Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının Hadrutdakı atışma ilə bağlı məlumatları yoxlayacağı barədə bəyanatla çıxış edib. Bununla yanaşı, Rusiya hərbi İdarəsinin məlumatına görə, bütün təmas xəttində atəşkəs rejiminə əməl edilir.
Maraqlıdır ki, bu bəyanat yalnız Azərbaycan Müdafiə Nazirliyinin altı erməni hərbçisindən ibarət qrupun məhv edildiyini açıqlamasından 10 saat sonra yayılıb. Açıqlamada deyilirdi ki, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu məlumatdan dərhal sonra sosial şəbəkələrdə ermənilərin Dağlıq Qarabağda partizan müharibəsinə başlaması ilə bağlı müzakirələr başladı. Həqiqətən, axı bu, azad edilmiş ərazilərdə Azərbaycan hərbçilərinə ilk hücum hadisəsi deyil. Azərbaycan hərbçiləri Qarabağ meşələrində gizlənmiş erməni yaraqlılarını əvvəllər də dəfələrlə məhv edib, əsir götürüblər. Özü də müxtəlif mənbələrə görə, əsir götürülənlərin sayı onlarla yaraqlıdan yüzlərlə nəfərə qədər dəyişib.
Lakin Qarabağın dağlıq hissəsində partizan müharibəsinin başlanması ehtimalı çox azdır. Partizan müqaviməti yalnız yerli əhalinin dəstəyi ilə yaranır və inkişaf edir. Mülki əhali isə azad edilmiş əraziləri tərk edərək ermənilərin kompakt yaşadığı rayonlara, yaxud Ermənistana köçüb. Bundan başqa, erməni separatçılarının, elə Ermənistanın özünün indiki fəlakətli sosial-iqtisadi vəziyyətini nəzərə alsaq, ikinci müharibədə hərbi məğlubiyyət fonunda yeni müqavimət ocaqlarının yaranmasından danışmaq, hər halda, yaxın aylarda mümkün deyil.
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, ötən gün məhv edilən bir qrup yaraqlı, həmçinin əvvəllər əsir götürülmüş silahlı şəxslər Azərbaycan Ordusunun hücumu zamanı mühasirədən çıxa bilməyən erməni hərbçilərinin ayrı-ayrı qruplarıdır. Bu qruplar Qarabağ meşələrində və Azərbaycan qoşunlarının işğaldan azad etdiyi yaşayış məntəqələrində gizləniblər və bu gün də gizlənirlər.