Larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir. Artıq bir sıra valyutadəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da, bahalaşıb.
GunAz.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Gürcüstanda 1 dolların 2.87 lari olması və bunun manata hansı formada təsir edəcəyi ilə bağlı danışarkən deyib.
İqtisadçı bildirib ki, Gürcüstan və Rusiya arasında gərginlik artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur:
“Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tiflisdə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləcəyi təhlükəsi lariyə təzyiqi artırır.
Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsullarımızı göndərdiyimiz 4-cü ölkədir. Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu, 3-cü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəmiz isə ötən il əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığını da bura əlavə etsək, əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır”.
Ekspert bildirib ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılıdır:
“Neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 barreli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür. Amma yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir. Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq. Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artdığına görə dollar alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artırır. O baxımdan, biz yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır”.