Çox yaxşı bir məsəl var, etdiyin hər bir yaxşılıq və pislik Allah
-Taala tərəfindən mütləq qarşına çıxacaq. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in əlilliyi olan
uşaq üzvləri ilə birlikdə 24-26 avqust 2017-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva
şəhərində keçirilmiş sağlamlıq imkanları məhdud
gənclərin "Hədsiz imkanları olan həyat" ("Жизнь безграничных
возможностей") adlı VII
Yaradıcılıq Festivalından vətənə dönərkən Rostov-Don şəhərinin 300
kilometrliyində yaşayış məntəqəsi olmayan bir çöllükdə bizi gətirən Mersedes-Vita markalı avtomobilin
mühərrikində ciddi nasazlıq yarandığına görə avtomobilimiz dayandı. Vətəndən
uzaq qərib bir yerdə çıxılmaz vəziyyətə düşən sağlamlıq imkanları məhdud insanlardan
ibarət olan qrupumuzun ümidi sanki bir anlıq hər yerdən kəsildi, çöllükdə
yalnız Allahın ümidinə qaldıq. Düşdüyümüz
vəziyyətdın çıxış yolları axtarırdıq. Bu zaman sanki Tanrı tərəfindən bizə bir
yardımçı göndərildi, yanımızda "Qazel" markalı bir avtomobil dayandı,
sürücü doğma azərbaycan dilində nə baş verdiyni soruşdu. Qərib eldə,
çöllü-biyabanda doğma ana dilimizdə halımızı soruşub yardım edən insanın bu
məqamda peyda olması bizi hədsiz sevindirdi, sevincdən sanki şoka düşdük. Əslən
Goranboy rayonunun Qurbanzadə kəndindən olan Saləddin Babayev bildirdi ki, 50
km yaxınlıqda Rastov-Donun Miller rayonunun Qray-Voronets kəndində azərbaycanlıların
çalışdığı restoran və maşın düzəldilən avto-sex var. Bizim maşını yedəyə
qoşaraq həmin yerə gətirdi.
Orda məlum oldu ki, avtomobilin təmir edilməsi üçün mütləq yeni
ehtiyat hissəsi lazımdır və onun gətirilməsi və quraşdırılması bir neçə gün
çəkə bilər. Bu müddət ərzində avtomobilin təmiri, orda qalmağımız və
yeyib-içməyimiz məlumdur ki, böyük xərc tələb edirdi. Bu məqamda biz yenə də
Allahın böyük möcüzəsi ilə rastlaşdıq: əyləşdiyimiz stola orta yaşlı bir nəfər
yaxınlaşaraq yenə azərbaycan dilində, "avtomobiliniz təmir olunanadək
yemək-içməyiniz, qalmağınız hamısı restoran sahibinin
hesabınadır",-deyərək qonşu stolda əyləşən ahıl yaşlı, nurlu bir kişini
göstərdi. Restoran sahibi özü də yaxınlaşaraq, "bu müddət ərzində siz
mənim qonağımsınız. Heç bir şey barədə narahat olmayın, utanıb-çəkinməyin, elə bilin
öz evinizdəsiniz", -dedi. Biz bu
sözlərdən çox təəsirləndik.
Yerli sakinlərlə olan söhbətimiz zamanı məlum oldu ki, 41
ildir vətəndən uzaqda yaşayan əslən Tərtər rayonunun Seydimli kəndindən olan 72
yaşlı bu, sözün həqiqi mənasında ağsaqqal Fərman Həsənov çox xeyirxah bir
insandır. Ehtiyacı olan yerli sakinlərə də öz köməkliyini əsirgəmir, milli
bayramlarımızda isə orda yaşayan azərbaycanlılara yardımlar edir. Bütün dövlət
məmurlarının və yerli sakinlərin böyük
rəğbətini qazanmışdır. Belə həmyerlimizlə həqiqətən fəxr duyduq. Fərman dayı
ilə söhbət zamanı o, Ulu öndər Heydər Əliyevə və Azərbaycanın hazırki hakimiyyətinə
böyük sevgi və ehtiramı olduğunu bildirdi.
Tərtər rayonunun Seydimli kəndindən olan və həmin yerdə
matorist işləyən Zabil Qasımov da öz xeyirxahlığını bizdən əsirgəmədi,
avtomobilin mühərrikini gün yarım ərzində böyük əziyyətlə təmənnasız təmir
etdi. Burda deyiblər ki, dünya yaxşılardan xali deyil. Etdiyin
yaxşılıq isə heç vaxt əvəzsiz qalmır. Tahir
Xudiyev, "Əlillər
Dünyası" qəzetinin Baş redaktoru 06.09.2017