SON DƏQİQƏ

Hamımız ordumuzla qürur duyuruq

Tarix:

16-11-2020, 11:47

/ 4 198 dəfə oxundu.
Hamımız ordumuzla qürur duyuruq

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyimiz kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi və 22 may 1998-ci ildə prezident Heydər Əliyev fərman imzalayaraq 26 iyunu Silahlı Qüvvələr günü elan edildi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan 100 yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir.

Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda da var. Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Ümumiyyətlə, Azərbaycanla Ermənistanın hərbi imkanlar baxımından müqayisəsi çoxdan aparılırdı. Bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların rəyi daim ondan ibarət olub ki, Azərbaycan Ordusu gücünə görə Ermənistandan çox irəlidədir.

Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirdi. Cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vuruldu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu növbəti dəfə tarix, zəfər yazmaqdadır. İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatı nəticəsində yaranmış gərginliklə bağlı Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamış və bir daha-2016-cı ilin apelin döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında və bu ilin iyul-Tovuz hadisələri zamanı olduğu kimi, düşmənə, işğalçı orduya öz gücünü göstərmişdir.

Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirdi və şanlı tarix yazdı. Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Rəşadətli ordumuz sayəsində şəhidlərimizin qanını yerdə qalmadı və onların ruhu artıq şaddır.

Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir. Hamımız ordumuzla qürur duyuruq.

 

Məhərrəmova Yeganə,

90 saylı orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ