
Ermənistanda Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlı döyüşçüsü Nikita Belyankinin qətli işiylə əlaqədar bir nəfər həbs edilib.
GunAz.az xəbər verir ki, bu məlumatı Ermənistan Baş Prokurorluğu yayıb. Məlumata görə, rəsmi İrəvan Rusiya Baş Prokurorluğuna müraciət edərək, həbs olunanla bağlı cinayət təqibi üçün işin onlara verilməsini xahiş edib.
Qeyd edək ki, iyunun 1-dən 2-nə keçən gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.
Rusiya polisi Belyankinin qətlə yetirilməsi ilə əlaqədar 7 ermənini saxlayıb, bəzi şəxsləri isə axtarışa verib. Qatilin Ermənistana qaçdığı bildirilirdi.
N.SAFURA