
Günəşə baxmaqdan qorxmayan insanları, xalq əbədi olaraq "Günəşə baxan insan" adlandırır!
Yazıçılar Birliyinin "Natavan" klubunda yazıçı-publisist, kinorejissor, kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı, çoxsaylı - yəni indiyədək 70-dən artıq sənədli filmin ssenaristi və rejissoru, həmçinin, bir-birindən maraqlı Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edən 8 kitabın müəllifi Nazim Rza İsrafil oğlunun növbəti - "Günəşə baxan insan" (Biblioqrafiya) adlı 9-cu kitabının təqdimatı oldu. Bu münasibətlə dəyərli Nazim müəllimi ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
"Günəşə baxan insan", maarif və teatr xadimi, dramaturq, şair, yazıçı-publisist, xalq öyrətməni, çevirmən, "Türk Ədəmi-Mərkəziyyət-Musavat" partiyasının başçılarından biri, "Difai" partiyasının yaradılmasında Əhməd bəy Ağayevlə birgə fəal iştirak etmiş və bu partiyanın Gəncə şöbəsinin katibi, ilk nizamişünas, Bakı Dövlət universitetinin açılması ideyasını irəli sürən, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Mirzə Məhəmməd Axundzadənin (Axundovun) yaşam və yaradıcılığına işıq salır. Qeyd edim ki, Mirzə Məhəmməd Axundzadə Nazim müəllimin ana babasıdır.
P.S. Nazim müəllimin həyatı, yaradıcılığı araşdırılmasını çoxdan gözləyən əsl tədqiqat mövzudur. Onun hər bir filmi və kitabı mövzu axtarışında olan gənc araşdırmaçılara fəlsəfə doktoru, həmçinin elmlər doktoru elmi dərəcəsi almaq üçün olduqca nadir tədqiqat işi ola bilər. Qeyd edim ki, Nazim müəllimin kitabları ABŞ, Almaniya və digər ölkələrin müxtəlif universitet kitabxanalarında özünə yer alıb, xarici araşdırmaçıların faktlarla dolu olan istinad yerinə çevrilib.
Mubariz Ahmedov
Müstəqil araşdırmaçı