SON DƏQİQƏ
» » Ermənistan öz mənfur əməllərindən əl çəkməlidir

Ermənistan öz mənfur əməllərindən əl çəkməlidir

Tarix:

2-10-2020, 13:10

/ 3 905 dəfə oxundu.
Ermənistan öz mənfur əməllərindən əl çəkməlidir

Son aylar erməni hərbi təxribatının artmasını diqqətlə müşahidə edirik. Görünən odur ki, qüdrətli və əzmkar Azərbaycan Ordusunun qətiyyətini, döyüş məharətini, işğalçılara qarşı nümayiş etdirdiyi hərbi dərsdən heç bir nəticə çıxarmayan Ermənistan və havadarları məkrli təxribat əməllərinə yorulmadan davam edirlər. Azərbaycan hərb meydanında növbəti dəfə işğalçı ölkənin dərsini verdi. Cari ilin iyulun 12-dən başlayaraq Tovuz istiqamətində yeni ərazilərimizi işğal etmək niyyəti ilə hücuma keçən Ermənistan ordusu ön cəbhədəki hərbi qüvvələrimizin inadlı müqaviməti və sərt zərbələri ilə qarşılaşdı və burnu əzilərək geri oturduldu. Tovuz döyüşləri Ermənistana böyük canlı qüvvə və hərbi texnika itkisi bahasına başa gəldi. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır. Azərbaycan dövlətinin sürətli inkişafını gözü götürməyən namərd düşmən fitnə-fəsada, hiyləyə əl atsa da, onların bu cəhdləri hər zaman olduğu kimi puça çıxdı. Başqa cür də mümkün de-yildi. Təcavüzkar Ermənistan bilməlidir ki, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək istəyirsə, bu, heç də onun gücsüzlüyü demək deyil. Güc tətbiqi lazım olanda da Azərbaycan öz sözünü deyə bilir.

Rəsmi İrəvan bir daha Milli Ordumuzun gücünü gördü, layiq olduğu cavabını lazımi səviyyədə aldı. Məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdinin qarşısının qətiyyətlə alınması da bir məqamdan xəbər verir: Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Azərbaycan ordusu sərhədlərini qorumağa, hətta bir ovuc Vətən torpağı uğrunda belə şücaətlə və qətiyyətlə mübarizə aparmağa həm qadirdir, həm də hər zaman hazırdır. Bunu deməyə güclü Ordumuzun son tutarlı addımları, xalqın gücü və inamı, Prezident İlham Əliyevin qətiyyəti, Milli Ordumuzun rəşadəti əsas verir.

Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar isə Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu. Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel, Günnüt, Tovuz döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi. Bu döyüşlər mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi.

Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistan hakimiyyəti bir daha gördü ki, xalqımız heç vaxt ərazilərinin işğalı ilə barışmayıb və barışmayacaq!

 

İbadov Təyyar, Bilgəh bələdiyyəsinin sədri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ