SON DƏQİQƏ
» » Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb

Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb

Tarix:

24-05-2019, 16:10

/ 1 271 dəfə oxundu.
Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Pekində keçirilən “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak edib.

AMEA-dan GunAz.az-a bildirilib ki, akademik Akif Əlizadə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrliyi ilə keçirilən konfransın ziyafət və açılış mərasimlərində, həmçinin ölkənin müvafiq nazirlərinin və dəvət olunmuş yüksəkrütbəli qonaqların iştirakı ilə keçirilən müzakirələrdə iştirak edib.

Bundan başqa, alim “Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcəyin cəmiyyəti” adlı forumda “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə zəngin sivilizasiyaların beşiyi olan Asiyanın tarixi, onun dünya üzrə mədəni dəyərlərin yaradılmasında yeri və rolu, eləcə də çağdaş dövrümüzdə Asiya ölkələrinin inkişaf tendensiyalarına toxunulub.

Qeyd olunub ki, dünya iqtisadiyyatında Asiyanın xüsusi çəkisinin tədricən artması müasir dövrdə əsas trendə çevrilib. Tarixən Asiyada iki əsas lider dövlət Çin və Hindistan idisə, bu gün Yaponiya, Koreya Respublikası, Tailand, Pakistan və digər ölkələr dünya iqtisadiyyatına ciddi təsir edən ölkələrdir.

Bildirilib ki, müasirləşmə kompleks, hərtərəfli hadisədir və yalnız iqtisadi münasibətlərlə məhdudlaşdırılmır. Tədqiqatçıların fikrincə, Asiya ölkələri öz iqtisadi, siyasi və ictimai-mədəni inkişafının parametrlərinə görə hər zaman Qərb modelindən fərqlənib. Buraya zəhmətsevərlik, nizam-intizam, nüfuzlu hakimiyyət, ailə dəyərləri və s. aid etmək olar.

Məruzədə, həmçinin Asiyanın əsas ölkələrindən olan Azərbaycanın tarixi təcrübəsinə də toxunulub. Qeyd olunub ki, insan potensialına görə dünya xəritəsində mühüm yeri olan Azərbaycan kiçik ölkələr kateqoriyasına daxil olsa da, vacib bir missiyanı yerinə yetirir. Ölkə Avropa və Asiya, eləcə də Avrasiya və Yaxın Şərq arasında körpü rolunu oynayaraq xüsusi əhəmiyyətli coğrafi mövqeyini hər zaman qoruyub saxlayır.

Konfransda idarəçilik mübadiləsi, sivilizasiyanın müxtəlifliyinin mühafizəsi, mədəniyyət turizmi və insan mübadiləsi, Asiyanın sivilizasiyasının irsi və inkişafında gənclərin rolu, Asiya sivilizasiyasının qlobal təsiri, qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcək mövzuları üzrə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayədarlığı və iştirakı ilə təşkil edilən konfransa müxtəlif ölkələrdən 1000-dən çox iştirakçı qatılıb.

скачать dle 12.1

Şərhlər