İsrail KİV-i Suriya Hərbi Hava Qüvvələrinə məxsus “Suxoy” Su-22 hərbi təyyarəsini vuran hərbçinin adını açıqlayıb.
Publika.az xəbər verir ki, “The Yerusalem Post” nəşrinin yazdığına görə, bu, Or Naaman adlı qadın kapitandır.
Təyyarəni vuran “Patriot” hava hücumundan müdafiə sisteminin Or Naamanın başçılıq etdiyi 138-ci alaya aid olduğu bildirilir.
Qeyd edək ki, iyulun 24-də İsrail ordusu Suriya təyyarəsinin məhv edildiyini açıqlayıb.
İsrail ordusu Suriya hərbi təyyarəsinin hava sərhədlərini pozduğuna görə vurulduğunu bəyan edib. Məlumata görə, təyyarə İsrailin hava məkanını pozaraq, ölkənin daxilinə doğru 2 kilometr irəliləyib. Təyyarə“Patriot” sistemindən buraxılan 2 raketlə vurulub.
Suriya dövlət KİV-ləri isə təyyarənin Suriya hava məkanında – ölkənin cənubunda reyd apararkən vurulduğunu bəyan edib. Üstəlik, təyyarənin vurulan zaman İŞİD mövqelərinə zərbələr endirdiyi vurğulanıb.