Bir neçə aydır davam edən koronavirus pandemiyası (COVID-19) Azərbaycanın əmlak bazarına da çətin dövr yaşadıb. Əmlak sektorunda müşahidə edilən durğunluq hələ də davam edir. Yay mövsümü olmasına baxmayaraq, karantin rejimi ilə bağlı regionlara gediş-gəliş qadağandır. Məhz bu səbəbdən insanlar bağ evlərinə üstünlük verirlər.
Bəs bu gün kirayə mənzil bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı daha ətraflı əmlak üzrə ekspert Nüsrət İbrahimov GunAz.az-a açıqlamasında məlumat verib.
O bildirib ki, bu gün daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən azalma müşahidə edilir:
"Karantin rejimi dövründə iyul ayı ərzində daşınmaz əmlak bazarında 971 ədəd kirayə mənzil olub. Onlar arasında aparılan təhlil göstərir ki, iyul ayı ərzində bir mənzilin aylıq kirayəsinin ortalama qiyməti 842 manatdan 765 manata düşüb. Faizlə desək, iyul ayı ərzində kirayə mənzillərin qiyməti 9,14% azalıb.
Cari ay ərzində kirayə mənzillərin bir kvadrat metrinin dəyəri isə 7 manat 93 qəpikdən 7 manat 68 qəpiyə düşüb. Yəni, burada da 3,3% azalma özünü göstərir.
"Bahalı mənzillər üzrə iyul ayında əmlak bazarında 1000 manata təklif edilən kirayə mənzillərin qiymətlərində 7,93%, 500 manatdan yuxarı 1000 manata qədər olan mənzillərdə isə 3,69% azalma müşahidə edilib. 500 manata qədər olan kirayə mənzillərin qiymətində isə 5,76% azalma var. Yəni ən çox azalma bahalı mənzillərin qiymətlərində hiss olunur. Pandemiya müddətində iyul ayı ərzində mənzil bazarındakı vəziyyət, qiymətlərin düşməsi bir qədər gözlənilən idi”, deyə, ekspert bildirib.
N.İbrahimov qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə kirayə mənzillərin qiymətində artım var. Əsasən may-iyun aylarında mənzil bazarında qiymətlər kəskin şəkildə artıb.