SON DƏQİQƏ
» » Gənclər arasında vətənpərvərlik ideyasının aşılanması

Gənclər arasında vətənpərvərlik ideyasının aşılanması

Tarix:

28-06-2019, 14:09

/ 1 058 dəfə oxundu.
Gənclər arasında vətənpərvərlik ideyasının aşılanması

Bu işə ailədə və orta məktəbdə start verilməlidir

Doğma vətənimiz olan  Azərbaycan hər bir vətəndaş üçün  müqəddəs səcdəgah, pənah yeridir. Etiraf edilməlidir ki, dünyada ən böyük qəhrəmanlıqlar da məhz canımızdan artıq sevdiyimiz Azərbaycan naminə edilib. Elə bu səbəbdən də görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu Vətən. Sirr deyil ki, ölkə vətəndaşlarının, xüsusən də gənclərin Vətən yolunda canlarından keçmələrində vətənpərvərlik tərbiyəsi xüsusi rol oynayır. Keçmiş döyüşçü Nofəl Abbasov deyir ki,  "Vətən" məfhumu dövrlə, tarixi şəraitlə əlaqədar olaraq dəyişir, daha geniş məzmun kəsb edir. Dünyada hər şey kiçilər, amma Vətən kiçilməz.  Hər şeydən keçmək olar, Vətəndən keçmək olmaz. Əslində Vətənlə bağlı hissləri, düşündüklərimizi ifadə etmək heç də asan deyil. Yəni, Vətən bizim hisslərimizdən, düşündüklərimizdən də qat-qat yüksəkdədir. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır. Onun sözlərinə görə, gənc nəsildə vətənpərvərlik tərbiyəsinin aşılanması ailədən və məktəbdən başlanmalıdır: "Bir çoxları üçün təəccüblü görünən "uşağın tərbiyəsi ana bətnindən başlamalıdır" məsəli təsadüfən deyilməyib. Bəli, uşaq ilk olaraq göz açdığı ailədə tərbiyə alır. Düzgün tərbiyələndirməklə, yaxşı keyfiyyətləri öyrətməklə yanaşı, vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərlərimizə sadiqlik hissi uşağa kiçik yaşlarından, ilk növbədə ailədə aşılanmalıdır. Məşhur rus pedaqoqu Uşinski yazırdı: "Uşaqlara tərbiyə Vətən məhəbbətindən başlamalıdır. Mənsub olduğu vətəni, xalqı, onun dilini sevdirmək tərbiyənin başlanğıcıdır". N.Abbasov hesab edir ki, bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda mütləq Vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq da respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: "Məlum məsələdir ki, Azərbaycan gəncləri ordunun əsas şəxsi heyətini təşkil edir. Bu heyət vətənpərvər olduqda ordunun gücünə, onun məğlubedilməz olmasına şübhə yaranmır. Heç şübhəsiz ki, Azərbaycan Ordusunun  adının dünyanın ən güclü ordular sırasında çəkilməsi gənclərin vətənpərvərlik hissinin artmasında əhəmiyyətli rol oynayır.  Ötən il oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş mərasimdə  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışı zamanı son 25 illik zaman ərzində ölkəmizin qazandığı uğurlara, həmçinin ordu quruculuğunda qazanılan nailiyyətlərə diqqət yetirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, biz ordu quruculuğu istiqamətində böyük addımlar atmışıq: "Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik..."

Yaşadığımız müstəqillik dönəminə nəzər yetirəndə çox da böyük olmayan bir zamanda - 26 illik bir dövrdə müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün bütün sahələrdə xeyli işlər görüldüyünə əmin oluruq. Artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də obyektiv mövqedən çıxış edərək Azərbaycanın ötən dövrdə ordu quruculuğunda da mühüm uğurlara imza atdığını etiraf edirlər. Əgər 2016-cı ilin Aprel döyüşləri düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdisə, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi: "Bu isə ona dəlalət edir ki, artıq Azərbaycanda peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik bir ordu  formalaşıb. Məhz bu amil gənclərin vətənpərvərlik hissinin artmasına təkan verir. Vaxtilə bir sıra Azərbaycan gənci orduda xidmət etməkdən ən müxtəlif vasitələrlə yayınırdı. İndi isə hər bir Azərbaycan gənci orduda xidmət etməkdən qürur duyur. Bunu özünün şərəf borcu hesab edir. Əslində hər bir  gənc bilməlidir ki, Azərbaycan torpağı müqəddəs torpaqdır.  Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu etmişdir. Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar xeyiri şərdən, ağı qaradan ayıra bilsinlər. Gənclərimiz anlamalıdır ki, Vətən yolunda şəhidlik əsl vətəndaşlığın ən ali zirvəsidir; bütün zirvələrdən yüksəkdə duran ilahi bir  zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir  zirvədir". Onun sözlərinə görə, sözün əsil mənasında son bir neçə ildə Ali Baş Komandanın rəhbərliyi ilə hərbi hissələrimizdə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verib: "Bu gün Azərbaycan Ordusunun adı güclü ordular sırasında çəkilir. Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. Təsadüfi deyilməyib ki, iqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Son illər Müdafiə Nazirliyində çox dəyərli bir ənənə formalaşıb. Nazirliyin rəhbərliyi mütəmadi olaraq bayram günlərini ön xətdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə birgə keçirir. Nazir əsgərlə bir süfrədə əyləşir, əsgərlə duz-çörək kəsir. Bu, adi bir hadisə deyil, şəxsi heyətin ruh yüksəkliyində belə tədbirlərin əhəmiyyəti böyükdür. Döyüş növbətçiliyində dayanan əsgərlərlə nazirin səmimi söhbəti, şübhəsiz, şəxsi heyətə güclü inam və etibar hissi aşılayır. Bu isə gənclər arasında vətənpərvərlik ideyasının aşılanmasında əhəmiyyətli amil hesab olunur".

Alim

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ