“Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik”.
GunAz.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
O deyib ki, Türkiyədə dini azlıqlarla bağlı problem yoxdur: “Lakin ABŞ-da evanqelist, sionist anlayışın bu tərzdə danışmasını əsla qəbul etmirik. Azadlığımızı, məhkəmə sistemin müstəqilliyini qoruyaraq yolumuza davam edəcəyik”.
Qeyd edək ki, rahib Endryu Branson FETÖ və PKK təşkilatlarına casusluqda ittiham olunaraq 2016-cı il dekabrın 9-da həbs olunub. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin bu məsələni gündəmə gətirməsi və Türkiyəni sanksiyalarla təhdid etməsi ilə iki ölkə arasında münasibətlər gərginləşib. Ötən ay Endryu Bransonun növbəti məhkəməsi keçirilib və o, ev dustaqlığına buraxılıb.