
Sosial şəbəkələrdə sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin Dövlət İmtahan Mərkəzinə verilməsi təklif olunub. Vətəndaşlar bildiriblər ki, yol qaydalarından anlayışı olmayan sürücülərin rahatlıqla sürücülük vəsiqəsi alması qəza sayını artırır.
Müzakirələrlə bağlı danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, imtahanların hansı qurum tərəfindən keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir:
"Əsas məsələ imtahanın necə götürülməsidir. Sürücülük və yol qaydaları ilə bağlı dəqiq, müasir proqram olmalıdır. Hazırda Azərbaycanda sürücülük imtahanı ilə bağlı istifadə olunan nəzəri proqramlar 80-ci illərdən mövcud olandır. Əksəriyyət imtahandan birtəhər keçə bilmək üçün proqramı əzbərləməklə məşğuldur. Proqramı dəyişmək lazımdır. 2018-ci ilin dekabr ayında "Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı”nda da qeyd olunub ki, Azərbaycanda sürücü hazırlığı ilə bağlı qanunvericilik təkmilləşdirilsin. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. İmtahanın hansı dövlət qurumunda keçirilməsinin isə önəmi yoxdur”.
Ekspert Rauf Ağamirzəyev isə bildirib ki, imtahan proqramı ilə yanaşı, mexanizm də dəyişməlidir:
"Fərqli qurumda əgər eyni proqram olacaqsa, eyni problemlər də ortaya çıxacaq. Yanaşma fərqi olmalıdır. Xarici ölkələrdə sürücülük vəsiqəsi almaq çox mürəkkəb prosesdurdur, hər adam ala bilmir. Təlimlər vaxt alır, yağışlı havada, yamacda keçirilir. Nəzəri olaraq sənədlərdə görünür ki, bizdə də bu var. Amma yekunda şəhər yollarında tam fərqli mənzərənin şahidi oluruq. Səriştəsiz, ya da yol hərəkətindən xəbərsiz olan sürücülər yetərincədir. Düşünürəm ki, qabaqcıl dünya ölkələrinin təcrübəsinə istinad edərək biz də sürücülük vəsiqəsinin alınmasına dair qaydaları sərtləşdirməliyik. Hətta qəza şəraiti yaradan və səhv edən sürücülərə də yanaşma dəyişməlidir. Müəyyən müddət, 6-9 ay, 1 illik onun sürücülük hüququna məhdudiyyət qoyulmalıdır ki, sürücülər məsuliyyətli olsunlar”.