Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib. Tanınmış politoloqun vəfatı barədə onun qızı Mika Bjezinskaya öz Instagram səhifəsində yazıb. "New York Times” nəşrinin məlumatına görə, Bjezinski mayın 26-da Virciniya xəstəxanalarından birində vəfat edib. Zbiqnev Bjezinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Son illər ABŞ Strateji və Beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS —Centre of Strategic and International Studies) müşaviri, idarə heyətinin üzvü və məşvərət Şurasının həmsədri olub.