SON DƏQİQƏ

Ağ Ev bütün dünyaya qarşı savaşır

Tarix:

25-08-2018, 11:00

/ 10 282 dəfə oxundu.
Ağ Ev bütün dünyaya qarşı savaşır

Sülhəddin Əkbər: “Tramp ABŞ-ın qurduğu və liderlik etdiyi qlobal sistemə zərbə vurur”; Qubad İbadoğlu: “ABŞ eyni vaxtda bütün ölkələri çökdürə bilməyəcək”

ABŞ Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri alan dünya ölkələrinə xəbərdarlıq edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə deyib ki, rəsmi Vaşinqton “S-400" sistemləri alan dövlətlərə sanksiya tətbiq edə bilər: "Dünyadakı tərəfdaşlarımız və müttəfiqlərimizin “S-400"lər almasına qarşıyıq”.

Bu, faktiki olaraq, ABŞ-ın onlarla ölkə ilə eyni vaxtda savaşa başlaması deməkdir. Belə ki, bundan əvvəl Donald Trampın prezidenti olduğu superdövlət İrana, Rusiyaya, Türkiyəyə, Çinə qarşı iqtisadi savaşa başlayıb. İlk üç ölkəyə konkret sanksiyalar tətbiq olunur, Çinlə isə böyük ticarət savaşı yürüdülür. İki gün öncə Çinin Ticarət Nazirliyi ümumi dəyəri 16 milyard dollar olan ABŞ mənşəli məhsullara 25 faizlik əlavə verginin qüvvəyə mindiyini açıqlayıb. Bundan əvvəlsə ABŞ eyni həcmdə Çin mallarına qarşı 25 faizlik vergi tətbiq etmişdi.

Bundan əlavə, ABŞ hazırda qonşu Kanada və Avropa Birliyi ilə də ticarət sahəsində gərginlik yaşayır, hər iki istiqamətdə məhdudiyyətlər tətbiq olunur.

ABŞ az qala bütün dünya ilə eyni zamanda savaşa bilərmi? Bu ölkənin hamıya sanksiya tətbiq etməsi özü üçün hansı nəticələr verə bilər?

 Ağ Ev bütün dünyaya qarşı savaşır 

Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbərin fikrincə, bu savaşda əsas rolu ABŞ-ın sanksiyaları və məhdudiyyətlərinə məruz qalan ölkələrin siyasəti oynayacaq: “Əgər həmin ölkələr öz fəaliyyətlərini koordinasiya edərək, birgə hərəkət edə bilsələr, onda uduzan tərəf ABŞ olacaq. Bu, uzun müddət davam edərsə, xüsusilə də Avropa Birliyi ilə, qarşı tərəf fəaliyyətini koordinasiya edərsə, orta və uzunmüddətli dövrdə ABŞ uduzan tərəf ola bilər. Və artıq bunu ABŞ-da iş adamları, iqtisadi dairələrdə də yazmağa və səsləndirməyə başlayıblar”.

ABŞ sanksiyalarına və məhdudiyyətlərinə məruz qalan tərəflərin öz fəaliyyətlərini koordinasiya etmələri istiqamətində hələlik konkret addımlar nəzərə çarpmır: “Amma sanksiyalara məruz qalan ölkələrin əksəriyyəti ABŞ-ın qanunsuz addımları ilə bağlı Ümumdünya Ticarət Təşkilatına müraciət ediblər. Digər tərəfdən, əks tədbirlər görülə bilər. Beynəlxalq ticarətdə ödənişin avro ilə aparılmasına başlana bilər. Yəni koordinasiya olacaqsa, uduzan tərəf ABŞ olacaq. Koordinasiya olmayacaqsa, hərə öz bildiyi kimi addımlar atacaq”.

S.Əkbərin sözlərinə görə, əslində Tramp hazırda ABŞ-ın qurduğu və liderlik etdiyi qlobal sistemə, o cümlədən qlobal iqtisadi sistemə zərbə vurmaqla məşğuldur: “Uzun onilliklər ərzində Vaşinqtonun həyata keçirdiyi siyasət nəticəsində qurulan sistemi Tramp dağıdır. Bu, ilk növbədə böyük mənada - geopolitik, geostrateji, geoiqtisadi baxımdan ABŞ-ın maraqlarına ziddi bir siyasətdir”.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, ABŞ-ın son addımları Tramp hakimiyyətinin ideoloji yanaşmasından irəli gəlir: “Trampın seçkiqabağı əsas vədlərindən bir bundan ibarət idi ki, ABŞ-ın böyüklüyünü həm daxildə, həm də xaricdə sübut edəcək. Onun əsas arqumenti bundan ibarətdir ki, ondan əvvəlki prezidentlər ABŞ-ın rolunu, əhəmiyyətini, yerini azaldıblar və o, ABŞ-ın qüdrətini özünə qaytaracaq. Düşünürəm ki, bu ideologiya ilə də hazırda siyasət yürüdür. Daxildə iqtisadi imkanları genişləndirmək üçün çalışır ki, ticarət müharibələri, tariflərlə iş yerlərinin açılmasını daha da çoxaltsın. Yəni ABŞ mənşəli kapiatlı ölkəyə qaytarır, onun vasitəsilə məşğulluğu artırır. Onun ikinci istəyi ondan ibarətdir ki, tarifləri qaldırmaqla daxili istehsalçıların, sahibkarların mənafeyindənm çıxış edir, maraqlarını güdür. Bu da Trampın özünün sahibkarlıq mühitinə bağlılığı ilə əlaqədardır”.

Tramp sanksiyaları iki istiqamətdə tətbiq edir: “Ünvanlı sanksiyalar konkret şəxslərə, şirkətlərə tətbiq olunur.  Bu şəxslər və şirkətlər siyasi hakimiyyətlərə bağlı olanlardır. Hesab edirəm ki, bu mövqeni ABŞ hələ Tramp hakimiyyətə gəlməzdən öncə - Maqnitski Aktını qəbul edərkən ortaya qoymuşdu. Əvvəllər Maqnitski Aktı yalnız Rusiyaya tətbiq olunurdu, Tramp onu qloballaşdırdı, sanksiyaların əhatə dairəsini genişləndirdi.İkinci sanksiya istiqaməti ölkələr və sektorlar üzrədir. Bu sanksiyalar daha çox Rusiya və İrana qarşı tətbiq olunur. Hədəf sanksiyaları o deməkdir ki, bu ölkələrlə yaranmış mübahisələrin həlli üçün Trampın başqa proqramı və ya konsepsiyası yoxdur. Burada ən çox narahatlıq yaradan ABŞ-la Çin arasında gedən ticari müharibədir. Bu, qlobal iqtisadiyyat üçün yeni böhran perspektivləri formalaşdıra bilər”.

Q.İbadoğlunun fikrincə, ABŞ bütün ölkələri eyni vaxtda çökdürə bilməyəcək: “Çünki bu ölkələrin hər biri dünya iqtisadiyyatında xüsusi yeri olan ölkələrdir. Xüsusilə dünya bazarında neftin qiymətinin yüksək olması Rusiya və İran kimi ölkələrə tətbiq olunan sanksiyaların təsirini zəiflədəcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ