
Ölkə rəhbəri demək olar ki, bütün çıxışlarında, müsahibələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həm siyasi, həm də hərbi yollarla mümkünlüyünü bəyan edib. Azərbaycanın uzun illər ərzində bu məsələnin siyasi müstəvidə həllinə çalışıb. Ancaq, təəssüf ki, məhz Ermənistanın mövqeyinə görə bu münaqişə nəticəsiz qalıb. Təbii ki, belə bir vəziyyətə beynəlxalq birlik şahidlik edib.
Yeri gəlmişkən, dünya Ermənistanın 30 il ərzində vandal hərəkətlərinin, qeyri-insani əməllərinin dəfələrlə şahidi olub və belə hallarda indi haqdan-ədalətdən dəm vuran ölkələrin səsləri eşidilməyib. Ümumiyyətlə, nüfuzlu dövlətlər, beynəlxalq qurumlar tərəfindən erməni cəlladlarının azərbaycanlıların Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salanda, Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan qəsbkarlığa yönələn çıxışları ilə dəfələrlə sülh danışıqlarını pozanda, Dağlıq Qarabağda "düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparanda haqq səslərini ucaldılmayıb. Ermənistanın barbarlığına görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərilməyib.
Deməli, Ermənistan və onun havadarları tərəfindən uzun illər ərzində mövcud problem həllini tapmadı, ölkəmizin ədalətli tələbi yerinə yetirilmədi. Belə bir halda Azərbaycan öz qanuni hüququndan istifadə etməyə, münaqişəni hərbi yolla, BMT Nizamnaməsi tərəfindən bizə verilən özünümüdafiə prinsipi əsasında aradan qaldırmağa məcbur oldu. Nəticədə Böyük Qələbəmiz reallaşdı.
Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın yağı tapdağından xilas olun-masını tarixi hadisə kimi dəyərləndirib və işğal altındakı torpaqlarımızda yerləşən yaşayış sahələri arasında əhalinin sayına görə Ağdamın ən böyük rayon olduğunu, əvvəllər burada 143 min insan yaşadığını, hazırda isə sakinlərinin sayının 204 minə çatdığını vurğulayıb.
Ali Baş Komandan müraciətində indi Ağdam üçün yeni dövr başladığını diqqətə çatdıraraq, bu rayonda, eləcə də digər yaşayış sahələrinin, infrastrukturun ermənilər tərəfindən tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan olunduğunu, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib. Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.
Süleymanova Tamara,
192 saylı uşaq bağçasının direktoru