SON DƏQİQƏ
» » Ünvanlı sosial yardım almaq istəyənlərə şad xəbər

Ünvanlı sosial yardım almaq istəyənlərə şad xəbər

Tarix:

10-07-2021, 09:15

/ 4 153 dəfə oxundu.
Ünvanlı sosial yardım almaq istəyənlərə şad xəbər

Zaman-zaman müxtəlif sosial şəbəkə seqmentlərində aztəminatlı ailələrin problemləri ilə bağlı şikayətləri görürük. Bəziləri ünvanlı sosial yardımın alınmasında, bəziləri ərizə-bəyannamələrini doldurarkən maneələrlə üzləşdiklərini dilə gətirirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bu və digər məsələlərlə bağlı "Yeni Müsavat”ın suallarını cavablanıdırıb.

- Rəşad bəy, aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımı proqramının təyinatı zamanı hansı meyarlar əsas götürülür?

- İlk olaraq qeyd edim ki, 2006-cı ilin iyul ayından ölkəmizdə ünvanlı dövlət sosial yardımı proqramına başlanıb.  Bu yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir. Hər il üçün ehtiyac meyarı təsdiqlənir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib. Yəni hazırda onlardan asılı olmayan səbəblərdən adambaşına aylıq gəliri 170 manatdan az olan ailələr bu yardımı ala bilər.

- Bəziləri ünvanlı dövlət sosial yardımına müraciət etməklə bağlı bilgisiz olduğunu deyir, bu barədə  məlumat verərdiniz...

- Ailəni təmsil edən şəxs ünvanlı dövlət sosial yardımı (ÜDSY) alınması üçün müraciət edə bilər. Bunun üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı, həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə alınmalıdır.

Təmsilçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında  "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” (VEMTAS) altsisteminə müraciət edir və  Ərizə-bəyannamədə müvafiq məlumatları qeyd edir.

 - Hazırda aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği nə qədərdir?

- Bütün sosial ödənişlər kimi, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləğində də artım dinamikası davam edir. Bunun göstəricisi kimi, bu ilin 6 ayında ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8% artaraq 256 manata çatıb. Həmin artımın əsasında eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Bu artımın davamı kimi, ehtiyac meyarı həddi 2018-2020-ci illərdə 116 manatdan 170 manata çatdırılıb ki, bu da 46,6 faiz artım deməkdir.

- Ərizə-bəyannaməni vətəndaş doldurarkən hansı məqamlara diqqət yetirməlidir? Bəzən insanlar onlara imtina edildiyini deyir...

- Çünki bəzən insanlar yanlışlığa yol verir və bu səbəbdən də onlara imtina verilir. Vətəndaşın Ərizə-bəyannaməni doldurarkən diqqət etməli olduğu məqamlar var. Bunlar ailə tərkibinin, ailə gəlirlərinin, əmlakın, faktiki yaşadığı ünvanın və s. düzgün göstərilməsidir. Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə mütləq şəkildə məlumat verilməsi, torpaq pay mülkiyyəti olduqda, bu barədə mütləq şəkildə məlumat verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi, mənzilə aid qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi və sair. Bütün bunlar qeyd edilməlidir.

- Ünvanlı sosial yardımın alınması üçün müraciətdən neçə gün sonra təyinat gedib-getməyəcəyi barədə qərar verilir?  

 - Ünvanlı sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların elektron qaydada yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq olduqda ÜDSY-nin təyin olunmasından imtina edilir, uyğunsuzluq olmadıqda ailənin maddi-məişət şəraitinin  müayinəsinin nəticələrinin Ərizə-bəyannamədə göstərilən məlumatlara uyğunluğu da nəzərdən keçirilməklə müvafiq qərar verilir.

- Hansı hallarda vətəndaşa ÜDSY-nin təyin olunmasından imtina verilə bilər?

- Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların VEMTAS üzərindən və ya  maddi-məişət şəraitinin müayinəsinin nəticələrinin yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq olduqda, ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda, ÜDSY üçün müraciətdən əvvəlki son 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox, alqı-satqı etdikdə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla), ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Agentliyinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır), ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun (hazırda bu məbləğ 196 manat təşkil edir) 15 faizindən çox olduqda, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin olunmasından imtina verilir.

- Bəs, sosial yardımın ödənişi nə zaman dayandırılır?

- Ailə sosial yardım almaq üçün müraciət edən zaman sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Ünvanlı sosial yardım təyin ediləndən sonrakı dövrdə ailənin gəlirlərində dəyişiklik baş verdikdə, ailəni təmsil edən şəxs bu barədə 15 (on beş) iş günü müddətində məlumat verməlidir. Məlumat vermədikdə,  ailənin yaşayışında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

- Son illərdə aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına əlçatanlığının artırılması, bu yardımın təyin olunması meyarlarının yumşaldılması istiqamətində hansı addımlar atılıb...

- Ötən ilin iyul ayında Prezident İlham Əliyev tərəfindən "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib. Yeni dəyişikliklərə əsasən, ünvanlı yardımın təyin olunması meyarları yumşaldılıb. Məsələn, sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olmamalı idisə, bu nisbət də 15 faizə çatdırılıb.

Yaxud, sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət 5 iş günü idisə, bu müddət də  15 iş gününə qədər uzadılıb.

Habelə ailə tərkibində deyil, artıq ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınır.  Həm də ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə artıq faktiki yaşayış yeri üzrə baxılır. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə daha da genişləndirilib. Bu və s. kimi yeniliklər var. Ünvanlı sosial yardım almaq hüququna baxılan zaman  ailənin götürdüyü kredit əgər əvvəllər gəlir kimi nəzərə alınırdıdsa, artıq bu,  yardım təyinatına mane olmur.musavat.com


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ