Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.
Bildiririk ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.
Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.