SON DƏQİQƏ

Səndən sonra nələr oldu?..

Tarix:

23-07-2019, 08:34

/ 1 655 dəfə oxundu.
Səndən sonra nələr oldu?..

 

(Esse)

 

Nə qədər çətin olsa da əbədiləşdirmək xatirinə yazmağa məcburam, Aidə balam! Səni yaşatmaq üçün var gücümlə mücadilə etdim, ancaq qələbə çala bilmədim, məni bağışla, axı sən çox mərhəmətlisən!

 

Məndən əgər soruşsalar bu dünyada nəyin qaldı?

Cəsarətlə söyləyərdim; - Görün, bir nələrim qaldı?..

- Rəvayəti dastanlara sığışmayan yarım qaldı,

Bu dünyanın özü qədər qiymətli bir varım qaldı.

Vətənimin hər yerində taptadığım tozum qaldı,

Qismətimə yazılmayan neçə qışım, yazım qaldı!

Bu dünyada yaşamağa səbri gəzdim, dözüm qaldı,

Getməyə bir cismim getdi, burda ruhum, gözüm qaldı!..

 

Adətim üzrə yazı masası arxasında oturub yazı-pozu işlərimlə məşğul idim. Qəfildən ev telefonuma zəng gəldi. Telefonun dəstəyini qaldırdım. Zəng edən həyəcanlı və sözlərini tələsik çatdırıb, əvəzində tez də cavab almaq istəyən xanım idi:

- Salam xanım, Vüqargildəndir, - deyə soruşdu.

- Bəli, buyurun, nə lazımdır, - deyə soruşdum.

- Danışan Aidənin anasıdır.

- Aidə kimdir?

- Aidə mənim qızımdır. Sizin oğlunuz Vüqar mənim qızımla görüşür, ona görə zəng etmişəm.

- Neynək, oğlan qızla görüşər də. İndi mən nə etməliyəm ki?

- Bilirsinizmi, mən Sizə demək istəyirəm ki, mənim qızımın huşunu itirmək kimi bir xəstəliyi var, ona görə də onu haçansa öz qozum-əqrəbama verəcəyəm ki, onu atmasın, saxlasın. İstədiyim odur ki, oğlunuzu ondan aralayın.

- Xanım, çox maraqlı anasınız, hər halda qız anası qızını yığışdırmağa tez nail ola bilər. Axı mən oğlumla heç o barədə danışmıram, tam məlumatsızam, inanın səmimiyyətimə, - deyib dəstəyi qapadım.

Bir an düşündüm ki, bizim adət-ənənələrimizdə heç təsadüf olunan hal deyil ki, qız anası oğlan evinə qabaqcadan qızının xəstəliyini desin, yaxud xahiş etsin ki, oğlan ondan əl çəksin. Və ikinci variant da ola bilər ki, belə bir iş var, ya o tərəfi, yaxud biz tərəfi istəməyən bir kəsdir, istəməzlikdən ara vururlar, halbuki ana olaraq hələ mən məlumatsızam.

Bir neçə saatdan sonra oğlum Vüqar işdən gəldi. Sakit tərzdə məndən heç bir səs çıxmadığını görüb soruşdu.

- Mama, bizə zəng eləyən olmamışdı?

- Olmuşdu, bir qadın. Və mən bilməyənlərlə məni məlumatlandırdı.

Mən xanımla olan söhbətləri ona danışıb, soruşdum:

- Doğrudanmı, sən Aidə adlı bir qızla görüşürsən və onun ürəkgetməsi var?

- Hə, mama, elə bir qız var, ancaq anası yalan deyir, o, xəstə deyil. Sadəcə anası onu başqasına vermək istəyir və ona xəstə adı qoyur ki, mən ondan əl çəkim. Qız məni sevir, anası isə başqasına vermək istəyir.

- Bəs onda mənə niyə heç nə deməmisən?

- Gözləyirdim ki, anası ilə məsələni həll edib, sənə konkret olaraq nəticəni danışım.

Mən oğlumdan xahiş etdim ki, qızı mənimlə tanış etsin. Əvvəl razılaşmadı, sonar isə razılığa gəldi.

Günlərin bir günü o, Aidəni mənimlə tanış etdi. İlk baxışdan xoş təəssürat bağışlayan qız ürəyimə yatdı. Ədəb-ərkanı, səmimiliyi, sadəliyi, müasirliyi və danışdığımız zamanı dünyagörüşlü, savadlı olmasını hiss etdim. Tez-tez telefonla danışmağımız da bizi yaxınlaşdırdı, doğmalaşdırdı. Lakin mən onun dərman qəbul etdiyinin şahidi olmamışdım.

Oğlum əsgərliyini çəkib, ali təhsilini də başa vurmaq üzrə idi. İşə düzəlib, kreditlə ev də götürmüşdü, lakin ev hazır deyildi. Oğlum mənə Aidəgilin ailəsiylə tanış olmağa getməyin vaxtı çatdığını dedi. Atasıyla məsləhətləşəndə, atası narazı olduğunu bildirdi. Çünki o, qız tərəfin necə bir ailə olması haqqında xəbərsiz idi. Elə mən də. Yalnız oğlumun qızın qardaşı ilə dostluğunu və ailələri haqda Vüqarın məlumatlarına, sevgisinə rəğmən mən tam razı idim. Övladlarımı hədsiz sevdiyimdən, özümə söz vermişdim ki, hər iki oğlum hansı qızı da sevsə, mən oraya elçi gedəcəm.

Belə də oldu. Oğlanlarım və bir neçə yaxınlarımla Aidəgilə tanışlıq adı ilə getdik, lakin uzunçuluqla aram olmadığı üçün əvvəlcədən aldığım nişan üzüyünü də götürdüm ki, razılıq olan kimi üzüyü də taxım. Bəli, Vüqarla Aidənin qohumlarının şahidliyi və razılığı nişan üzüyü ilə təsdiqləndi.

Günlərin bir günü Aidə mənə ağlaya-ağlaya zəng vurdu və dedi:

- Mama, mən avtobusla şəhərə gəlirdim, yıxıldım və huşumu itirdim. Təcili yardımla xəstəxanaya gətiriblər, ayılanda baxdım ki, nişan üzüyüm barmağımda yoxdur. Bu çox pis haldır, məncə bədbəxtliyin nişanəsidir?..

Onu sakitləşdirib, bədbin fikirlərə düşməməyə səslədim və dedim ki, təki itən əşya olsun. Özün ki, sağ-salamatsan, çox şükür. O, narahat olub söylədi ki, ay mama, Vüqarla mamam bilsə çox pis olacaq. Anam fikirdən xəstələnəcək, Vüqar da ki, heç bilmirəm neyləyəcək? Dedim ki, Aidə bu barədə mamana və Vüqara nə isə deyib, qanlarını qaraltma, ikilikdə həll edərik. Başqa bir üzük alarıq, taxarsan. Qoy qanqaraçılıq arada ölsün.

Belə də elədim. Aidənin öz istədiyi başqa nişan üzüyünü – əvvəlkinin eynisini aldım və taxdı. Artıq mən başa düşdüm ki, vaxtı ilə anasının söylədiyi həqiqətdir, qız xəstədir. Ancaq nə etməli? Oğlum və Aidə bir-birlərini dəlicəsinə sevirdilər. Mən çıxılmaz vəziyyətdə qalmışdım, həyat yoldaşım da bilsə, nə ilə nəticələnəcək bilmirəm? Vüqarla danışmaq qərarına gəldim. Oğlum mənə onu dəlicəsinə sevdiyini, ondan ayrılsa evdən gedəcəyini söylədi. Mən buna dözə bilməzdim. Vüqar ömrü boyu onun sağalması üçün mücadilə edəcəyini söylədi. Mən Allaha sığınıb, atasız, yoxsul, vicdanlı, çarəsiz bir qızın da həyatda xoşbəxt olması üçün əlimdən gələni əsirgəməyəcəyimə Allahıma söz verdim. Yoldaşımın narazılığına

baxmayaraq, onların toyun eləməli olduq. Evdəndilər. Artıq ildən artıq idi ki, bir ailədə yaşayırdıq. Daha da yaxınlaşıb, doğmalaşdıq. Açığını deyim ki, qayınana anlayışı mənə çatmırdı. İnsanı evinə, ailənə gətirmisənsə, artıq o doğmadır, onunla ögey davranmaq mümkün və düzgün deyil. Hər zaman düşünürdüm ki, rəhmətlik Nəsibə Zeynalovanın “qayınanası” ilə də o söz leksikonumuzdan silinsə, çox əla olar. Özümü nümunəvi qayınana kimi aparmağa çalışır və gəlinimi xoşbəxt yaşatmağa çalışırdım. Evləri hazır olan kimi köçdülər. 4-cü ilə keçirdi ki, övladları olmurdu. Nədənsə heç narahat deyildim. Düşünürdüm ki, Allahın izni ilə nə qismətdirsə, o da olacaq…

Aidənin narahatçılığına da təsəlli olaraq deyirdim ki, qızım, səni kimsə bu məsələ ilə bağlı narahat edirmi, yox! Onda gözləyək. Oğlumla Aidə qərara gəldilər ki, uşaqla bağlı İrana getsinlər. Mən onları Təbrizə apardım. Uşaqdan əvvəl öz səhhətindəki problemin vacib olduğunu deyib, onu yoxlatdıq, başında törəmə aşkarlandı. Məlum oldu ki, uşaqlıqda yıxılıb və başında törəmə olduğu halda daima onu “miqren” xəstəliyindən müalicə ediblər. Dərmanları alıb Bakıya qayıtdıq. Bir müddət müalicə aldı. Lakin Aidənin içindəki narahatlığı nəzərə alıb Gürcüstana da apardım. Həmin diaqnoz, həmin məsləhətlər, lakin əməliyyata Türkiyəni məsləhət bildilər. Bir müddət sonra rəfiqəsi, həkim Sevinc xanımla Türkiyəyə göndərdim. Orada da yoxlandı və əməliyyat məsləhət bilindi. Lakin qardaş Türkiyənin həkimləri Aidənin inamını qazana bilmədikləri üçün, onlardan imtina etdi. Yenə də üz tutduq İrana. Onların dərmanları ilə yaşamağa başladı. Tez-tez halı pis olur, qıcolmaları tutur və hər dəfə də təcili yardımla özünə qayıdırdı. Bu tutmalar onu günü-gündən zəiflədir, bədbinləşdirir və depressiyaya salırdı. Bəli, çox acınacaqlı, gərgin günlər yaşayırdıq. Ancaq bunun əksini, optimizmi, mübarizliyi ona aşılamaqla məşğul idim. Onu da bilirdim ki, insan orqanizmi möhkəm olanda, iradə və dözüm çox şeyə üstünə gələ bilir. Bütün bunları öz övladım kimi Aidəyə tövsiyə edirdim ki, ruhdan düşməsin. Özü də etiraf edirdi ki, heç kəs mənim kimi ona təsir edə bilmir. Bu həm də onun mənə inamından və etibarından idi. Onun əhvalının yaxşılaşması, həm də mənim övladımın xoşbəxtliyi idi. Axı, o Vüqarımın sevgisi idi.

Bir gün rəfiqəsi Sevinc xanım məni muştuluqladı ki, Aidə hamilədir. İlahi, mən həyatımı unutdum. Sevindim ki, bu da onun həyatında dönüş olar!?.

Hər gün onu sevindirməyə çalışırdım, kiçicik bir şeylə ki, bətnindəki nəvəmdir axı, bu ovqat uşağa da təsir edir. Hamiləliyi dava-dərman qəbul edə-edə keçirirdi. Hamiləlik də onu halsız, heysiz edirdi. Yalvarırdım ki, yaxşı yesin, qidalansın ki, bədəninin immuniteti zəifləməsin. İş elə gətirdi ki, 8 ayında keysəriyyə əməliyyatı ilə uşağı dünyaya gətirdi. Uşaq küveyzdə qalası oldu. Özü xəstəxanadan çıxdı, uşaq isə xəstəxanada qaldı.

Uşaq xəstəxanadan çıxandan sonra özünün də vəziyyəti ağır olduğundan, uşağı kimsə mütləq baxmalı idi. Anası da, mən də səfərbər olduq.

Oğlum uşağın doğum haqqında şəhadətnaməsini mənə təqdim edəndə gözlərimə inanmadım. Qızın adını Gülzar yazdırmışdılar, məndən xəbərsiz. Oğlumdan soruşanda dedi ki, mama, bu Aidənin təklifidir. Dedi ki, mən mamanın

adını yazdırmaq istəyirəm, mən də sevindim. Əlbəttə ki, sevindim və razılığımı bildirdim.

Həm xəstəliyini, həm də səmimiliyini və uşaqla çətinliyini nəzərə alıb tez-tez onlara gedir, bütün ev işlərinə kömək etməyə çalışırdım. Bu, mənə rahatlıq, ona isə narahatlıq verirdi. Deyirdi ki, mama, mən sənə qulluq etməliyəm, Allah niyə məni xəstə elədi ki, mən istədiyimi edə bilmirəm. Deyirdim ki, Aidə, xəstəlik əbədi olmur. İnşallah ki, sağalacaqsan, vallah mənə qocalanda o qədər qulluq edəcəksən ki, hamısının əvəzi çıxacaq, bax onda rahat olacaqsan, darıxma!

Aidə ilə söz-söhbətimiz, dünya görüşümüz üst-üstə düşdüyündən qayınana-gəlin münasibətləri iki dost, rəfiqə, sirdaş, ana-bala münasibətlərinə keçmişdi. Bunu bütün bizi tanıyanlar, dostlar, qohumlar, doğmalar da bilir və hər kəs özünəməxsus hisslər keçirirdilər…

Toylara, nişanlara, tədbirlərə bacardıqca az gedər, gedəndə də axıracan qala bilmirdi Aidə. Çoxları onu başa düşmür, qınayır, bəziləri də narazılıqlar edirdilər. Mən onu olduqca gözəl başa düşür və onu anlamayanlara əsəbiləşəndə sakitləşdirib, heç kəsə fikir verməməyi məsləhət bilirdim. Ona görə də ən azı gündə bir dəfə mənimlə telefonla danışar, bölüşər, mən də onu güldürməyə çalışar və bundan rahatlıq tapardım.

Bu anlaşıqlıq xoşbəxtliyi uzun sürmədi?.. Aidə arzularını da mənimlə bölüşürdü. Qızını savadlı, çoxlu bədii ədəbiyyat oxuyan görmək idi onun arzusu. Özü də çətin tapılan klassiklərimizin kitablarını arayıb-axtarırdı. Mən əski ədəbiyyatımızdan və dahilərin əsərlərindən ibarət xeyli kitab əldə edib, ona hədiyyə edəndə sevincinin həddi-hüdudu olmadı.

Dedi ki, mama, mənə dəstək olarsan, Gülüş üçün kitabxana düzəldəcəm. Ona cehiz olaraq kitabxana verəcəm, Allah qoysa! Mən də ona bu işdə kömək etməyə söz verdim.

Aidənin körpəsini dünyaya gətirəndən sonra vəziyyəti getdikcə pisləşməyə doğru gedirdi. Görmə qabiliyyəti məhdudlaşırdı. Göz həkimlərinə aparırdım, göz diblərində ciddi heç nə aşkarlanmırdı. Sən demə, zalım fələyin gərdişi yamanlıqla gəlirmiş… Ən nüfuzlu xəstəxanalarda “MRT”-lər beynində bəd xassəli şişin olduğunu təsdiqlədi. Gözləri tam tutuldu. Belə olanda Aidə dedi ki, mən kor həyatı yaşaya bilmərəm, ya əməliyyat, ya ölüm. Əməliyyata heç kəs razı olmadı. Nə həkimlər, nə də ki, qohum-qardaşlar, doğmalar. O, mənə ərklə dedi:

- Mama, mən sənə inanıram, xahiş edirəm ki, məni dəstəklə, mən əməliyyat olunum, ümid edirəm ki, əməliyyatdan çıxacam, mən güclüyəm. Doğrudur, həkimlər risk eləmir, amma mən güclüyəm!

Təəssüf ki, sənin gücün xərçəngə çatmadı, qızım! Gül üzlü, saf qəlbli, dürüst, vicdanlı və özünə dəyər verməyi bacaran bir gəlin balam dünyamızı tərk etdi. Bu itki ailəmizə ağır başa gəldi, oğlum da, özüm də uzun müddət müalicə olunduq. Sanki qol-qanadımız qırıldı. Hər an, hər saat bizimlədir sevimli Aidəm. Cismən həyatda olmasa da, hər an mənimlə yaşayır, addımlayır! İnana bilmirəm ki, yoxdur.

Ailəmizə gəlin kimi gəldi, ancaq doğma qızım kimi sevilib, qəlbimizdə daimi yuva quran, Aidə qızım, səni hər zaman qəlbimizdə yaşadacağıq.

Onun arzularını həyat keçirmək üçün yaşayır və çalışıram. Gülzar adlı bir əvəzedicisini mənə yadigar qoyan, Aidə balam, rahat uyu! Bil ki, sənin arzularını layiqincə yerinə yetirəcəyəm, axı, sən mənə inanırdın!

Sən çox xoşbəxtsən, ona görə ki, bu dünyada mənim üçün diriykən ölülər var. Ancaq sən cismən aramızda yoxsan, hər birimizin qəlbində və yanımdasan. Səni sıralarımızda hesab edirik.

Bir həqiqəti dərk etdim ki, xəstəlik insanı cismən məhv edər, mənən isə qıra bilməz. Necə ki, sən ömrümüz boyu mənən bizimləsən.!

 

Gülzar Şəmkirli,

“Qoşa Ulduz” jurnalının baş redaktoru

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ