
Ağa Musa Nağıyev – 170
“Tikmədim özüm qalam, Tikdim ki, izim qala”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Milli Dəyərlərin Qorunması” (MDQ) ictimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə Azərbaycanın məşhur milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş “Nurlu əməllərin işığında” sənədli filmin təqdimatı Beynəlxalq Mətbuat Mərkəzində baş tutdu.
Azərbaycançılıq məfkurəsinin inkişafında böyük xidmətləri olmuş məşhur milyonçu -xeyriyyəçi Ağa Musa Nağıyevin fəaliyyəti haqqında filmdə iştirak edən Millət Vəkilləri, səriştəli tarixçilər və nəslin nümayəndələrinin söylədikləri tarixdə tarixin bir daha yaradılacağına əminlik yaratdı.
Ağa Musa Nağıyev neft milyonçusu kapitalına və Bakıda 98 bina tikdirdiyinə görə, car Nikolay II onu “Neft kralı” adlandırıb. Millətin maariflənməsi işində ön sıralarda olan Ağa Musa qənaətçil olsa da, amma gənclərin savad və bilik almalarına qənaət etməzdi. Ağa Musa Nağıyev uzun illər boyu azərbaycanlı tələbələrin müxtəlif təhsil ocaqlarında bilik almaları üçün ildə 8 min rubl ayırırdı.
Həsən bəy Zərdabi Azərbaycanda xeyriyyəçilik ideyasının banisi,bu ideyanı yaşadanlardan isə ən əsasları H.Z.Tağıyev və A.M.Nağıyev olub. 1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri olan H.Z.Tağıyevin Bakı Şəhər Dumasına etdiyi müraciətinə əsasən ayrılan yerdə, Ağa Musa Nağıyev 1907-1913-cü illərdə “İsmailiyyə” binasını tikdirir və Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışlayır.
Cənubi-Qərbi Qafqaz Respublikasının xarici işlər naziri Fəxrəddin Ərdoğan «Türk ellərində xatirələrim» adlı kitabında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti ilə bağlı yazıb: “İlk iş olaraq Bakı cəmiyyəti-xeyriyyəsinə getdikvə işləri ilə tanış olduq. Burada istiqlal eşqiylə cəmiyyətlər qurulmuş, durmadan çalışırlar. Binada 50 yataqlı qonaqxana var ki, hər gələn türk yolçusu burada aylarla qalır, yemək və yataqla təmin edildiyi kimi, paltarları yuyulur və bütün bu məsrəflər Ağa Musa Nağıyevin kassasından ödənilir. Bu möhtəşəm binanı Ağa Musa Nağıyev Cəmiyyəti-Xeyriyyəyə bağışlamışdı”. Burada deyilənlərdən əlavə, daha sonra deyilir ki, “201 otaqlı bir yetimxana da vardır. Burada cəbhədən toplanan kimsəsiz cocuqlar gətirilərək saxlanılır”.
Milyonçunun nəticəsi – Dilarə xanımın qızı Könül Muxtarova çıxışında deyir: -Mən “İsmailiyyə” binasının qarşısından keçəndə bir qürur hissi keçirirəm. Ulu babamın əzəmətinin gücünü hiss edirəm. Orada bir sevgi var, təbii ki, atanın övlada olan sevgisi, onu hiss edirəm. Əyər Ağa Musanın səsi bu gün də o binalardan gəlirsə, anamın da səsi onun yazdığı kitablardan, onun buraxdığı bu irsdən gələcək inşallah. Tarixin qısa kəsiyində bizə Ağa Musa Nağıyev adını və şəxsiyyətini unutdurmağa çalışdılar. Amma əbəs yerə. Millət ona nurlu əməlləri ilə işıqlı yol göstərən şəxsiyyətləri qəlbində, ruhunda, varlığında yaşadır və yaşadacaq.
Tarixçi Hacı Həsənov deyir: Hacı Z.Tağıyev, Ş.Əsədullayev, Ağabala Quliyev və başqaları ilə birlikdə Ağa Musa Nağıyev XIX əsrin axırlarından və XX əsrin əvvəllərində Azərbaycan milli burjuaziyasının təşəkkülündə müstəsna rolu olmuş şəxsiyyətlərdəndir. Əgər Azərbaycanda qız məktəbi açılmasaydı, o zaman azərbaycanlı ,ziyalı xanımlarımız yetişə bilərdimi? Ağa Musa Nağıyevin sərf etdiyi milyonlar olmasaydı, mədəniyyətimizin inkişafı o cür ola bilərdimi? Ağa Musa Nağıyev “İsmailiyyə” binasını tikdirməsəydi, indi biz Bakı memarlıq incisi sayılan belə bir binanın sahibi ola bilərdikmi? Əsla!
Filmdə Millət Vəkillərinin söylədikləri bir həqiqətdir:
- O dövrün və bu dövrün şərtləri tam fərqlidir. Biz indi müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq, amma onlar çar Rusiyasının təzyiqi altında olub. Bakıda vəziyyət çox da asan deyildi, maraqlı qüvvələr çox idi. Hətta qazanc məqsədi güdərək,bəzən onlar qaçırılırdı. Azərbaycanlılara qarşı xüsusi təzyiqlər var idi. Bütün bunların fonunda neft sahibkarları, xeyriyyəçilər böyük işlər görürdülər.
“İsmailiyyə” - İlk Xeyriyyə Cəmiyyəti müsəlmanların hüquqlarını, azərbaycanlıların hüquqlarını müdafiə edir və onların hüquqlarını müdafiə edən mətbuata, tutulan layihələrə, ziyalılara dəstək verirdi. Bu bina bütövlükdə özünün xarici əzəməti ilə bərabər mahiyyətində də çox böyük işlərə ev sahibliyi etmişdir.
Dilarə xanım çıxışında qeyd etdiyi kimi keşmə-keşli həyatdan çıxan, varidatını qəpik-qəpiyə toplayan, xalqının pis və gözəl tərəflərini başa düşən adamlar ictimai düşüncə və dünyagörüşü baxımından qısa müddət ərzində çox böyük mütəfəkkirə çevrilirdilər. Xalqının arzu və istəklərini, tələbatını başa düşən, qazancının bir hissəsini xalqa sərf etməyin vacib olduğunu başa düşən böyük şəxsiyyətlərə çevrilmişdilər. Və bu baxımdan babam Ağa Musa Nağıyevi böyük şəxsiyyətdir, desəm yanılmaram.
İstiqlalçı, cümhuriyyətçi, əsl Azərbaycan türkü. Millətinin övladı. Ağa Musa Nağıyev bu idi. Bu, onun dünyası, onun ruhu idi.
Sonda filmdə çəkilən və fikirlərini bölüşdürən MV- Qənirə Paşayeva, Elman Nəsirov, Musa Quliyev və Rəfael Hüseynov, eləcə də AMEA-nın Tarix İnstitutunun dosenti Hacı Həsənov və Ədəbiyyat İnst. Elmi işçisi Nəzakət Qafqazlı “MDQ” Təşkilatının təsis etdiyi “AĞAMUSA ZİRVƏSİ” Diplomları ilə təltif edildilər.
Qeyd: Dilarə xanım Ağa Musa Nağıyevin nəvəsi olaraq 27 ildir ki, babasının fəaliyyətinin təqdidatı ilə məşğul olur. Yazıçı- publisist Dilarə Ağamusa 7 kitab müəllifidir. “A.M.Nağıyevin sahibkarlıq,ictimai fəaliyyəti və xeyriyyəçiliyi ” mövzusunda dissertasiya müdafiə etmişdir.
Çıxışlarının sonunda məni heyran edən bir səs – xanəndə Sevinc Sarıyevanın “Tikmədim özüm qalam, tikdim ki, izim qala” bir parça ifası oldu. Doğrudan da hər bir insan gördüyü əməllərlə yaddaşlarda qalır və bu gün də qoyub getdiyi əməllərlə yaşayır.
Rəsmiyyə Heybətağaqızı