SON DƏQİQƏ

Əsl diktorluq məktəbi keçmiş Kamil-NEKROLOQ

Tarix:

26-11-2020, 19:57

/ 3 619 dəfə oxundu.
Əsl diktorluq məktəbi keçmiş Kamil-NEKROLOQ

Kamil Məhərrəmoğludan bizə bir-birindən dəyərli kitabları və xoş xatirələri qaldı

 

Kamil Məhərrəmoğlu. Bu ad və soyad qələm sahiblərinə, geniş ictimaiyyətə çox yaxşı tanışdır. Onu tez-tez şeir, sənət məclislərində, el şənliklərində, möhtəşəm tədbirlərdə görərdik. Özü də necə? Tədbirlərin aparıcısı olaraq səlist, məntiqli danışığı ilə hər kəsin qəlbində xoş ovqat yaradardı. Güclü yaddaşa malik qələm dostumuz fitri istedad sahibi idi. Klassiklərimizin şeirlərini əzbərdən söyləyərdi.

Doğulduğu kəndinin adını təxəllüsündə yaşadardı... Kamil Nehrəmli ilə tez-tez görüşərdik. Əsasən də tədbirlərdə… İndi Onun haqqında keçmiş zamanlarda danışmaq çox çətindir. Arzularla yaşayırdı qələm dostumuz. Sən saydığını say, gör fələk nə sayır. 60 illik yubileyini keçirsə də, heç təqaüd yaşına da çatmadı qardaşımız. Neçə arzuları yarımçıq qaldı… Kamil Məhərrəmoğlu 1959-cu ilin may ayının 1-də Naxçıvanın Nehrəm kəndində ziyalı ailəsində anadan olmuşdu. Atası ali təhsilli jurnalist idi. Çox erkən atasını itirmiş Kamil mehrini anasına bağlamış və Səkinə ana ailənin bütün qayğılarını zərif çiynində çəkərək övladlarını min-bir zəhmətlə böyüdüb oxutmuş və cəmiyyətə layiqli bir vətəndaş kimi yetişdirmişdi. Kamil Nehrəm kənd orta məktəbini başa vurduqdan sonra 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib, mühəndis ixtisasına yiyələnmişdi. Müxtəlif sahələrdə çalışmışdı. Lakin ədəbiyyata, poeziyaya maraq onu jurnalistika sahəsinə cəlb etmişdi. Slavyan Universitetində jurnalistika fakültəsini bitirmişdi. Jurnalist fəaliyyətinə məhz bizimlə başlamışdı - «Azad Azərbaycan» radio və qəzetində. Sonrakı fəaliyyətində də harada işləməsindən asılı olmayaraq özünü əsl «Azad Azərbaycan»çı sayırdı.

İctimai Televiziya və Radio Yayımları Şirkətində böyük redaktor, 2018-ci ildən isə Azərbaycan Dövlət Radiosunda baş redaktorun müavini vəzifələrində çalışdı. Müəllifi olduğu "Həmsöhbət" verilişinin aparıcısı idi. Kamil Məhərrəmoğlunun "Uzun incə bir yoldayam", "Tarixi özündə yaşadan kənd", "Azərbaycan türkünün daş yaddaşı", "Xatirələr işığında" və digər kitabları sağlığında işıq üzü görmüş və müəllifə geniş oxucu rəğbəti qazandırmışdır. Kamil Məhərrəmoğlu varlığı ilə kökünə bağlı bir ziyalı idi. Folkloru, ədəbiyyatımızı, musiqimizi, tariximizi gözəl bilirdi. Əsl söz, məclis adamı idi. Geniş auditoriya qarşısında çıxış edərkən sözləri də sanki muncuq kimi düzərək qəlbləri oxşayardı. Erməni xislətini qələmiylə qamçılayar və mənfur, işğalçı qonşularımızın riyakarlığını kəskin şəkildə tənqid edərdi. Dinə, imana bağlı ziyalımız olan Kamil Məhərrəmoğlunun müqəddəs məkanımız olan Asabi Kəhf haqqında yazdığı kitab müəllifə daha çox şöhrət gətirmişdi. "Azərbaycan türkünün daş pasportu" adlanan kitabdan bizə də hədiyyə etmişdi. Kamil Məhərrəmoğlunun necə gözəl, incə qəlbi var idi. Hamıyla mehriban danışar, tez də məclisi ələ alar, duzlu, sərbəst, səlist danışığı ilə hər kəsi valeh edərdi. Söz ehtiyatı da çox zəngin idi. Kamil Məhərrəmoğlu ilə birlikdə hərbi hissələrdə, el şənliklərində, kitab təqdimatlarında tez-tez görüşərdik. Ya tədbirlərin aparıcısı olardı, ya da mövzuyla bağlı maraqlı təkliflərlə, təhlili çıxışlar edərdi. Klassik şairlərimizin şeirlərini əzbərdən söyləyərdi. Çoxsaylı tədbirlərin aparıcısı olaraq onun bir dəfə də olsun karıxdığının şahidi olmamışdım. Əsl diktorluq məktəbi keçmişdi. Torpaqlarımızın işğaldan azad olunması xəbəri onu çox sevindirmişdi. Şuşanın azad olunmasından az qalırdı ki qanad açıb uçsun. Cənnət diyarımızı gəzmək istəyirdi. Qürurlu gəzirdi. Axı qalib ordumuzun, qalib dövlətimizin vətəndaşı idi. Tədbirləri də qalib dövlətin vətəndaşı olaraq ürəklə aparırdı. Qədim tarixi abidələrimiz, dini inanclarımız, görkəmli şəxsiyyətlərimiz haqqında mətbuat

səhifələrində, eləcə də aparıcısı olduğu radio verilişlərində mütəmadi olaraq söhbət açardı… Qələm dostumuzun qəflətən vəfat etməsi xəbəri bizi çox sarsıtdı. Kamil Məhərrəmoğludan bizə bir-birindən dəyərli kitabları və xoş xatirələri qaldı. Onun işıqlı siması, mehriban gülüşü isə dostlarının qəlbindən uzun illər silinməyəcək və ehtiramla xatırlanacaqdır. Ruhun şad olsun, gözəl insan!

Rauf İLYASOĞLU


скачать dle 12.1

Şərhlər