Yəməndə xüsusi təyinatlı dəstə şənbə günü əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının yerli başçılarından birini öldürüb, həmçinin üç döyüşçünü tutub.
Gunaz.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə yerli güc strukturlarındakı mənbə bildirib.
“İŞİD-in Aden-Abyan vilayəti üzrə əmiri Saleh Naser əl-Baxşi terrorizmlə mübarizə üzrə güclərin əməliyyatının gedişatında şənbə günü səhər saatlarında məhv edilib. O, qruplaşmanın başqa döyüşçüləri ilə Ədənin şimali-şərqində gizlənirdi”, - mənbə deyib.
Onun sözlərinə görə, əl-Baxşi təslim olmaqdan imtina edib və atışmada öldürülüb. Bir hərbçi toqquşmanın qurbanı olub, daha iki nəfər yaralanıb.
Qeyd edək ki, son illərdə İŞİD terrorçuları Yəməndə öz aktivliyini artırıblar.