Lənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb.
Dövlət Dəniz Agentliyindən GunAz.az-a verilən məlumata görə, saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.
***
Bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
DSX-dən verilən məlumata görə, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilmişdir.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
***
İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisi heyəti xilas edildikdən sonra saat 16:22-də batıb.
***
Xəzərdə batan İran gəmisinin xilas edilən ekipajı Bakıya gətirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi tərəfindən xilas edilən "Şəbahəng” quru-yük gəmisinin 9 nəfərdən ibarət ekipajı saat 22 radələrində Bakıya çatacaq.
***
Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.
***
Bu gün Xəzərin Azərbaycan sahilində batan İran İslam Respublikasına məxsus “Şəbahəng” quru-yük gəmisinin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Gəminin batmasına ağır yük və fırtınalı hava şəraiti ilkin səbəb kimi göstərilir.
Bunu Report-a açıqlamasında gəminin heyət üzvlərinin xilas edilməsində iştirak edən Azərbaycan sərhəd gözətçi gəmisinin komandiri, üçüncü dərəcəli kapitan Nəhmət Quliyev deyib.
"Gəmi dövlət sərhədinin mühafizəsində olarkən Baş Komanda Nəzarət Mərkəzi tərəfindən gəmiyə İran İslam Respublikasına məxsus “Şəbahəng” quru-yük gəmisinin batması barədə SOS siqnalı daxil olub. Tərəfimdən dərhal hadisə yerinə - Lənkəran reydinə hərəkət edildi, İrana məxsus “Şəbahəng” gəmisinin 9 nəfərdən ibarət heyəti tam tərkibdə xilas edildi və gəmiyə gətirilərək, onlara ilkin tibbi yardım göstərildi. Fırtınalı hava şəraitinə baxmayaraq, dost, qonşu dövlətin gəmisinin şəxsi heyətini xilas etdiyim üçün özümü xoşbəxt hiss edirəm".
Gəmi kapitanı “Şəbahəng”in qəzaya uğramasına yükün ağır və havanın isə fırtınalı olmasının ilkin səbəb kimi göstərildiyini deyib:
"Həmin gəmi tamamilə batdı. Hadisə zamanı xəsarət alan olmadı. Qəzaya ilkin səbəb kimi gəmidə ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir. Heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır".