Bu ölkədə Kremlin maraqlarına xidmət edən Robert Köçəryan kimi siyasi fiqurlar olub, bundan sonra da olacaq.
Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Kremlin və daxildəki Qarabağ klanının dəstəyi ilə yenidən hakimiyyətə gəlməsi haqda səslənən fikirləri şərh edərkən deyib. O qeyd edib ki, Köçəryan Rusiya üçün vacib siyasi fiqur olsa da, əvəzolunmaz deyil:
Bu gün Köçəryanı həm Kreml, həm də Qarabağ klanı ciddi mənada dəstəkləyir. Hazırda Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə yerləşdirilən erməni hərbçilərin bir çoxu Köçəryanı dəstəkləyir. Bu o deməkdir ki, Kremlin əmri gəldiyi təqdirdə Paşinyan hərbi çevrilişlə hakimiyyətdən devrilə bilər”.
Q.Hüseynlinin sözlərinə görə, Nikol Paşinyan hər zaman Kremldən ehtiyat edir:
"Məsələ ondadır ki, Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, ideologiyası nə olursa olsun, birmənalı olaraq, rəsmi Moskvadan asılı vəziyyətdə qalır. Bunun bir neçə səbəbi var. Heç kəsə sirr deyil ki, Paşinyan Qərbə meyilli şəxsdir. Yəni bu gün Kremlin təzyiqi olmasa, o, asanlıqla Qərbə inteqrasiya kursu seçərdi. Lakin MDB məkanında Gürcüstan və Ukraynanın Rusiyaya üz çevirib, radikal formada Qərbə yaxınlaşması bu ölkələrdə separatizm hərəkatına səbəb oldu. Bu mənada nəinki Paşinyan, ondan sonrakı bir çox erməni lider də Rusiyanın təlimatlarını dinləməli olacaq.
Köçəryanın Ermənistanda nüfuzunun artması rəsmi Moskvanın Paşinyana gözdağından başqa bir şey deyil”.