SON DƏQİQƏ

Putin Ərdoğandan bunu istəyəcək - Politoloq

Tarix:

2-03-2020, 16:50

/ 2 031 dəfə oxundu.
Putin Ərdoğandan bunu istəyəcək - Politoloq

Rusiya Qərbin Suriyaya hərbi müdaxilə edəcəyindən ehtiyat edir. Bu səbəbdən bölgəyə hərbi gəmilərini göndərib. Moskva real müharibə ssenarinə hazırlaşır.

Bu sözləri politoloq Qabil Hüseynli 27 fevral tarixindən Türkiyənin Suriyada başlatdığı “Bahar qalxanı” əməliyyatı barədə danışarkən deyib. O bildirib ki, Suriyada 33 türk əsgərinin şəhid olmasının ardından Türkiyənin hərbi əməliyyatlara başlaması gözlənilirdi:

“Aydın məsələdir ki, son hadisələr Türkiyənin səbrini daşırıb və bu əməliyyat ilk növbədə şəhid olan türk əsgərlərinin intiqamının alınmasına yönəlib. Fevralın 27-dən başlayan “Bahar qalxanı” hərbi əməliyyatı nəticəsində artıq Bəşər Əsədin ordusu ciddi itkilərə məruz qalıb. Digər tərəfdən bu əməliyyat özlüyündə Rusiyanın ünvanına mesaj xarakteri də daşıyır”.

Qabil Hüseynli martın 5-də Moskvada keçiriləcək görüş barədə də danışıb:

“Son günlər Suriyada gedən silahlı toqquşmalar Türkiyə-Rusiya münasibətlərini arzuolunmaz həddə gətirib. Bu baxımdan martın 5-də Ərdoğanın Moskvaya səfəri və iki ölkə prezidentinin görüşü olduqca maraqla gözlənilir.

Bildiyiniz kimi, Rusiya İstanbuldakı 4-lü görüşdən (Merkel, Makron, Ərdoğan, Putin) imtina etmişdi. Putin düşünürdü ki, Türkiyə mövcud vəziyyətlə barışacaq. Lakin “Bahar qalxanı” əməliyyatı bu düşüncəni alt-üst etdi. Bununla yanaşı, Ərdoğan Qərbin dəstəyini almağı bacardı. “Bahar qalxanı” əməliyyatları davam etsə, Əsədin Suriyada mövqeyi daha da zəifləyə bilər. Bu səbəbdən Putin Ərdoğanla görüşdə maraqlıdır. Qarşıdan gələn görüş olduqca əhəmiyyətlidir və düşünürəm ki, regionun taleyi baxımından böyük önəm kəsb edir.

Fikrimcə, Rusiya Türkiyədən əməliyyatı dayandırmasını istəyəcək. Bunun üçün isə əsaslı bir təklif irəli sürməlidir. Bu və digər səbəblərdən deyə bilərəm ki, Rusiya Türkiyəyə güzəştə gedəcək”.

скачать dle 12.1

Şərhlər