedim ki, mənim burada olduğumu deməyin, qoy gəlişim Tərlan müəllimçün sürpriz olsun. Amma siz dediniz ki, işiniz çoxdur, gələ bilmirsiz.
-İşim həqiqətən də çox olur. Amma desəydilər ki, siz də ordasız, hökmən vaxt tapıb, gələrdim.
-Eşitmişəm, tələbə yoldaşlarımızla heç bir əlaqə saxlamırsız. Sizdən mənə çox giley elədilər... Dedilər ki, Tərlan müəllimin əli yuxarıların ətəyindədir, amma heç kimə kömək eləmir.
-Kömək eləmir deyəndə, açığı onsuz da işimizdə problemlər çoxdur, başqa problemləri həll etməyə də vaxt qalmır,- deyə Tərlan  gülümsündü. 
-Deyirlər hətta ad günlərimizə, uşaqlarımızın toy məclislərinə də onu dəvət etmişik, amma gəlməyib.
-Özüm gedə bilməsəm də pul göndərmişəm. Özü də artıqlamasıyla. Onlara da mən yox, pul lazımdır,- deyə o, yenə dəgülümsündü.
-Hər şeyi pul həll eləmir, Tərlan müəllim,- deyə Məleykə də onun üzünə gülümsündü. Mənim atamın topdağıtmaz var-dövləti, mal-mülkləri vardı. Sonda ondan bizə qəpik-quruş qaldı... Ortaya çıxan bir dostu da tapılmadı...
-O da düzdü. Həyatda  pul hər şeyi həll eləmir,- deyə Tərlan, Məleykəyə baxıb, gülümsündü. Və istədi ki, söhbəti dəyişsin. -Bəs sənin həyat yoldaşın Sahib haradadır,-deyə Tərlan artıq Məleykəyə“sən” deyə müraciət elədi.
-O, rayonda yaşayır. Biz, ondan ayrılmışıq.
-Niyə, -deyə Tərlan daha maraqla və təəcüblə Məleykəyə baxdı.
-Açığı, yaşaya bilmədim onunla. Elə mehribanlıqla, dost kimi ayrıldıq.
-Axı sizin övladınız da olmalı idi?
-Elədi. Oğlum Tərlanın 24 yaşı var. Bir ildir ki, ailə qurub. Bir qızı var. Adını da Məleykə qoymuşam.
-Necə? Sən oğluna mənim adımı, nəvənə öz adını qoyubsan? Həm də sən artıq nənsən?
-Bəli. Oğluma sizin adınızı, nəvəmə də öz adımı qoymuşam...
Hər ikisi susdu. Tərlan dirsəkdən bükdüyü və yumruq formasında tutduğu əllərini bir neçə dəfə bir-birinə vurdu. Onun sifətində nəyə isə peşiman olduğu tam aydın görünürdü... Mustafazadənin stolunun üstündəki külqabını  götürüb, öz qabağına qoydu.
-Əgər icazə versəydin siqaret çəkərdim. O vaxt siqaretə qarşı alergiyan olduğunu bildiyimə görə, tələbəlik illərində məhz sənin xahişinlə siqareti tərgitdim.
-Elədi. İndi alergiyam keçib gedib. Çünki Sahib də siqaret çəkir.
-Maraqlıdr. Bəs bu yaşda siz niyə ayrılıbsız,- deyə Tərlan siqaret yandırdı.
-Həm  Sahibinqısqanclığından, həm də sevmədiyim adamla 25 il  bir yerdə yaşamaq, artıq mənə cəhənnəm əzabı kimi görünürdü. Əvvəllər məktəb direktoru olanda çox vaxt demək olar ki, onunla təmasda olmurduq. Çünki mən bütün günü məktəbdə olurdum. Tərlan üçün dayə, tərbiyəçi tutmuşdum. Sahib də gah ezamiyyətdə, gah da dostları ilə sanatoriyalarda, istirahət evlərində olurdu. İki il bundan qabaq ərizə verib, məktəb direktorluğundan işdən çıxdım, bir stavka dərs götürdüm. Ona görə də günümün çox hissəsini evdə keçirirdim. Mən direktor olanda dediyim hər söz onunçün qanun idi. Lazım olanda onun işlərinə görə rayon rəhbərliyinə də ağız açırdım. Direktorluqdan çıxandan sonra hamı ilə əlaqəni kəsdim və həmin vaxtdan da Sahib tamam dəyişdi... Son vaxtlar heç günlərlə evə gəlmirdi. Hər dəfə də bəhanə gətirirdi ki, ticarətin tənəzzülə getdiyi bu vaxtda, işləri çox olur. Öz biznesini genişləndirməkçün kimlərləsə tez-tez yeyib-içmək məclislərində olur. Sonra da özünün istirahət mərkəzi var, elə  həmin adamlarla orada qalır. Bilirdim ki, yalan deyir. Bundan sonra ona nifrətim daha çox artdı. Dedim ki, gəl ayrılaq. O da bu sözləri adi qəbul elədi və razılaşdı. Dedim ki, amma bunu oğlumuz və gəlinimiz bilməsin. Onlara da dedik ki, Bakıda ev almaq istəyirik ki, orada da evimiz olsun. Onlar da razılaşdılar. Oğlumun da rayonda böyük biznesi var. Mən evdən yalnız özümə aidolan şeyləri götürdüm və Bakıda öz puluma iki otaqlı mənzil  aldım. İndi bir aydır ki, burada yaşayıram və həm də məktəbdə riyaziyyat müəlliməsi işləyirəm.
-Hansı məktəbdə?
-Vaxt gələndə deyərəm.
-Mən  səni Bakının mərkəzində məktəb direktoru qoydura bilərəm. Çünki Təhsil naziri mənim dostum,  qardaşağamdır. Dediyim heç bir sözdən çıxmır.
-On il direktor  işlədim, bəsdir. Bundan sonra sakit həyat yaşamaq istəyirəm. İstəmirəm ki, kimdənsə gözü kölgəli olum. Çünki bu məmləkətdə rəhbər vəzifədə işləmək cəhənnəm əzabıdır...
-Hə. Onu düz deyirsən, - deyə Tərlan artıq ikinci siqareti yandırdı. Vəzifədə olan adamlar, ilk öncə öz canlarına qəsd eləyirlər. Metroda işlədiyim bu on beş ildə artıq bir dəfə infarkt keçirmişəm. Şəkər xəstəliyim və təzyiqim var. Həmişə cibimdə dərmanlarla gəzirəm. Yüksək rütbəli məmurların da hər sözünə ləbbek deməlisən. Yoxsa həmin dəqiqə səni yeyərlər və əlində də nə varsa tutub alarlar...
-Bax ona görə də mən məktəb direktorluğundan öz ərizəmlə çıxdım. Rayon rəhbərliyi heç cürə razı deyildi. Çünki mənim dövrümdə məktəb hər il respublika məktəbləri arasında qalib olurdu. Şagirdlərimizin demək olar hamısı ali məktəbə qəbul olurdu. Mənə Əməkdar müəllim fəxri adı vermişdilər. Təhsillə bağı  bir neçə medal da almışam. Vəzifədən çıxandan sonra çiynimdən elə bil ki, ağır yük götürülüb...
-Bəs bir aydır ki, Bakıdasan, məni niyə bu vaxta qədər axtarmayıbsan,- deyə Tərlan artıq Məleykəyə giley kimi ərkyana  müraciət elədi.
Bu vaxt , yaraşıqlı bir qız, padnosda çay dəsgahı gətirdi. O, otağa girəndə ədəblə salam verdi. Çay dəsgahını səliqə ilə stolun üstünə düzdü. Sonra Tərlan müəllimin gözlərinə baxıb, gülümsündü və dedi:
- Tərlan müəllim yaxşı ki, sizi gördüm. Təşəkkür eləyirəm. Bacım sizdən çox razılıq eləyir, onu işə götürdüyünüzə görə. Ona maşın alıb verdiyinizə görə, Allah sizi var eləsin.
- Borcumuzdur, gözəl. Bacın Gülcan, katibə kimi öz işinin öhdəsindən yaxşı gəlir. Anana məndən salam de.
- Baş üstə.
Qız boş padnosla nazlana-nazlana  otaqdan çıxdı. Qızın bu yerişi Məleykənin nəzərindən yayınmadı.
- Bəlkə gedək bir tikə çörək yeyək, elə söhbətimizi də orada davam eləyək. İyirmi beş ildir ki, görüşmürük.
- Sağ olun. Ac deyiləm.
- Onda axşam, həm səni Sahib Oruclu ilə tanış edərəm, həm də bir yerdə çörək yeyərik.
- Olar.
- İndi gələcək işlərini Bakıda necə qurmaq istəyirsən? Çünki Bakı son vaxtlar çox qarmaqarışıq şəhər olub. Bəzi yüksək rütbəli məmurlar bu şəhəri tam zəbt eləyiblər... Elə bil atalarının mülküdür...
- Mən artıq işlərimi qurmuşam. Müəllimə kimi bir stavka dərs deyirəm. Boş vaxtlarımda parça üzərində şəkillər, mənzərələr tikirəm.
-Yadıma gəlir. Sən hələ tələbəlik illərindən bu işi çox böyük həvəslə görürdün. Mənim də portretimi çəkmişdin parça üzərində.
- Hə. Yadımdadır. Sizin  adgünüz  münasibəti ilə çəkmişdim. İndi haradadır həmin portret?
- Kabinetimdə. 
-Orada asıbsız?
-Hə,- deyə Tərlan gülümsündü. 
Əslində Tərlan yalan deyirdi. Həmin portreti 25 il bundan qabaq yandırmışdı.
- Tərifçün demirəm. O böyük sənət əsəridir.
- Məlekə. İyirmi beş ildir ki, ürəyimdə qalan bir sualı sənə vermək istəyirəm. Axı sən o vaxt məni sevirdin. Bəs niyə Sahibə ərə  getdin?
-Atam verdi. O, pullu adam idi. İstəyirdi ki, hamı yalnız o deyəni eləsin. Heç kimin arzusu, istəyi onu maraqlandırmırdı. Məni məcburən bacısı oğlu Sahibə verdi. Mən də anama dedim ki, tələbə yoldaşım var, onu  istəyirəm. Əgər xoşluqla ona verməsəniz, onda  qoşulub qaçacam. Anam bu sözləri atama deyib. O da anama deyib ki, əgər mən Sahibə getməsəm, sənə qoşulub qaçsam, o, məni də səni də öldürtdürəcək. O, qansız adam idi. Dediyini də eləyən idi. Elə bunun da qurbanı oldu. Bir neçə il bunda qabaq, onun işlərini yoxlayan və işində çoxlu əyər-əskik tapan müfəttişi öldürtdüyünə görə bu işin üstü açıldı. Həbs elədilər. Elə məhkəmə zalında ürəyi partladı və öldü. Bax, elə ona görə də mən məktəb direktorluğundan çıxdım. Atam öləndən sonra Sahibin də mənə münasibəti tam dəyişdi... O vaxt da bilirdim ki, sənə qoşulub qaçsam, o, hökmən səni öldürtdürəcək. Əgər səni öldürsəydilər, mən də özümü öldürəcəydim. Ona görə də səndə özümə qarşı nifrət yaratmaqçün məktub yazdım ki, səni sevmirəm. Xalam oğlu ilə deyilikli olduğuma görə ona ərə gedirəm.
- Amma sənin o məktubun, bilirsən mənə necə təsir elədi?..
- Eşitmişəm. Hətta eşitmişəm ki, özünə intihar eləmək istəyibsən. Professorumuz Şahin Sadıqlı  səni bu yoldan çəkindirib. Səni  öz qohumu Xalidə xanımın rəhbərlik elədiyi müəssisədə işə düzəldib. Xalidə xanımın həyat yoldaşı öldüyünə və bir oğlu ilə dul qaldığına görə, sonra sən onunla ailə qurubsan. Xalidə xanımdan da bir oğlun var. Xalidə xanım səndən beş yaş da böyükdür. Deyirlər çox ağıllı xanımdır. Sənin yaxşı savadın və təşkilatçılığın olduğuna görə əvvəlcə səni özünün müavini  eləyib. Ailə qurandan sonra səni metro sisteminə işə düzəldib və orada da inkişaf etməyinə necə lazımdırsa  köməklik eləyib.
- Sən bunları haradan bilirsən,-deyə Tərlan təəccüblə Məleykəyə baxdı.
- Mən  sənin haqqında demək olar ki, hər şeyi bilirəm. Hətta təkcə katibənə yox, bir-iki cavan müğənni xanıma da maşın, ev alıb verdiyindən də  xəbərim var. Çünki bu illərdə  həmişə səninlə maraqlanmışam və hətta bayaq dediyim  kimi, bircə oğluma da sənin adını qoymuşam.
- Mən heç bir müğəni xanıma maşın, ev alıb verməmişəm. Bu, bəzijurnalistlərin uydurmasıdır. Sensassiya xatirinə və məni ictimaiyyət arasında  gözdən salmaq üçün ağızlarına nə gəldi yazırlar.
O, bu sözləri deyəndə Məleykənin üzünə yox, kənara baxdı. Qorxdu ki, yalan dediyini Məleykə  onun gözlərindən oxuya bilər.
- Hər yalanın içində bir həqiqət var Tərlan bəy.
- Yaxşı indi  Bakıda, bu qarmaqarışıq şəhərdə yəqin ki, çox şeyə ehtiyacın var, -deyə Tərlan söhbəti dəyişmək istədi. Bu gün mənim  güzəranım pis deyil. Beş kişidən  biri sayılıram. Heç nəyə ehtiyacım yoxdur. Bir sözümü də iki eləyən ola bilməz. Səninçün də hər şərait yarada bilərəm. Keçmişi, keçmiş məhəbbətimiz də geri qaytara bilərik...
- Çox sağ ol. Heç nəyə ehtiyacım yoxdur. Rayonda bir ticarət mağazası mənim adımadır. Oğlum oranı  arendaya verib. Hər ay da mənə arenda pulu verirlər. Mən ümumiyyətlə həmişə aza qane olan adama olmuşam...
Bu vaxt Tərlanın telefonuna zəng gəldi. Nömrəyə baxıb, tez telefonu götürdü.
-Bəli, eşidirəm cənab Mehdizadə.
Telefondakı nə isə ucadan və əmrlə deməyə başladı. Tərlan tez ayağa durub, kabinetdən çıxdı. Həmin adamın amiranə səsindən Tərlanın rəngi ağarmışdı. Cibindən validol çıxarıb, dilinin altına qoydu.
- Oldu. Bir saatdan sonra sizin yanınızda olacam, - deyib telefonu qapadı və yenidən otağa qayıtdı. Bağışla Məleykə xanım. Yuxarıdandı. Bir saatdan sonra Prezident Administrasiyasındaiclasda olmalıyam. Sən harada yaşayırsan?
- Nərimanov metrosunun yanında.
- Onda mən səni aparım metronun yanına elə yaşadığın evi də mənə göstər.
-Yollar böyük tıxacdır. Biz  yalnızbir saata Nəriman metrosunun yanına gedəcəyik. Sonra da siz Prezident Administrasiyasına iclasa qayıtmalısız. Mən elə metro ilə gedərəm. İyirmi, iyirmi beş dəqidədən sonra evdə olacam.
- Onda bu mənim vizitkamdır. Buradakı beş nömrənin hamısı bütün günü işləyir. Mənə zəng vur, telefonun düşsün.
- Sonra zəng vuraram,- deyə Məleykə Tərlanın vizitkasını götürdü.
- Onda gedək səni yola salım.
Onlar kabinetdən çıxdılar.
- Mən bir saatdan sonra Prezident Administrasiyasında olmalıyam. Biz sabah görüşərik,- deyə Tərlan Mustafazadəyə dedi.
- Oldu cənab Mahmudlu,- deyə Mustafazadə əlini sinəsinə qoyub, baş əydi.
Tərlanla, Məleykə metronun Nərimanov stansiyasına gedən qatarlar olan tərəfə getdilər.
- Bu axşam hökmən görüşək Məleykə xanım. Mən bu görüşü düz 25 il idi ki, gözləyirdim. Sənə deyiləsi çox sözüm var... Axşam saat 6-da Nərimanov metrosunun yanındakı parkın girəcəyində olacam.
- Görüşərik.
Bu vaxt qatar gəldi. Məleykə Tərlanla görüşüb qatara mindi. Qatar getdi. Qatarın getməsi və Məleykənin də həmin qatarla getməsi, Tərlana birdən-birə çox pis təsir elədi. İyirmi beş il bundan qabaq, onun məktubuna görə necə nifrət etmişdisə, birdən-birə yenidən əvvəlki məhəbbəti geri qayıtdı... Məleykə üçün çox darıxdı... Elə bil bu qatar gedər-gəlməzə gedirdi... Heyfisləndi ki, niyə onun telefonunun nömrəsini almadı. Sonra fikirləşdi ki, yəqin Məleykə özü ona zəng vuraqcaq. Həm də axşam görüşəndə ondan telefon nömrəsini alar. Artıq o, elə bil ki, iyirmi beş il cavanlaşmışdı... Məleykə ilə gələcək birgə həyatlarını təxəyyülündə, beynində canlandırmaqla, metrodan çıxıb, xidməti maşınına mindi...
Vaqonda adam az olduğundan  boş yerlərvardı. Məleykə oturdu və birdən-birə fikirlər aləminə qapandı... Elə bil ki, onun ürəyində nə isə qırılmışdı... Tərlana olan əvvəlki  dəli sevgisi, istəyi elə bil ki, sönmüşdü... Niyə? Özü də bunu  heç cürə başa düşə bilmirdi... Elə bil ürəyindən nə isə qırılıb, Nizami metrosunda olan “Leyli və Məcnun” mazaikasının yanına düşmüşdü... O, indi Tərlanla görüşməsinə heyfislənirdi. Tərlanı iyirmi beş il bundan qabaq necə görmüşdüsə, gərək elə də xatirəsində qalaydı... Amma o, Tərlanla bu 25 ildə görüşməyi necə də arzulayırdı... Çünki onun da Tərlana deyəcəyi nə qədər sözləri, fikirləri vardı... Amma indi heç nə deyə bilmədi... O, daha bundan sonra Tərlanla  görüşməyəcəyini tam  qət eləmişdi. Çünki bu gün gördüyü Tərlan, 25 il bundan qabaq gördüyü Tərlandan yer-göy qədər fərqlənirdi. Məleykə artıq tam başa düşürdü ki, o, indiki Tərlanı yox, 25 il bundan qabaqkı Tərlanı sevirdi... Özü də dəlicəsinə sevirdi...
Həmin Tərlana görə bütün bu illərdə, məktəb direktoru işlədiyi vaxtlarda onlarlayaraşıqlı, vəzifəli kişilər sevgilərini, istəklərini bildirsələr də, Məleykə onlara həmişə biganə olub və həmişə “yox” demişdi. Onun bir sevgisi vardı, o da Tərlan  idi... Həmin yaraşıqlı, itanlyanlara oxşayan, atlet bədənli, uzun qara  saçlı, nazik bığlı, iri qara gözlü gülümsər  oğlan. Və heç vaxt da yalan danışmağı sevməyən Tərlan... Amma bu iyirmi beş il həmin yaraşıqlı oğlanı harasa uzaqlara, gedər-gəlməzə  göndərib, onun yerinə bu gün Məleykə ilə başqa Tərlanı görüşdürmüşdü...
... Məleykə artıq metrodan çıxdı və Tərlanın ona verdiyi vizitkanı çantasından çıxarıb baxdı. Sonra vizitkanı cırıb, üstündə təzə fidanlar olan bir qızıl gül kolunun dibinə atdı. Sonra, sonra da özünün yaşadığı binaya doğru getdi. Məleykə indi bir şeyə sevinirdi ki, öz mobil  telefon nömrəsini, harada yaşadığı evi və iş yerini Tərlanademəyib. Bu böyük, qarmaqarışıq  şəhərdə isə Tərlan daha onu tapa bilməyəcək...
Kim bilir, bəlkə heç axtarmayacaqdı... Axı onun Məleykə ilə görüşən vaxtı  özü haqqındadediyi  sözlərin də çoxlu yalan idi...
      Sumqayıt şəhəri
18-20 dekabr2020-ci il.
Bəzi əlavələr 04 yanvar 2024-cü ildə olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ