SON DƏQİQƏ

“Bunların kənd toyuğu olduğunu kim deyir?!”

Tarix:

26-07-2019, 13:44

/ 1 302 dəfə oxundu.
“Bunların kənd toyuğu olduğunu kim deyir?!”

“Kənd toyuğu” adı ilə satılan toyuqlar zəhərlənməyə səbəb ola bilər.

Bunu GunAz.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Bildirib ki, üzərində heç bir məlumat olmayan toyuqları almaq məsləhət deyil:

“İnsanlar marketlərdən kənarda, pərakəndə satış nöqtələrində satılan toyuqları “kənd toyuğu” adı ilə alırlar. Bu məhsulların üzərində heç bir məlumat qeyd olunmur. Bunların kənd toyuğu olduğunu kim deyir?! Bu toyuqlar kənd toyuğu deyil. Onlar sadəcə antisanitar şəraitdə hazırlanan məhsullardır.

Qeyri-qanuni yerlərdə, əldə satılan toyuqları almaq olmaz. Belə toyuqlar qida zəhərlənməsinə və xəstəliklərə səbəb ola bilər. Satılan məhsulun üzərində mütləq istifadə müddəti, saxlanma şəraiti qeyd olunmalıdır”.

Ekspert xatırladıb ki, Nazirlər Kabinetinin 194 saylı qərarına əsasən, əmtəə bazarında satılan bütün mallar etiketləşdirilməlidir:

“Hansı məhsulun üzərində rəsmi etiket yoxdursa, bu məhsulların bazara çıxarılması qadağandır. Həmin məhsullara rast gələn istehlakçılardan xahiş olunur ki, bu barədə aidiyyəti qurumlara müraciət etsinlər. Bu məhsullar birbaşa sağlamlığa zərərli hesab olunur”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət alüminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb. Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ