SON DƏQİQƏ
» » Vətənpərvərlik insanın daxilində olan bir hissdir

Vətənpərvərlik insanın daxilində olan bir hissdir

Tarix:

7-06-2019, 20:10

/ 1 299 dəfə oxundu.
Vətənpərvərlik insanın daxilində olan bir hissdir

Bu hiss olmasa, nə Vətəni, nə torpağı, nə də valideyni sevmək mümkün deyil

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rövşən Qasımov qeyd edib ki, hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlərlə sübut etməlidir: "Bütün sevgilərin əzəli, bünövrəsi Vətən sevgisi, insanlığa, haqqa, ədalətə və sülhə olan sevgidir. Bu sevgi qanlarına hopmuş insanlar üçün öz şəxsi arzuları ikinci dərəcəli olur. Onlar öz sevdiklərinə qovuşmaq həsrətilə qovrulsalar da, xalqının, millətinin, Vətəninin rifahı onlar üçün hər şeydən irəlidə olur. Tarixdən düzgün nəticə çıxara bilməyən millət isə tənəzzülə uğraya bilər. Hər kəs öz işində məsuliyyətli olarsa, cəmiyyətin həyatında neqativ hallar da azalar. Fani dünya heç kimə qalmayıb, heç bundan sonra da qalmayacağı dəqiqdir. Bu dünyada qalan insanın əməlləridi. Müdriklərimiz deyib ki, iki cür əməl var, bir insanlara qarşı əməlindi, bir də Vətən qarşısında əməlindi. Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu torpağa nə qədər dərin köklərlə bağlansan, bu torpaq üzərində yaşayanlar da səni unutmayacaq. Bu həyatda isə istənilən məsələni çox asanlıqla həll etmək mümkündür. Ən önəmli olan tərəf isə ondan ibarətdir ki, bütün məsuliyyətlərin və zəhmətlərin fövqündə bir müqəddəs ad yaşamalıdır. Mən deyərdim ki, bu ad bizim üçün dünyanın ətrafında fırlandığı orbit olmalı, kimliyindən asılı omayaraq, hər birimizin ruhunda yaşamalı və hər kəs də onu yaşatmalı, qorumalı və inkişaf etdirməlidir. Bu ad Azərbaycandır. Gəlin, bu adın qarşısındakı məsuliyyətin bütün məsuliyyətlərdən yüksəkdə dayandığını dərk edən və hər addımında məhz bu əqidəyə xidmət edən vətənpərvər Azərbaycanlı kimi yetişməyə çalışaq!"

Onun sözlərinə görə,  insan bir zaman yurdundan-yuvasından ayrı düşə bilər. Dünyanın hansısa nöqtəsində şad-xürrəm, bütün nemətlərdən dadaraq gün keçirə bilər. Ancaq bu hal bir müddət davam edər, həmin insanın ürəyində keçmişlə bağlı xatirələr baş qaldırar, həsrət ürəyini göynədər, özünü insanlar içində yad, şəhərlər içində qərib hiss edər. Və elə o zaman hansısa qüvvə onu geri, doğulub boya-başa çatdığı torpaqlara çəkər, bu qüvvə get-gedə qarşısıalınmaz gücə çevrilər, bu gücün qarşısında dünyanın bütün naz-nemətləri gözdən düşər. Həmin insan hər şeyi buraxıb öz yurduna qayıdar, bu dünyadan gedənlərinin məzarını ziyarət edər, doğmalarına baş çəkər, ağsaqqalının əlindən, gəncinin üzündən öpər. Hiss edər ki, o, yenidən yaşayır, çünki o, Vətənə qayıdıb, illər uzunu həsrətində olduğu Vətənə".

R.Qasımov əlavə edib ki, milli mənlik şüuru, milli özünüdərk vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş hər bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir: "Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara: milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni, ulularımızın müqəddəs məbədidir. Beləliklə, vətənpərvərlik Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik insanın daxilində olan bir hissdir. Bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə Vətənini, nə torpağını, nə də valideynlərini sevə bilərsən. "Vətənpərvərəm" deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlər ilə sübut etməlidir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, onu da müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə, milli mənlik şüurunun möhkəmlənmə-sinə yönəltmək lazımdır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, Vətəni qorumağa çağırır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır".Onun sözlərinə görə, əsl vətənpərvər Vətənin gələcəyi naminə çalışan, Vətənin mənafeyini şəxsi mənafeyindən çox-çox yüksəkdə tutan, dar gündə əldə silah sərhədlərimizin keşiyini çəkmək üçün yollanmağa hazır olan insandır: "Əsl vətənpərvər şagirdlərini öyrətməklə bərabər, həm də özü öyrənən müəllimdir, əsl vətənpərvər yalnız fəaliyyət göstərdiyi sahəyə xeyir gətirməyi düşünən mühəndisdir, tədqiqatları ilə elmə yenilik gətirən alimdir, xalqın mənafeyini hər şeydən uca tutan siyasətçidir. Bir sözlə, əsl vətənpərvər əsl vətəndaşdır! Bu gün Vətənimizin gələcək taleyi əsl vətənpərvərlərin əlindədi. Bu haqq, bu ixtiyar Tanrı iradəsi, Tanrı istəyidi. Gün gələcək ki, bu Vətən öz fədailərinin sayəsində bütövləşəcək, işğal altındakı torpaqlarımız işğaldan azad olunacaq".

Alim

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ