İnsanları
halallığa, paklığa səsləyən Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs
bayramıdır
«İnsanlar
arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban
bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar
gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır,
xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə
kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi
birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək
qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur». Bu sözlər prezident
İlham Əliyevin Qurban bayramı münasibətiləAzərbaycan xalqına təbrikində yer
alıb.
Qeyd edək ki,
Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən möhtəşəm
bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə
ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun,
qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə
pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir,
qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar
bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Tarixi
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da
əvvəl mövcud olub. Lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın
könlünü almaq və s. nəzərdə tutulurdu. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən
Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində
başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində
böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə
yiyələndi.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra
yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi
(onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi
Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa
razılaşır. Bu haqda Quranda yazılmışdır.
Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər
oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva
bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq
bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin
Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur
ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində
bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı
zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda
insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə
insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər
insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər.
Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii
fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
Qurban bayramı Azərbaycanda
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman
ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra
Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan
Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə
də dövlət səviyyəsində bayram edilir.
Qurban bayramı İslamda
Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada
qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb
edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman
işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox
maraqlı tarixi və şərtləri var. Qurban bayramı islam aləminin ən möhtəşəm və
müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən
qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
Şərtləri
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır.
Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil
artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək
olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı
aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha
yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən
heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan,
buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi
İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini
Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında,
orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib
bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam
dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir
dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı
üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf
olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb
ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin
və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə
bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın
xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı
olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək
vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur. Çünki
bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu
bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və
kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə
və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Qeyd
edək ki, Qurban bayramı ilə əlaqədar 4 gün – iyulun 31-dən avqustun 4-nə qədər
qeyri-iş günü olacaq.
Bilman İSAQ
скачать dle 12.1