SON DƏQİQƏ
» » Konstitusiya Məhkəməsinin seçki ilə bağlı - Qərarı

Konstitusiya Məhkəməsinin seçki ilə bağlı - Qərarı

Tarix:

5-03-2020, 22:00

/ 1 244 dəfə oxundu.
Konstitusiya Məhkəməsinin seçki ilə bağlı - Qərarı

Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

GunAz.az xəbər verir ki, iclas saat 10:00-da başlayıb.

İclasda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və bütün üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və MSK-nın bütün üzvləri, MSK katibliyinin əməkdaşları, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

Fərhad Abdullayev bildirib ki, plenum işə baxmağa tam səlahiyyətlidir:

“İş üzrə maraqlı tərəf qismində MSK sədri və üzvləri dəvət olunublar. Sizə çıxış üçün tam şərait yaradılacaq. Hakimlərin sizə suaları olduqda cavablandırmağınızı xahiş edirəm. İş üzrə ekspertlər dəvət olunub. İlk olaraq çıxış üçün söz məruzəçi hakim Rövşən İsmayilova verilir”.

Məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. O, Konstitusiya Məhkəməsinin qanunvericiliyə uyğun olaraq MSK-dan daxil olmuş sənədləri 10 gün ərzində yoxladığını deyib.

Daha sonra digər məruzəçi hakim Rafael Qvaladze çıxış edib. O bildirib ki, Konstitusiya Məhkəməsi bunun üçün Bakı, Şəki, Gəncə və Şirvan Apellyasiya məhkəmələrindən və Naxçıvan Ali Məhkəməsindən hakimləri işə cəlb edib:

“Konstitusiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsindən daxil olan məlumata görə, bu məhkəmə instansiyasına Mərkəzi Seçki Komissiyasının qərarından daxil olmuş 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 15 iş üzrə iddia təmin edilməyib. Şirvan Apellyasiya Məhkəməsinə 20 ərizə daxil olub. Şəki Apellyasiya Məhkəməsinin məlumatına görə, bu məhkəmə instansiyasına 3 iş üzrə ərizə daxil olub ki, onların baxılması mümkün sayılmayıb”.

Rafael Qvaladze qeyd edib ki, Ali Məhkəmə seçkinin nəticələri ilə bağlı ümumilikdə 78 işə baxıb:

“3 iş üzrə məhkəmə qərarları ləğv edilib. 9 iş üzrə kassasiya şikayətinin təmin edilməsi mümkün sayılmayıb. Ümumi qəbul edilmiş qərarlar protokolların nəticələrinə təsir göstərən hallar deyil”.

Daha sonra çıxış üçün söz MSK sədri Məzahir Pənahova verilib.

M.Pənahov seçkinin nəticələri, aparılan araşdırmalar barədə danışıb və 4 dairədə seçkinin nəticələrinin ləğvini xatırladıb. Həmçinin ümumilikdə 328 məntəqədə seçkinin nəticəsinin ləğv edildiyini bildirib.

Konstitusiya Məhkəməsi sədrinin sualı əsasında M.Pənahov 328 məntəqədə seçki nəticəsinin ləğvinin səbəblərinə aydınlıq gətirib.

Sədr F.Abdullayev sosial şəbəkədə yayılan seçki pozuntularının MSK tərəfindən araşdırılmaya cəlb edilmə mexanizminə də aydınlıq gətirilməsini istəyib.

M.Pənahov bu suala cavab olaraq bildirib ki, MSK-da xüsusi qrup yaradılıb və seçki pozuntularını əks etdirən kadrlar araşdırmaya cəlb edilib.

Müstəqil ekspert kimi Bakı Dövlət Universitetinin müəllimi Nəsib Şükürov çıxış edib və seçki nəticələrinin təsdiqlənməsini münasib sayıb.

Dövlət Statistika Komitəsinin baş məsləhətçisi Ulduzə Həmidova mütəxəssis kimi çıxış edib və MSK-nın 25 fevral tarixli ümumi protokolunun yoxlanıldığını və onun SM-ə tam uyğun olduğunu bildirib.

F.Abdullayev beynəlxalq təşkilatların seçki ilə bağlı hesabatlarında iradların olub-olmaması ilə maraqlanıb.

M.Pənahov ATƏT müşahidə missiyasının bəzi iradlarının olduğunu və onlardan bir qismini qəbul etmədiklərini deyib.

F.Abdullayev dinləmələrin sona çatdığını elan edib.

Məhkəmə heyəti müşavirəyə çıxıb...

***

Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86–cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsvermə günündən ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını, bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiyanın 186-cı maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə fevralın 25-də Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsinin digər məruzəçi hakimi Rəfael Qvaladze çıxış edərək işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi seçki məcəlləsinin 171.3-cü, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinə uyğun olaraq, MSK tərəfindən təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun yoxlanılması üçün mütəxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müraciətlər əsasında məhkəmələrdə baxılan işlər seçkilərin ümumi nəticələrinə dair MSK-nın protokoluna heç bir təsir göstərməyib. Bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb. MSK sədri deyib ki, 2019-cu il dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər elan olunub və 2020-ci il fevralın 9-na təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim planını təsdiq edib. Avropa Şurasının Bakı ofisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilməklə, müxtəlif seçki subyektlərinin, KİV təmsilçilərinin, aşağı seçki komissiyasının üzvlərinin maarifləndirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilib. Seçkilər elan edildikdən sonra deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait yaradılıb. Seçkilər tarixində ilk dəfə namizədlərin və Azərbaycan ictimaiyyətinin seçkilərdə iştirak etmək baxımından yüksək aktivliyi müşahidə olunub.

MSK sədri qeyd edib ki, seçki bülletenlərinə 1314 namizədin adı daxil edilib. Deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi şəffaf və açıq şəkildə həyata keçirilib və iştirak etmək arzusunda olan bütün namizədlərə təşviqat və təbliğat üçün lazımi şərait yaradılıb. Bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb. Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib.

Vurğulanıb ki, Milli Məclisə keçirilən seçkiləri çoxsaylı müşahidəçilər və beynəlxalq KİV təmsilçiləri izləyiblər. Səsvermə günü seçkilərin nəticələrinə ciddi təsir edəcək hansısa xoşagəlməz hallarla bağlı MSK-ya məlumat daxil olmayıb. Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində - bütün məntəqələrin təxminən 10 faizində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar quraşdırılıb. MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər araşdırılıb və onlarla bağlı müvafiq qərarlar qəbul edilib. Daxil olan müraciətlərin şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə dörd seçki dairəsi üzrə seçkilərin nəticələri etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatlar araşdırılıb və ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. MSK, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

Fevralın 25-də MSK-nın iclası keçirilib, yekun protokol tərtib edilib və təsdiqlənib. Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Səsvermə və seçki prosesləri seçki məcəlləsinin tələbinə uyğun keçirilib. Baş verən pozuntularla bağlı MSK tərəfindən müvafiq addımlar atılıb və bu, yekun sənədlərdə əksini tapıb.

Daha sonra Məzahir Pənahov sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin rəyləri dinlənilib.

Ekspert qismində dəvət olunan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov, mütəxəssis qismində dəvət olunan Dövlət Statistika Komitəsinin Aparatının baş məsləhətçisi Ulduzə Həmidova çıxış edərək bildiriblər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş 121 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam uyğun tərtib edilib. Bu, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrini təsdiqləməyə əsas verir.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Qərara əsasən, 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2020-ci il 25 fevral tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.

скачать dle 12.1

Şərhlər