Maliyyə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb.
GunAz.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.
Proqnozlaşdırılır ki, 2020-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) real iqtisadi artımı 82.7 milyard manat olacaq.
Proqnoza əsasən, ölkədə ÜDM ortamüddətli dövrdə orta hesabla 3,0 faiz real artımla 2023-cü ildə 96,9 milyard manata qədər artacaq.
Qeyd edək ki, ÜDM deflyatoru növbəti iki ildə 3,0 faizə qədər artsa da, 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaq.
Ənənəvi olaraq büdcənin sosial yönümlülüyü təmin ediləcək.
Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.
Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və ortamüddətli dövrdə də davam etdiriləcək.