SON DƏQİQƏ

Rektorlar niyə bunda maraqlı deyil? – Ekspert

Tarix:

9-09-2019, 14:10

/ 1 820 dəfə oxundu.
Rektorlar niyə bunda maraqlı deyil? – Ekspert

Bu gün Bakı şəhərində, xüsusilə tədris ayları ərzində yaranmış sıxlığa səbəb kimi bir çoxları ali məktəblərin paytaxtda yerləşməsini göstərir. Hətta bu sıxlığın qarşısını almaq üçün bəzi ekspertlər təklif edir ki, universitetlər şəhər ətrafına və ya bölgələrə köçürülməli, kampus universitetlər yaradılmalıdır.

Əmlak eksperti Elnur Fərzəliyev açıqlamasında bildirmişdi ki, hətta kampus universitetlərin yaradılması üçün universitet rəhbərləri banka müraciət etsə, istənilən bank onlara bu məqsədlə kredit verməyə hazırdır.

Maraqlıdır ki, niyə universitetlər kampus şəkildə fəaliyyətə maraqlı deyil? Buna nə mane olur və universitetlər bunun üçün kredit almağa həvəslidirmi?

Mövzu ilə bağlı GunAz.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, əslində bu gün istənilən ali məktəbin gəliri kampus universitet yaratmağa imkan verir.

“Nəzərə alın ki, Azərbaycanda hər bir universitetin gəliri tələbə ödənişlərindən formalaşır. Beynəlxalq təcrübədə isə belə deyil. Xarici universitetlərin gəlirləri ödənişlərlə yanaşı, universitetlərin müxtəlif qrant layihələrdə, elmi araşdırmalarda iştirakından gəlir.

2019-cu ilin qəbul statistikasına əsasən, ölkə universitetlərinə daxil olan hər 100 tələbədən 70-i ödənişli əsaslarla təhsil alacaq. Bu, ali məktəblərin gəlirinin bu il ərzində kifayət qədər yüksək olacağı anlamına gəlir.

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunur ki, dövlət ali məktəbləri kampus şəraitinə keçməyə təşviq edir. Yəni dövlət də bunu istəyir, təklif edir. Daha dövlət universitetlər üçün kampus tikməli deyil ki! Yəni hər universitetə bunun üçün aşağı faizli kredit verilə və yaxud da faizsiz kreditlər təşkil edilə bilər. Ancaq təəssüf ki, bizim universitetlərimizin böyük əksəriyyəti bunda maraqlı deyil”.

Təhsil eksperti bildirib ki, bu gün universitet rəhbərlərinin çox az qismi universitetin inkişafı üçün müəyyən iş görür:

“Təbii ki, bura hamısı aid deyil. Bəzi universitetlərdə inkişaf gedir, ancaq bunu bütün ali məktəblərimizə aid etmək olmur.

Bir sözlə, bu gün ali məktəblərə ödənişli əsaslarla daxil olan tələbələrin ödənişləri əsasında kampus universitetlər yaratmaq mümkündür. Bunun üçün heç universitetlərin kredit götürməsinə də ehtiyac qalmaz. Kampus universitetlərin yaradılmasında universitet və rəhbərliyi maraqlı olmalıdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ