SON DƏQİQƏ
» » İşğalçı Ermənistan tərəfinin vandalizmi hərtərəfli özünü göstərmişdir

İşğalçı Ermənistan tərəfinin vandalizmi hərtərəfli özünü göstərmişdir

Tarix:

27-03-2021, 12:34

/ 3 105 dəfə oxundu.
İşğalçı Ermənistan tərəfinin vandalizmi  hərtərəfli özünü göstərmişdir

Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin Ermənistan Respublikası tərəfindən dağıdılması, mənimsənilməsi və vandalizmə məruz qalması, dağıdılmış daşınmaz tarix və mədəniyyət abidələrinin vəziyyətinin bərbad gündə olması onu göstərir ki, mənfur düşmən bizim tariximizi silməyə çalışıb bu 30 ildə.

Şuşa şəhərində yerləşən bir çox abidə tamamilə məhv edilmiş, mənimsənilmiş, bəzi abidələr isə memarlıq quruluşu, bədii estetik görkəmi dəyişdirilərək yararsız hala salınmışdır.

İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilmişdir. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt aşkar edilmişdir.

Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Ermənistan Respublikasının 30 illik işğalı nəticəsində tarix-mədəniyyət abidələrinə qarşı törətdiyi qanunsuz hərəkətləri həmin ərazilərin hansı vəziyyətdə təhvil alındığından bilinir və bu ürək ağrıdıcıdır.

Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.

Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir.

Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunmuşdur. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılmışdır.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Ermənistan Respublikası xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Saxtakar və təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda işğalçı Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində "bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia etmişdir. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq olmuşdur.

İşğalçı Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərmişdir. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalmışdır. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülmüşdür. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəymişdir.

Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılmışdır. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilmişdir. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılmışdır.Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozulmasına səbəb olmuşdur.

Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.

44günlük müharibə Azərbaycanın dilbər güşəsi Qarabağda erməni vandalizminə son qoydu.

Erməni vəhşiliyinə son!

Qarabağ Azərbaycandir!

 

Ramana qəsəbəsi, 198saylı məktəbin direktoru

Şəlalə Nadirova


скачать dle 12.1

Şərhlər