SON DƏQİQƏ
» » Respublika Gənclər Kitabxanasında nələr baş verir?

Respublika Gənclər Kitabxanasında nələr baş verir?

Tarix:

7-06-2019, 19:53

/ 3 278 dəfə oxundu.
Respublika Gənclər Kitabxanasında nələr baş verir?

 

“Respublika” qəzetində işlədiyim 10 il ərzində Respublika Gənclər Kitabxanasında keçirilmiş və bir-birindən maraqlı, vətənpərvər mövzulu tədbirlər, treninqlər, konfranslar barəsində yüzlərlə məqalələrim, tədbir yazılarım çap olunub. Uzun illər bu qabaqcıl kitabxanaya təcrübəli kitabxanaçı Tahir Sadıqov rəhbərlik edib. Təmənnasız olaraq keçirilən tədbirlər yüksək səviyyədə həyata keçirilib. Tahir müəllim kitabxanada keçirilən tədbirlər barədə üç kitab tərtib edərək oxucuların ixtiyarına vermişdir.
Tahir Sadıqov 1986-cı ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirdikdən sonra Nizami rayon MKS-də direktor, 1994-cü ildən 2018-ci ilin may ayının 30-na qədər 24 il fasiləsiz və qüsursuz olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına rəhbərlik etmiş və kitabxananın 90 illik fəaliyyəti ilə əlaqədar dissertasiya yazmış, Beynəlxalq konfranslarda Azərbaycan mədəniyyətini şərəflə təmsil etmiş, Azərbaycan həqiqətlərini dünyaya yayan bir mütəxəssisə qarşı gözlənilmədən çıxarılmış ədalətsiz qərar çox ziyalılarımızı məyus etdi.
Belə ki, Tahir Sadıqov kimi mütəxəssis mədəni formada işdən uzaqlaşdırılmışdır. Səbəb isə Mədəniyyət və Turizm Nazirliyinin adının dəyişdirilməsi ilə əlaqədar məntiqsiz bir qərarla Tahir müəllim işdən kənarlaşdırılmışdır.
Tahir Sadıqov Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinə həsr etdiyi “Şəxsiyyət və zaman” kitabının, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinə həsr edilmiş “Humanizm və xeyirxahlıq missiyası” kitablarının təqdimat mərasimlərini ilk dəfə kitabxanada yüksək səviyyədə keçirmiş və yüzlərlə vətənpərvər mövzulu tədbirlərin təşkilatçısıdır. Ona qarşı haqsızlığı eşidib Tahir Sadıqovla görüşdük və təcrübəli kitabxanaçı dedi:
- Prezident İlham Əliyevin 20 aprel 2018-ci il “Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamından sonra Mədəniyyət və Turizm Nazirliyinə dəvət olundum. Tələb olundu ki, cənab Prezidentin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi ləğv olunduğundan tutduğum vəzifədən öz xahişimlə azad olunmağım və nazirlik formalaşandan sonra yenidən işimə bərpa olunacağımı deyib, 3 ərizə yazmağımı bildirib yeni təyinatı gözləyin dedilər. Lakin 30 may 2018-ci ildə nazirlikdən bildirdilər ki, tutduğunuz vəzifədən azad edilmisiniz. Əvvəla, nazirliyin strukturu dəyişirsə, bunun kitabxanalara nə aidiyyatı var? Yox əgər belədirsə, onda niyə nazirliyin tabeliyində olan 80-nə yaxın kitabxana rəhbərliyindən ərizə alınmadı. Nəticə məlum oldu ki, mənim kitabxana sahəsində 31 il qüsursuz işimi və bu sahədə xidmətlərimi nəzərə almayaraq mənim 24 il yaratdığım kitabxanaya kitabxana sahəsində heç bir səmərəli fəaliyyəti olmayan, idarəçiliyi bilməyən Oruc Quliyev 2018-ci ilin iyun ayından Respublika Gənclər Kitabxanasına direktor təyin edildi. 24 il direktoru olduğum kitabxananın 90 illiyinə hazırlaşdığımız bir ərəfədə məni təcili işdən uzaqlaşdırmaqla cəmi 4 ay direktor işləmiş Oruc Quliyevi Mədəniyyət Nazirliyinin təqdimatı əsasında “Tərəqqi” medalı ilə təltif edilməsi çoxlarını təəccübləndirdi. Onu da qeyd edim ki, Oruc Quliyev uzun illər Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik etdiyi dövrdə kitabxanada dərzixana, rəqs qrupu, obyekt, ev alqı-satqısı, ofis yaradaraq bu gün də həmin kitabxana adı altında biznes mərkəzini idarə edir. Həmin kitabxananın fotolarını da təqdim edirik. Görün bu nə deməkdir? 
Oruc Quliyev öz müavinini Xətai rayon MKS-nə direktor təyin etdirərək bu gün də biznes fəaliyyətini və Respublika Gənclər Kitabxananı idarə edir.
Bu şəraiti ona Mədəniyyət Nazirliyi yaratmışdır.
Respublika Gənclər Kitabxanasında innovativ proseslərdən anlayışı olmayan Oruc Quliyev mənim keçirtdiyim tədbirləri və digər uğurlu nailiyyətlərimi həzm etməyərək kitabxananın saytından hamısını qərəzkarlıqla, paxıllıqla sildirmişdir. Hansı ki, bu kitabxanada görkəmli alimlərin, incəsənət xadimlərinin, şair və yazıçılarının, tarixi şəxsiyyətlərinin fəaliyyətinə həsr edilmiş tədbirlər, barəsində məlumatları, arxiv və sənədlərini, fotoları kitabxana saytından arxayınlıqla sildirilmişdir. Bu xeyirxahlığı erməni xislətli insanlar edə bilər. 
Tutaq ki, mən işdən çıxarılmışam. Axı tariximizi niyə məhv etməliyik? 
Təzə direktorun işlədiyi qısa müddət ərzində işçilərə hədə-qorxu gələrək “mənim güclü arxam var, kimi istəsəm işdən qovacağam” deyərək uzun illər vicdanla işləmiş, kitabxanada saç ağartmış, peşəkar işçilərin işdən getməsinə maksimum çalışmış və buna nail olmuşdur. Çünki yeni işçilərin işə götürülməsi Oruc Quliyevin marağını təmin edir. Peşəkar və təcrübəli işçilər təzə direktorun kobud, tədqiramiz hərəkətlərinə dözməyərək işdən çıxmağa məcbur olunurlar. Oruc Quliyevin çıxartdığı peşəkar mütəxəssislərin yerinə işə götürdüyü 14 nəfərin birinin də, nə ali və nə də orta kitabxana ixtisası yoxdur. Kitabxana sahəsini bilməyən, ixtisasca dizaynerı, gözəllik salonunun işçisini birbaşa xarici xidmət şöbəsinin müdiri təyin edən Oruc Quliyev Gənclər Kitabxanasında kadr potensialını məhv edir”.
Burda necə deyərlər, pişiyin quyruğu görsənir. Belə ki, peşəkar mütəxəssis Tahir Sadıqovu işdən təcili uzaqlaşdırıb, nəyə görəsə Oruc Quliyevi direktor təyin etməklə onu “Tərəqqi” medalına təqdim edənlər nə məqsəd güdərək qərəzkarlığa yol vermişlər? 
Cənab nazir Əbülfəs Qarayev çıxışlarında dəfələrlə vurğulayır ki, heç kim narahat olmasın, heç kim işçiz qalmayacaq, hamı işlə təmin olunacaqdır. 
Səbəb nədir ki, Tahir Sadıqov ədalətsiz qərarla işdən çıxarılaraq pensiya yaşına çatmasa da, haqsız olaraq bir il işsiz qalmışdır?
Redaksiyamıza ünvanlanan şikayət ərizələrində o da bildirilir ki, rayonlarda kütləvi surətdə mədəniyyət ocaqlarının, kitabxanaların, klubların, musiqi məktəblərinin ləğv olunması nəticəsində bölgələrdə işsizlik ordusu yaratmaq hansı məntiqə sığır?
Ən az əmək haqqı alan, tozlu arxivlərdə saç ağardan insanlara bu qədər biganəlik olarmı?
Məşğulluq proqramına beləmi əməl olunur?
Ümid edirik ki, bu məsələ Mədəniyyət Nazirliyində öz müsbət həllini tapacaq və Tahir Sadıqov öz işinə bərpa olunacaqdır.

Mövzuya bir də qayıdacağıq və qarşı tərəfin də cavabını gözləyirik.

Rauf İlyasoğlu, 
Şair-jurnalist, 
Gunaz.az  saytının redaktoru

Respublika Gənclər Kitabxanasında nələr baş verir?

 

Şəkildə gördüyünüz kimi Oruc Quliyev Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini biznes mərkəzinə çevirmişdir

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ