SON DƏQİQƏ
» » Diqqət əksikliyi sindromu - Hər il dünyada uşaqların 70 faizi hiperaktiv doğulur

Diqqət əksikliyi sindromu - Hər il dünyada uşaqların 70 faizi hiperaktiv doğulur

Tarix:

23-12-2019, 14:24

/ 1 372 dəfə oxundu.
Diqqət əksikliyi sindromu - Hər il dünyada uşaqların 70 faizi hiperaktiv doğulur

Bəzən uşaqların həddən artıq hərəkətli, səsli-küylü və eyni zamanda əsəbi, diqqətsiz olduğunun şahidi oluruq. Valideynlər bunu hər zaman uşaq şıltaqlıqları ilə izah etsə də, əslində tibb aləmində bunu uşaqlarda yaşına və inkişafına uyğun olmayan diqqətsizlik, çox hərəkətlilik ilə özünü göstərən nevroloji bir pozuntu hesab edirlər. Alimlər bu halda beyində davranışa nəzarət etməyə yardım göstərən "neyroötürücülər" adlanan kimyəvi maddələrin çatışmadığını iddia edirlər. Hiperaktivlik adlandırılan bu hal - şəxsin həddindən artıq fəallığı, davranışlarına nəzarət edə bilməməsi və uzun müddət diqqətini toplaya bilməməsi ilə bağlı bir durumu əks etdirir. Mütəxəssilər tərəfindən hiperaktivliyin 3 əsas əlaməti qeyd olunur:

1. Çoxhərəkətlilik

2. İmpulsivlik

3. Diqqət əksikliyi

Çox hərəkətlilik - həddindən artıq hərəkətlidirlər, bir yerdə dayana bilmirlər. Sakitlik istəyən fəaliyyətləri sevmirlər.

İmpulsivlik - hisslərini gizlədə bilmirlər, öz hərəkətləri barədə düşünmür, "mənfi"və "müsbət"cəhətləri müqayisə etmirlər. Düşünmədən hərəkət edirlər ki,bu da bir sıra təhlükələrə yol aça bilər. Tələskəndirlər, sıra gözləməyi sevməzlər.

Diqqət əksikliyi - diqqəti bir nöqtəyə toplaya bilmirlər, dərsləri etməkdə çətinlik çəkirlər, fikirləri asanlıqla yayınır, əşyalarını tez-tez itirirlər. Qarşısındakını dinləməmə, mövzudan yayınma kimi hallar baş verir. İşləri plansız olur.

Hiperaktivliyin 3 ağırlıq dərəcəsi var:

- 1-ci dərəcə hiperaktivliyin yalniz bir əlaməti olur, yəni uşaqda ya çoxhərəkətlilik, ya impulsivlik, ya da diqqət əksikliyi olur.

- 2-ci dərəcə hiperaktivliyin ya 2 əlaməti olur və ya 3 əlaməti olur, ancaq bu əlamətlər beyinə ləngimə vermir.

- 3-cü dərəcə hiperaktivliyin hər 3 əlaməti və paralel olaraq beyin ləngiməsi olur.

Türk Psixoterapevt həkimlərin fikrinə görə, hiperaktiv insanlar diqqət əskikliyi ilə bağlı bu kimi problemlərlə qarşılaşırlar. Detallara diqqət etməkdə çətinlik çəkir, məktəb, iş və ya digər hallarda diqqətsiz yanaşmaları problemlərə yol açır. Qarşındakını dinləmək istəmir, səbirsiz yanaşırlar. Məktəbdə ya da iş yerində verilən tapşırıqları bitirməkdə, verilən təlimatları izləməkdə çətinlik çəkirlər. Üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmirlər və  uzun zehni əmək tələb edən işlərdən yayınmaq və ya bu işlərə qarşı istəksizliklə münasibət bildirirlər. Onlar tez-tez şəxsi əşyalarını itirirlər. Diqqətin asanlıqla dağıldığı üçün günlük planlanan işləri unudurlar.

İmpulsivlik ilə bağlı qarşılaşıla bilinəcək problemlərə verilən sualları bitirmədən cavab vermək, sıra gözləməkdə çətinlik çəkmək, başqalarının işinə qarışmaq, ya da söhbəti bölmək, əyləncəyə meyillilik göstərilir.

Hiperaktivlik ilə bağlı qarşılaşıla bilinəcək problemlərə isə yerində sakit otura bilməmək, əl-ayağını tərpətmək, oturmağı lazım olan vəziyyətlərdə yerindən qalxmaq, ora-bura qaçmaq ya da narahatlıq hissi, boş zaman fəaliyyətlərini sakit səssiz etməkdə çətinlik çəkmək, davamlı hərəkət halında olmaq, çox danışmaq aid edilir.

Statistik məlumatlara görə, hər il dünyada uşaqların 70 faizi hiperaktiv doğulur. Araşdırmalar nəticəsində məlum olub ki, Problemli insanların 50 faizi məhz hiperaktiv insanlardır.

Uşaqlar kiçik yaşlarında ikən, xüsusən, 4 yaşdan əvvəl müşahidə olunan həddindən artıq hərəkətliliyin normal inkişaf xüsusiyyətlərindən ayrılması çətindir. Diqqət əskikliyi hiperaktivlik sindromu diaqnozu, əsasən, məktəb dövrünün ilk illərində qoyulur. Xəstəlik bu illərdə öz mənfi təsirlərini biruzə verir. Bu pozuntu adətən, yeniyetməliyin sonuna qədər qalıcı olur. Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan hərəkətlilik azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik isə bir çox halda ömür boyu davam edir.

Psixoloq Aidə Eyvazovanın sözlərinə görə, hiperaktiv olan uşaqlar müalicə edilmədiyi təqdirdə bu, onların bütün həyatını məhv edə bilər: "Məktəbli uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozğunluq, özünü dərslərdə iştirak çətinliyi və hərəkətlilik kimi ifadə edə bilər. Bəzən olur ki, bu uşaqlar özlərinə qapılır və ancaq öz-özləri ilə danışırlar. Belə uşaqlar vaxtında müalicə edilməzlərsə, onların gələcəyi təhlükə altında ola bilər. Diqqət əskikliyi neyrobiolojik vəziyyət olduğu üçün müalicə edilməzsə, bu xəstəliyi müşahidə edən başqa psixiatrik xəstəliklər də yarana bilər. Bu vəziyyətə qarşı düzgün tədbirlər görülməzsə, Diqqət Əskikliyi Hiperaktivlik Sindromu olan insanın özgüvəni azalar. Diqqət əskikliyi olub, lakin bunu bilməyən, müalicə almayan insanlar böyük yaşda depressiyaya girdikdə və ya hər hansı bir asılılıqdan qurtulmaq üçün həkimə müraciət etdikdə, bu vəziyyətin arxasında diqqət əskikliyinin olduğu aşkarlanır".

Psixoloq qeyd edib ki, hiperavtiklik oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir: "Hiperaktivlik diqqət əskikliyi ilə bərabər müşahidə olunduğundan bu problemi mütəxəsislər çox zaman "Diqqət əskikliyi və hiperaktiv pozuntu" (DƏHP) adlandırırlar. DƏHP olan uşaqlarla düzgün ünsiyyət qurulmasında əsas iş valideynlər və müəllimlərin üzərinə düşür. Onlara dəstək olmaq üçün öncə onları yaxşı anlamağa çalışmaq lazımdır. Onlara qısa zamanda edə biləcəyi tapşırıqlar verilməlidir. Valideynlərin övladlarının fasilələrlə dərs oxumasına önəm verməsi lazımdır. Dərs oxuduğu otaqda diqqət dağıdıcı vasitələri aradan qaldırılması gərəklidir. Diqqəti  dağıldıqda və ya hərəkətli davrandıqda ona hərəkətdə ola biləcəyi işlər verə bilərsiniz. Belə uşaqların sakit olduğu, diqqətini daha çox cəlb etməyi bacardığı işlərdə mükafatlandıra bilərsiniz. Bununla da, bir sonrakı dəfələrdə övladınızı diqqətli olmağa, sakit qalmağa həvəsləndirmiş olarsınız. Ən əhəmiyyətlisi isə övladınıza diqqətli davranmanız gərəklidir".

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ