SON DƏQİQƏ
» » Bələdiyyə seçkiləri şəffaf və demokratik keçdi

Bələdiyyə seçkiləri şəffaf və demokratik keçdi

Tarix:

23-12-2019, 16:57

/ 2 359 dəfə oxundu.
Bələdiyyə seçkiləri şəffaf və demokratik keçdi

Dekabrın 23-də müstəqil Azərbaycan tarixində sayca 5-ci bələdiyyə seçkiləri keçirilib. Bu  bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edib. Seçkilərdə iştirak edən partiyaların sayı 13 olub. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır. Azərbaycanda mövcud olan 125 dairədən 7-si bu proseslərdə iştirak etmir, çünki bu dairələr Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərdə yerləşir. Ümumilikdə, səsvermə 5049 məntəqədə həyata keçirilib. Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs veriblər. Həmçinin Milli Məclisin Sədri Oqtay Əsədov bələdiyyə seçkilərində səs verib. O, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Azərbaycan Mətbuat Şurasından bildirilib ki,  bələdiyyə seçkilərini işıqlandıran jurnalistlərdən hər hansı müraciət daxil olmayıb. Məlumatda o da bildirilir ki, Şuranın (012) 441 35 30 şəhər və 050 206 96 02 mobil nömrələri bələdiyyə seçkiləri ilə əlaqədar bu gün saat 08.00-dan 19.00-dək "qaynar xətt" rejimində fəaliyyətdə olub. Məqsəd peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fəaliyyət səmərəliliyinin qorunmasına, hər hansı anlaşılmaz vəziyyətlər yarana biləcəyi təqdirdə, dərhal aradan qaldırılmasına dəstək olmaqdan ibarətdir. "Qaynar xətt" rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə qurmaq imkanı olub. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri də ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində seçkinin gedişini izləyiblər. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olublar. Bununla bağlı da hər hansı nöqsan qeydə alınmayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyasına seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmasa da, sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var. MSK sədri bildirib ki, Neftçalada 61 saylı seçki dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət ediblər: "Bununla bağlı məntəqə dairə seçki komissiyasına müraciət edilib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz araşdırma aparırıq". O, qeyd edib ki, cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda əraziyə nümayəndə göndərərək araşdırma aparılır: "Digər bir halın Bakının Sabunçu dairələrindən birində olduğu qeyd olunur. Oradan verilən məlumatlarda belə təəssürat yaradılır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verir və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu tamamilə əsası olmayan iddiadır. Çünki Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa harada yaşaması daha vacibdir. Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır".

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib ki, bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var. Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur.  O, bildirib ki, seçici fəallığının artımı bunu deməyə əsas verir ki, bələdiyyə seçkilərinə maraq artıb: "Bildiyiniz kimi, seçki prosesini yerli müşahidəçilərlə yanaşı beynəlxalq müşahidəçilər də izləyir. Seçkilər zamanı beynəlxalq müşahidəçilər seçki ilə bağlı qənaətlərini bizimlə bölüşürlər. Hələlik neqativ rəy və fikir eşitməmişik. Hesab edirəm ki, onlar sonda qənaətə gəldikləri fikirlərini də bizimlə bölüşəcəklər". MSK katibi həmçinin qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hələ ki, problem yaranmayıb: "Bununla bağlı bizə müraciət daxil olmayıb. Bütün məntəqələr məlumat oxuyan qurğu ilə təmin edilib. Hesab edirəm ki, bununla bağlı heç bir problem və ya narazılıq yaranmayacaq. Biz əvvəlcədən də elan etmişdik ki, KİV nümayəndələri seçki ilə əlaqədar müşahidə apara bilərlər, istədiyi suallara cavab tapa bilərlər. Amma bundan sui-halları var".

23 saylı Nəsimi Səbail Seçki dairəsinin 12 saylı seçki məntəqəsinin sədri Aytən Baxşıyeva bildirib ki, sözügedın seçki məntəqəsində də aktivlik müşahidə olunub. Beynəlxalq müşahidəçilərin səsvermə prosesi ilə yaxından maraqlandığını deyən məntəqə sədri şəhər saatlarından hazırkı vaxta qədər Moldova, Rumıniya, Belarus, Türkiyə və digər ölkələrdən 10-dan çox beynəlxalq müşahidəçinin məntəqəyə gələrək səsvermə prosesinin gedişatı ilə tanış olduğunu dilə gətirib: "Onlar əsasən detalları maraqlanır, seçki prosesinin şəffaf şəkildə keçirildiyini öz gözləri ilə görürlər". Səsvermədə iştirak edən seçicilər də prosesdən razılıqlarını bildiriblər. Qeyd edək ki, seçki məntəqələrində proses veb-kameralar vasitəsilə izlənilir.

24 saylı Nizami I seçki dairəsində səsvermə prosesini izləyən müşahidəçi Mübariz Zeynalov bildirib ki, səsvermə zamanı heç bir qayda pozuntusuna yol verilməyib: "24 saylı Nizami I seçki dairəsinin əhatə etdiyi məntəqələrdə səsvermə qanunvericiliyə tam uyğun qaydada keçirilir. Səhər tezdən seçicilər məntəqələrə gələrək istədikləri namizədlərə səs verirlər". O, müsahibəsində seçkilərin şəffaf keçdiyini, vətəndaşların istədikləri namizədə heç bir təzyiq olmadan səs verdiklərini qeyd edib. Bildirib ki, seçki prosesi qanunvericiliyə uyğun gedir və bu vaxtadək heç bir qayda pozuntusuna yol verilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilib. İlk bələdiyyə  seçkilərinə hazırlıq dövründə püşkatma yolu  74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılıb, bunlarında tərkibində ümuməm 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olub. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət edib. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olub. Seçki günü respublika üzrə  seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş  seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ